Şuşa teatrında Xocalı

 

Bəşər tarixinin vəhşilik aktı kimi tanımalı olduğu Xocalı soyqırımının 28-ci ildönümü də arxada qaldı. Bir daha qəlbimizin ən dərinliyində kök salan, bizi illərdir viran şəhərin, qətl edilən insanların, məhv olunan talelərin əzabları ilə baş-başa qoyan milli ağrımıza yenidən sovrulduq...

 

Hiss-həyəcanların ən təsirli ifadə dili olan sənət Xocalı fəryadımızı da ifadə etməyə çalışdı. Bu dəfə Xocalıdan iki ay yarım sonra işğal edilmiş daha bir şəhərimizin – Şuşanın didərgin teatr truppasının təqdimatında. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Xocalı kədərini göz yaşına, fəryada bələyərək tamaşaçıya çatdırmağa çalışdılar.

 

Yaradıcı heyətin “Xocalı” adlı ədəbi-bədii kompozisiyası bu ağrını daxili dünyasından keçirib təsirli poeziya nümunələrinə çevirən şairlərin əsərlərindən parçalarla ərsəyə gəlmişdi. Əsas etibarilə mərhum Xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeiri üzərində səhnələşdirilən kompozisiya aktyorların emosional ifaları sayəsində təsirli alınmışdı. Səhnənin mərkəzindəki video-instalyasiyalar, hər iki tərəfdəki iri plakatlar, Xocalıdan qaçaraq meşədə dağılan şəhərlərinə, ölən yaxınlarına ağlayan sakinlərin ağısı, kol-kosa sarılan qara örpəklər, korun-korun yanan ocaq, uğuldayan külək, dondurucu soyuqda sağ qalmağa çalışan adam, ölmüş körpəsini sinəsinə sıxan ana bizi bir anlıq o məşum gecəyə apara bildi.

 

Kompozisiyanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır. Poetik nümunələrində Qarabağı, Xocalını, işğalı, müharibəni və itirilən torpaqların verdiyi iztirabı leytmotivə çevirən şairlərin, taleyinə köçkünlük yazılan, yurd itkisi hisslərini sözlərinə köçürən Zərəngiz Mansurova, Nazir Rüstəm, Şükufə Musayeva və Xanirə İsgəndərovanın şeirləri səsləndi.

 

Qara Qarayevin, Hacı Xanməmmədovun, Faiq Sücəddinovun, Polad  Bülbüloğlunun əsərləri, həmçinin Azərbaycanın xalq musiqiləri və muğamlardan parçalarla edilən musiqili keçidlər səhnə nümunəsinin dərd-kədər notunu daha da artırırdı. Bayatı, ağı nümunələrinin səhnədə, tarın müşayiəti ilə canlı ifası da təsirli idi. Burada aktyor oyununu, xüsusən Xalq artisti Şükufə Musayeva, aktyorlar Mirqabil Əkbərov və Nihad Heybətovun təsirli, emosional yüklü ifalarını qeyd etməliyik.

 

Qeyd edək ki, kompozisiya ilə yanaşı teatrın foyesində Xocalının, ümumilikdə müharibənin rəssam fırçasına köçən təsvirləri də nümayiş olunurdu. 100-ə yaxın rəsm əsərinin yer aldığı sərgi seyrçilər tərəfindən maraqla qarşılandı.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.4.