Milli Kitabxanada
Xocalı haqqında nəşrlərin təqdimatı
Fevralın 25-də Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açıldı. Tədbirdə həmçinin Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər”, Meyxoş Abdullahın rus dilində nəşr olunmuş “Əsir qadın” (“Ïëåííèöà”) kitablarının, “Xocalı soyqırımı” elektron məlumat bazasının təqdimatı keçirildi.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Xocalı faciəsi haqqında söz açdı. Bildirdi ki, 28 il öncə baş verən faciənin qurbanları ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən dərin ürək ağrısı ilə yad edilir.
Kərim Tahirov qeyd etdi ki, Xocalıda törədilənlər təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq əleyhinə cinayətdir. Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası bu faciənin dünyada soyqırımı kimi tanınmasında mühüm rol oynayır.
Bildirildi ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitab nəşr edilib. Yerli və xarici dövri mətbuat səhifələrində məqalələr dərc olunub. Bu gün təqdim olunan “Əsir qadın” romanı da Qarabağ dərdini ifadə etmək baxımından əhəmiyyətli əsərdir. Bundan sonra da Xocalı haqqında kitablar yazılmalı, xalqımızın başına gətirilən müsibətlər daha geniş təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidir.
Müəllif Meyxoş Abdullah çıxış edərək roman haqqında məlumat verdi. Bildirdi ki, əsər əsasən real hadisələri əhatə edir. Xocalıda baş verən hadisələr hər bir azərbaycanlının faciəsidir.
Nəşr haqqında danışan kitabın tərcüməçisi Təranə Məmməd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün “Əsir qadın” əsərinin dəyərli bədii nümunə olduğunu dedi.
Digər çıxış edənlər də Xocalı soyqırımını XX əsrin ən amansız cinayəti, ən qəddar terror aktı kimi səciyyələndirdilər.
Sonra tədbir iştirakçıları Xocalı faciəsi ilə bağlı müxtəlif dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materiallarının, fotoşəkillərin yer aldığı sərgiyə baxdılar.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2020.- 28 fevral.- S.5.