“Xocalı – bu olub

 

Səhnə əsəri məcburi köçkünlər üçün nümayiş olunub

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olaraq “Xocalı – bu olub” tamaşası göstərilib.

 

Azərbaycan Dövlət Pantomima Teatrının hazırladığı tamaşanın nümayişindən əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən, xalqımıza qarşı törədilən amansız cinayətlərdən söz açıb, bu cinayətlərin cəzasız qalmayacağına, Xocalıda soyqırımı törədənlərin ədalət mühakiməsi qarşısında cavab verəcəklərinə əminliyini ifadə edib. Qeyd olunub ki, müstəqil və güclü Azərbaycan dövləti işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməyə qadirdirbunu mütləq edəcəkdir.

 

Rövşən Rzayev Azərbaycan həqiqətlərinin incəsənətin dili ilə dünyaya çatdırılmasının vacibliyinə toxunub, Pantomima teatrının yaradıcılıq təşəbbüsünü yüksək qiymətləndirib.

 

Sonra səhnə əsəri nümayiş olunub. Tamaşaçılar 1992-ci il fevralın 26-da erməni işğalçılarının Xocalıda əhaliyə qarşı həyata keçirdikləri soyqırımının pantomima estetikasında təcəssümünü, aktyorların məharətli oyununu dərin kədər hissi ilə izləyiblər.

 

Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədovadır. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev canlandırır.

 

Qeyd edək ki, “Xocalı – bu olub” tamaşası ilk dəfə ötən il fevralın 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədilə təşkil edilib.

 

LALƏ

 

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.5.