Sənəti ona güc verirdi
Sənətin zirvəsinə gedən yol heç də hamar deyil. Bu yolun ilk pilləsinə qədəm qoyan sənət sahibləri onun çətinliyini, mahiyyətini gözəl bilir, ömürlərini necə bir məsuliyyətli işə həsr etdiklərinin fərqinə varırlar. Bununla belə, sənətin fövqündə durmağı özlərinə bir vətəndaş, məslək borcu bilirlər. Xalq artisti, sevimli aktrisamız Sofiya Bəsirzadə (1918-2000) də ömrü boyu sadiq qaldığı sənətini milyonlara sevdirdi, bu sevgidən güc alaraq məsləyini həyatının nicatına çevirdi. Aktrisanın teatrda və kinoda yaratdığı obrazlar qalereyası dərin məna kəsb edən, məntiqli idrakı təlqin edən personajlardır. O, sənətində məhz həyat üçün vacib mesajları, ümdə məsələləri qabartdı, yaradıcılığının təfsirində cəmiyyəti maarifləndirdi, düşündürdü...
Sənətə təsadüfi gəlmək də mümkün deyil. Bura üz tutanlar yaxşı bilirlər ki, onların üzərində böyük yaradıcılıq missiyası var. Zamanı daima qabaqlamaq, ziyalı insanların təfəkkürünün məhsulunu incəliyinə qədər cilalamaq, qəlbləri nurlandırmaq...
Sofiya Bəsirzadə də hələ kiçik yaşlarından sənətə maraq göstərən, gözəl şeir demək, rəqs etmək bacarığına görə yaşıdlarından xeyli seçilən, həyat yolunu məhz bu cığırdan salan, məsləyini taleyinə yazan sənət aşiqi olub. Sənətə olan böyük marağı onu Bakı Teatr Məktəbinə (1936) gətirib. Üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Dram Teatrının truppasına qəbul edilib. Teatrın səhnəsində daha çox dramatik rollar oynayıb. Eyni zamanda satirik tamaşalarda da rol alıb. Aktrisanın daxili imkanlarının zənginliyi, geniş potensialı müxtəlif səpkili rolların öhdəsindən bacarıqla gəlməsinə imkan verib. Səhnədə atdığı ilk addımdan teatrsevərlərin sevgisini qazanıb. Aktrisa ömrünün son illərində Bakı Bələdiyyə Teatrında çalışıb. Həyatının mənasına çevirdiyi, ikinci evi bildiyi teatr səhnəsində ümumilikdə 60 ildən çox fəaliyyət göstərib.
Sofiya Bəsirzadənin televiziya tamaşalarında oynadığı rollar da geniş tamaşaçı rəğbəti qazanıb. “Günahsız Abdulla”da Ana, “Yollar görüşəndə” tamaşasında Töhfə, “Göz həkimi”ndə Nina Nikolayevna və başqa obrazlar aktrisanın dramatik, psixoloji rolların öhdəsindən məharətlə gəldiyini təsdiqləyir.
Sofiya xanım Azərbaycan kinosunda yaddaqalan qadın obrazlarının mahir ifaçısıdır. Aktrisanın dərin sənət bilgisi kino personajlarının bənzərsizliyinə zəmin yaradıb. O, 20-dən çox filmdə maraqlı, koloritli rollar yaradıb, filmlərin səsləndirilməsində yaxından iştirak edib.
Kinoda ilk dəfə görkəmli kinorejissor Ağarza Quliyevin (Qriqori Braginski ilə birgə) quruluş verdiyi “Yeni horizont” (1940) filmində Validə rolunda çəkilən aktrisa daha sonra “Qara Daşlar” filmində Lalə, “Yol əhvalatı”nda Sona nənə, “Dədə Qorqud”da dayə, “Var olun, qızlar”da Səkinə xanım, “Mən nəğmə qoşuram”da Abdullanın yoldaşı və başqa yaddaqalan rollar yaradıb. Obrazların psixologiyasının incəliyinə varan, həyat mövqeyinin mahiyyətini göstərən aktrisanın kiçikplanlı rolları belə ekran əsərlərinin məna dəyərinin açılmasına kömək edib.
Sofiya xanım səsləndirdiyi personajlara da uğur gətirib. “Görüş” kinokomediyasında Lala İzmayılova, “Telefonçu qız”da Zərəngiz, “Yenilməz batalyon”da Xavər xanım və başqa filmlərdə rolları ahəngdar səs tembri ilə səsləndirib, obrazların xarakterinə, şəxsiyyətinə uyğunlaşdırdığı ifadə jestinə görə ekran əsərlərinin uğuruna ifaçı aktrisalar qədər imza atıb. Səsləndirdiyi rollarının böyük-kiçikliyinin, mənfi-müsbət olmasının fərqinə varmayan aktrisa əsasən peşəkarlığa önəm verib.
“Telefonçu qız” filmini yaxşı xatırlayırıq. Filmdəki Zərəngizin xarakterini, psixologiyasını təsdiqləyən hökmlü səsin ahəngi Sofiya xanımın səlis təqdimatında personajın uğuruna hesablanıb. Filmdə insan amili, yüksək təfəkkürün formalaşdığı cəmiyyət quruculuğu, sevginin aliliyi əsas götürülüb. Görkəmli kinorejissor Həsən Seyidbəylinin tamaşaçılara ünvanladığı vacib mesajı var. Mehriban kimi zərif, həyatda tək-tənha qalan, heç bir qohum, valideyn qayğısı ilə əhatə olunmayan qızlar ilk baxışda aciz, zəif görünə bilər. Lakin onları məhz əməksevərliyi, daxili inamı, iradəsi əyilməz edər. Heç də təsadüfi deyil ki, filmdə Mehribanın səsi daxili dünyası, insanlarla davranışı qədər zərif, incə, kübar, Zərəngizin səsi isə xarakteri qədər kobud və hökmlüdür. Rejissor tərəfindən düzgün seçilmiş səsləndirmə obrazların fərqli cəhətlərini müqayisələndirməklə yanaşı, həm də xarakterin məhz qəlbin, zəkanın aynası olduğunu səsin təcəssümündə vurğulayır. Kino ilə dublyaj sənətinin vəhdəti məhz bu baxımdan kompozisiya tamlığını təmin edir.
Sofiya xanımın kinodakı kiçikplanlı rolları belə diqqət çəkir, personajın filmdə gərəkliliyini sübut edir. “Şərikli çörək” filmində aktrisanın oynadığı Roza belə obrazlardandır. Filmin əsasını azyaşlı uşaqların kədərli, amma qürurlu taleyi təşkil edir. Filmdəki obrazlar uşaqların kövrək dünyalarına toxunmağa cürət etmir. Hətta hay-küylü Roza da yarıac-yarıtox dolanan uşaqlara öz ruzisindən müəyyən üsulla (onlar qadından iş istəyir, zəhmət haqqı kimi də çörəklərini qazandıqlarını düşünürlər) pay bölür. Müharibənin insan mənəviyyatını alçalda biləcək amilləri olduqca həssas və yüksək dəyərlər çərçivəsində işlənib. Filmin ekran taleyinin uğuru da bundadır. İnsandakı insanlığı, ali dəyərləri qorumaq, hər bir kəsin daxili dünyasını anlamaq, bir-birinə kömək etmək...
Göründüyü kimi, kino obrazları da teatr rolları qədər aktrisanın yaradıcılığının əsasını təşkil edib, tamaşaçı auditoriyasını genişləndirib. Sofiya xanımın incə yumor hissinin olması isə komik janrlı filmlərdəki obrazların istək və məqsədini müəyyənləşdirib, ironik səpkili dialoqların, monoloqların məntiqli çatdırılmasına səbəb olub.
Sofiya Bəsirzadə mehriban həmkar kimi də tərəf-müqabilləri, dostları tərəfindən sevilirdi. İnsanlarla münasibətin, ünsiyyətin vacibliyini, müsbət şəxsi keyfiyyətlərini məhz davranışlarında, münasibətlərində göstərməli olduğunu gözəl bilirdi. Buna görə də ona sevgidən, səmimiyyətdən “Sofa xanım” deyə də müraciət edərdilər.
Sofiya xanımla uzun illər bir səhnəni bölüşən, ana-bala münasibəti olan Xalq artisti Səidə Quliyevanın aktrisa haqqında fikirləri olduqca maraqlıdır: “Onu çöhrəsində daim təbəssüm olan insan kimi xatırlayıram. O, birinci növbədə qayğıkeş ana, zəhmətkeş qadın, mehriban həmkar idi. Mən teatra gələndə (1978) Sofa xanım artıq püxtələşmiş sənətkar, Xalq artisti idi, amma, bununla belə, olduqca səmimi, xoş münasibətli idi. Xoş rəftarı ilə gəncləri öz qanadı altına almağı bacarırdı. O, əsl insanlıq nümunəsi idi. Mən teatra nəzəri bilgiylə gəlmişdim, amma praktikanı, sənətin incəliklərini o mənə öyrətdi. Əlimdən tutaraq, yavaş-yavaş, qorxutmadan, ruh yüksəkliyi ilə teatrın incəliklərini mənə başa saldı.
Sofa xanımla sənət sevincimiz, həyəcanımız da bir olurdu. Biz (Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Zemfira Nərimanbəyova və başqaları) qastrol səfərlərinə gedəndə günlərlə ana nəvazişindən uzaqlaşırdıq. Hamımızın ana nəvazişini Sofa xanım çəkirdi. Başımız ağrıyanda, özümüzü narahat hiss edəndə yanımızda olurdu. Onun bir adəti vardı. Hər gecə qatıq içirdi. Bizə də tövsiyə edirdi ki, hər gecə yatmazdan əvvəl mütləq qatıq için, olduqca xeyirlidir. O, çox gümrah həyat tərzi keçirirdi. Sağlamlığına diqqət edirdi. Sağlamlığımızı qorumağın səhnə üçün vacib olduğunu deyirdi. Ümumiyyətlə, həyat bilgisi çox idi. Səhər gəzintisini sevirdi.
Yadımdadı, onun ev şəraiti çox pis idi. İki oğlunu evləndirmişdi, gəlinləri də onunla qalırdı. Ailə böyük, ev darısqal. O, ömrünün sonuna yaxın ev ala bildi. O zaman çətin vaxtlar idi. İşə gələndə deyirdi ki, yığma çarpayıda yatmışam hər yerim ağrıyır. Özü mətbəxdə yatırdı ki, övladları üçün rahat olsun. Sofa xanım həyat yoldaşını gənc ikən itirmişdi. Onda uşaqları kiçik idi. Təbii ki, ailənin ağırlığı onun üzərindəydi. Teatrda oynayırdı, filmlərə çəkilirdi, dublyaja qaçırdı. Hərdən düşünürdüm ki, İlahi, o, bu qədər gücü haradan alır, bu qədər işi necə çatdıra bilir. Sənəti ona güc verirdi.
Övladları ilə nəfəs alırdı. Nəvələrini, ələlxüsus da Soltanı çox istəyirdi. Ona həyat yoldaşının adını vermişdi deyə adı dilindən düşmürdü. Yaxşı xatırlayıram, övladları Rusiyada təhsil alanda Sofa xanım ayda bir dəfə də olsa Bakı-Rostov qatarı ilə onlara biş-düş, ərzaq göndərirdi. Deyirdi ki, bişirdiklərim onlarsız boğazımdan keçmir. Dadlı bir yemək bişirəndə mütləq bu sözü işlədirdi ki, kaş balalarım da yanımda olardı. Çox sadə, səmimi insan idi. Buna görə də insanlar onunla rahat münasibət qura bilirdilər.
Rəhmətlik Tofiq Kazımov həmişə ona deyirdi ki, Sofa xanım, hansı əsəri səhnəyə qoymaq istəyirəmsə, orda sənin üçün rol görürəm. Tofiq müəllim bütün tamaşalarda ona rol verirdi. Sofa xanım da, epizodik rol olsa belə, yenə onu yaddaqalımlı edirdi. Danışırdı ki, teatra yeni gəlmişdim, İslam Səfərlinin “Göz həkimi” tamaşası oynanılırdı. Orda mənə İradə rolunu tapşırmışdılar. Rolu o qədər müvəffəqiyyətlə oynadım ki, bu roldan sonra mənə Əməkdar artist fəxri adını verdilər. Maraqlı, özünəməxsus jestləri vardı. Rejissorun verdiyi mizana mütləq əlavələr edirdi. Biz ondan çox nümunə götürmüşük”.
Səidə Quliyeva onunla son görüşünü belə xatırlayır: “Bələdiyyə teatrında işləyirdi. Bir il olardı ki, onu görmürdüm. Məni Azərbaycan Televiziyasına dəvət etdilər ki, Sofa xanımın 80 illik yubileyi münasibətilə çəkilən film üçün müsahibə verim. Getdim, orda onu da gördüm. Gözləri həmişəki kimi parıldamırdı, çox solğun idi. Mənimlə də danışanda könülsüz olduğunu hiss etdim. Fikirləşdim ki, bəlkə nə vaxtsa xətrinə dəymişəm. Sağollaşdıq, o getdi. Amma mən nigaran qaldım. Bu bizim son görüşümüz oldu. Sonra bildim ki, o, xəstəymiş. Heç kimə heç nə demirmiş. Kədərli olmağı da xəstəliyi ilə bağlıymış. Bilirmiş ki, artıq dünyayla vidalaşır. Həmin görüşümüzü unuda bilmirəm”.
Beləcə, sənətkar şəxsiyyət kimi tanınıb seviləndə xatirələr daha dərin və zəngin olur. Gənc yaşlarından səhnəyə bağlılığını xarakterik rolları ilə sübut edən, sənətinə əməyi və istedadı ilə sarılan aktrisanın ekran rollarını izlədikcə, yaradıcılığını xatırladıqca, həmkarlarının, sənət dostlarının xoş xatirələrini dinlədikcə peşəkarlığına, sənətsevərliyinə və insansevərliyinə görə fəxr edirik, dönə-dənə də dərin hörmət, böyük rəğbət hissiylə xatırlayırıq.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.-
2020.- 28 fevral.- S.1;7.