“Gözəl Bakı – məhəbbət və
əfsanələr şəhəri”
İndoneziyanın “The Jakarta Post” qəzeti Azərbaycanda
səfərdə olmuş müxbiri
Viramala Ancayanın Bakı şəhərindən
bəhs edən məqaləsini yayıb.
Fevralın 24-də dərc olunan “Gözəl Bakı – məhəbbət
və əfsanələr şəhəri” adlı məqalədə
müəllif indoneziyalı oxuculardan Avropa və Asiyanı birlikdə görmək,
müxtəlif iqlim qurşaqlarında olmaq və özünəməxsus gözəlliklərə
malik bir ölkəyə
səfər etmək istəyirsinizmi deyə soruşur. Özü də
cavabında bildirir ki,
əgər bunu istəyirsinizsə,
mütləq Azərbaycana səfər edin.
Yazıda qeyd edilir ki, Avropa
və Asiyanın qovuşuğunda yerləşən
Azərbaycan özündə Şərq və Qərb mədəniyyətini
birləşdirir. Vurğulayır ki, Odlar Yurdu kimi
tanınan Azərbaycan qədim atəşpərəstlərin
vətəni olmaqla yanaşı, həm də
dünyada mövcud olan 11 iqlim
qurşağından doqquzuna malikdir.
İndoneziyalı jurnalist
Bakının hazırda dünyanın populyar
turizm istiqamətlərindən birinə çevrildiyini vurğulayır. O, məhəbbət dastanları və əfsanələrlə
zəngin Bakının həm qədim, həm də müasir tikililəri ilə göz
oxşadığına diqqət çəkir, burada UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş Qız qalası, İçərişəhər,
Şirvanşahlar sarayı kimi tarixi abidələrin
yerləşdiyini bildirir. Maraqlı
möcüzələri ilə diqqəti cəlb edən bu diyarda Yanardağ
kimi təbiət möcüzəsinin
turistlər tərəfindən böyük
maraqla qarşılandığı qeyd edilir.
Bildirilir ki, XX əsrin sonu – XXI əsrin
əvvəllərində növbəti dəfə baş verən neft bumu Bakıda ultramüasir
binaların sayının sürətlə artmasına səbəb
olur. Həmin tikililər sırasında müasirliyi və möhtəşəmliyi ilə
diqqəti cəlb edən “Alov qüllələri”,
orijinal memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Azərbaycan
Milli Xalça Muzeyi kimi binalar
xüsusi yer tutur.
Bakıya gedən turistləri öz əsrarəngiz tamı ilə heyran edən Azərbaycan mətbəxindən
də bəhs edən müəllif milli
yeməklərimizin özünəməxsusluğu ilə
şöhrət qazandığını deyir.
Jurnalist Bakıda bir çox məşhur filmlərin lentə
alındığını da
xatırladır. Eyni zamanda
Azərbaycan paytaxtının mühüm
beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi
dünya miqyaslı mərkəzlərdən
birinə çevrildiyini qeyd
edir. Bildirir ki, bu il
Bakıda futbol üzrə “Avro 2020”nin bir
sıra oyunları da keçiriləcək.
Mədəniyyət.-
2020.- 28 fevral.- S.8.