Mədəniyyət işçiləri üçün açıq təlimlər
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) öz açıq təlimlərini davam etdirir. Regional mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün ixtisasartırma təlimləri məlum pandemiya səbəbindən bir neçə aydır elektron formatda təqdim edilir və mərkəzin rəsmi “Facebook” səhifəsindən yayımlanır.
Növbəti təlim mədəniyyət evlərinin fəaliyyətinə həsr olunub. “Pandemiya dövründə mədəniyyət mərkəzləri və klub müəssisələrinin fəaliyyət istiqamətləri” mövzusunda təlimə 60-dan çox dinləyici qatılıb. Regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klub müəssisələri əməkdaşlarının iştirakı ilə keçirilmiş virtual təlimdə sahə üzrə ixtisaslı mütəxəssislər müvafiq mövzular üzrə çıxış ediblər.
AMEA Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli “Ənənəvi milli mədəniyyətin və xalq yaradıcılığının qorunması və inkişafı” mövzusunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bibiheybət qəsəbə Mədəniyyət evinin bədii rəhbəri Fəridə Babayeva “Pandemiya dövründə mədəniyyət müəssisələrinin fəaliyyətində tədbirlərin təşkili istiqamətləri”, MEMİM-in Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova “Böhran vəziyyətlərdə mədəni irsin qorunması problemləri”, Tədris proqramları sektorunun müdiri Aygün Hüseynova “Mədəniyyət müəssisələrinin büdcədənkənar maliyyələşmə istiqamətləri” mövzularında təqdimatlar ediblər. Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Əməkdar mədəniyyət işçisi Səadət Şirinova Azərbaycanın folklorundan danışıb, mərkəzin əməkdaşı Elnarə Hacıyeva mədəniyyət müəssisələrinin onlayn fəaliyyətindən bəhs edib.
Açıq müzakirələr şəklində davam edən təlim çərçivəsində mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı və digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, ödənişsiz təlimlərdə istənilən şəxs iştirak edə bilər.
Mədəniyyət.- 2020.- 30 iyul.-
S.4.