Azərbaycan filmi Sarayevo festivalında
Azərbaycan istehsalı olan film Avropanın önəmli kino forumlarından biri sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajlı bədii filminin quruluşçu rejissoru Rüfət Həsənovdur. İlk dəfə tammetrajlı Azərbaycan bədii filmi Sarayevo festivalının əsas müsabiqə proqramında yer alır.
14-21 avqust tarixində keçiriləcək 26-cı Sarayevo Film Festivalının jürisinə “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçius rəhbərlik edəcək. Münsiflər heyətinə, həmçinin Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının (Meksika) layihə rəhbəri Andrea Stavenhagen daxildir.
“Daxildəki ada” tammetrajlı bədii filmi “Azərbaycanfilm”, “Debüt” film studiyası,
“Arizona Productions”, “Coyote Cinema” və
“Mandarin Agency”in birgə
istehsalıdır. Filmin post-prodakşn
dəstəyi CNC – Fransa
Dövlət Kino və
Animasiya Mərkəzi
və Bakı Media Mərkəzinə, media dəstəyi
isə İctimai Televiziyaya aiddir.
Filmin baş qəhrəmanı
Seymur Tahirbəyov dünyanın qabaqcıl
şahmat qrossmeysterlərindən
biridir. O, karyerasının
ən önəmli oyunundan bir neçə
həftə öncə
özünü kəşf
etmək məqsədilə
gizlincə yalnız bir nəfər sakini olan adaya
yola düşür...
Filmin ssenari müəllifi Rüfət Həsənov,
quruluşçu operatoru
Orxan Abbasov, quruluşçu rəssamı
Elturan Məmmədov,
bəstəkarları Katya
Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri
Nadir Əliyevdir.
Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq
Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Mədəniyyət.- 2020.- 30 iyul.-
S.8.