Azərbaycanlı rejissorun filmi Venesiya festivalında
Gənc
rejissor Hilal Baydarovun “Səpələnmiş
ölümlər arasında” adlı tammetrajlı filmi 77-ci Venesiya Film Festivalının
əsas müsabiqəsində
“Qızıl şir” mükafatı uğrunda yarışacaq. Ekran əsəri “Ucqar
Film” studiyasında lentə
alınıb.
Filmin rejissoru
Hilal Baydarov, ssenari müəllifləri
Rəşad Səfər
və Hilal Baydarov, operatoru Elşən Abbasov, bəstəkarı Kənan
Rüstəmlidir. Heyətdə meksikalı rejissor
Carlos Reygadas da yer alıb.
Rolları Orxan İskəndərli,
Rəna Əsgərova,
Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva,
Kübra Şükürova,
Nərmin Həsənova,
Oqtay Namazov, Mürvət Əbdüləzizov,
Pərviz İsaqov, Gülnaz İsmayılova,
Gülarə Hüseynova
oynayır.
Qeyd edək ki, 2-12 sentyabrda keçirilməsi
gözlənilən 77-ci Venesiya
Film Festivalı koronavirus
böhranından bəri
ilk böyük beynəlxalq
kino forumu ola bilər.
Festivalın münsiflər heyətinə
məşhur aktrisa Keyt Blanşet rəhbərlik edir. Əsas müsabiqə proqramına
18 film daxildir. Onların arasında
Andrey Konçalovski (Rusiya), Məcid Məcidi (İran) kimi tanınmış rejissorların filmləri də var.
İlk dəfə
Avropanın üç ən böyük kinofestivalından (Kann
və Berlin festivalları ilə
yanaşı) birinin əsas proqramında
azərbaycanlı rejissorun filmi
yer alır. Hilal Baydarovun “Xurmalar yetişən
vaxt” adlı sənədli filmi
2019-cu ildə Sarayevo kinofestivalında mükafata layiq görülmüşdü.
Mədəniyyət.- 2020.- 30 iyul.-
S.1.