122 yaşlı Azərbaycan kinosu

 

 

Kino təkcə əyləncə növü deyil, həm də güclü ideoloji silahdır

 

2 avqust Azərbaycan Kinosu Günüdür. Bu il ölkəmizdə kino sənətinin yaranmasının 122 yaşı tamam olur. 1898-ci il avqustun 2-də, Parisdə Lümyer qardaşlarının ilk kino nümayişini təşkil etməsindən (1895) üç il sonra Bakıda fotoqrafkinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib.

 

Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust “Azərbaycan Kinosu Günü” – ölkəmizdə kino işçilərinin peşə bayramı elan olunub.

 

Azərbaycan kinosu dünya kinosunun tarixi ilə bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçib. 1923-cü ildə respublikamızda dövlət kinostudiyası təşkil edilib, 20-ci illərdə səssiz filmlər çəkilib. 1936-cı ildə ilk səsli, 1950-ci illərdə isə rəngli filmlər istehsal edilib. Sonrakı illər Azərbaycan kinosunun tarixində zəngin səhifələr dövrü olub, bu gün də sevə-sevə izlədiyimiz, ekran əsərləri yaranıb.

 

2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd edildi. Sərəncamda vurğulanırdı ki, Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçərək ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanıb.

 

Əlamətdar gün ərəfəsində Azərbaycan kinosunda silinməz iz qoyan unudulmaz sənətkarları minnətdarlıqla yada salırıq. Köklü ənənələrə malik milli kinomuzun parlaq səhifələri çoxdur. Keçmiş ittifaq miqyasında keçirilən festivallarda mükafatlara layiq görülən filmlərimiz olub. SSRİ Dövlət mükafatı alan, Kann festivalında diploma layiq görülən filmlərimiz var.

 

Müstəqillik illərində də kinomuz maraqlı ekran əsərləri ilə zənginləşib. Son illər ölkəmizdə film sənayesinin inkişafı məqsədilə müəyyən işlər görülüb.  “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Prezidentin 1 mart 2019-cu il tarixli “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı bu istiqamətdə yeni addımlar üçün zəmin yaradır.

 

Hər il Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatları keçirilirdi. Bu ilin əvvəlindən dünyanı bürüyən COVİD-19 pandemiyası, cəmiyyət həyatının əksər sahələri kimi, kino sənayesinin də inkişafına mane olub. Hazırda dünyanın əksər ölkələrində kino nümayişi müəssisələri fəaliyyətini dayandırıb, bir sıra ənənəvi kinofestivallar təxirə salınıb.

 

İlin birinci yarısı, dünyada olduğu kimi, ölkəmizdə də kino sahəsində elə də önəmli hadisələr yaşanmasa da, bir neçə beynəlxalq festivalda filmlərimizin iştirakını qeyd edə bilərik. Kino işçilərimizin peşə bayramı ərəfəsində bu dəfə gənc kinematoqrafçıların arzu və təbriklərini eşitdik.

 

 

 

Prezident mükafatçısı, rejissor Masər Həsənov:

 

Azərbaycan kinosunun inkişafında əziyyəti keçən hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edirəm. Uğurlarımız bol olsun. Son illər inkişaf edən, bir çox xarici festivallardan mükafatla qayıdan filmlərimiz gələcəkdə bu sahənin daha çox inkişafına inam yaradır. Bizim çox istedadlı bacarıqlı gənclərimiz var. İnanıram ki, onlar Azərbaycan kinosuna yeni nəfəs verəcəklər. Keçmişdə olduğu kimi, öz filmlərimizi sevə-sevə izləyib xaricdə nümayiş olunmasını görəcəyik.

 

 

 

Buktreyler festivalının təsisçisi, aktyor, prodüser Ruslan Sabirli:

 

– Kino insanları tərbiyə etmək, düzgün yola çağırmaq, yönləndirmək üçün ən gözəl vasitələrdəndir. Azərbaycan kinosu zəngin tarixə malikdir, bir çox nümunələri əsl sənət məktəbidir. Müasir kinomuzda isə uğurlarımız, az da olsa, ümidvericidir. Savadlı, istedadlı, potensiallı gənclər var onları aşkarlamaq üçün müxtəlif festivallar keçirilir.

 

Kino təkcə biznes əyləncə növü deyil, həm güclü ideoloji silahdır. Onu mənimsəmək, ondan səmərəli istifadə etmək lazımdır. Cəmiyyət olaraq buna ehtiyacımız var. Milli Kino Günü münasibətilə kino sahəsində çalışan bütün həmkarlarımı təbrik edir, seçdikləri çətin, amma maraqlı yolda bol-bol uğurlar arzulayıram.

 

 

 

Rejissor Məzahir Həşimov:

 

Zəngin kino ənənələrimiz yaşlı nəsil tərəfindən biz gənclərə miras olaraq gətirilib bu yol davam etdirilir. 2 avqust ulu öndər Heydər Əliyev tərəfindən xüsusi sərəncamla kinomuzun yaranma tarixi kimi təsdiq olunub hər il qeyd edilir. Hazırda ölkə rəhbərliyi kinematoqrafiya sahəsinə diqqət qayğı ilə yanaşır. Prezident İlham ƏliyevinAzərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqındasərəncamı, həmçininAzərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramıbuna sübutdur. Bu diqqətin nəticəsidir ki, artıq Azərbaycan filmləri dünyanın “A” kateqoriyalı festivallarında nümayiş olunur, mükafata layiq görülür.

 

Bu il peşə bayramımızda yeni lentə aldığım filmin premyerası nəzərdə tutulmuşdu. Lakin pandemiya səbəbindən təxirə salmalı olduq. Buna baxmayaraq biz kinematoqrafçılar bu əlamətdar günü məmnuniyyətlə qeyd edirik. Arzu edirəm ki, Azərbaycan kinosunun sorağı hər zaman yüksək arenalardan gəlsin.

 

 

 

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev:

 

Dünyanı bürüyən pandemiya kino sənayesinə mənfi təsir göstərdi, istehsalat dayandı. Bir tərəfdən , ən azından yaradıcı şəxslər üçün bu sahədə düşünmək üçün vaxt, imkan yarandı. İnanıram ki, növbəti illər kinomuz üçün daha uğurlu olacaq. Arada olan fasilə insanın enerjisinin bərpasına xidmət edir. Həm bu fasilədə gənc kinematoqrafçıların dünya kinosunu yaxından izləməsi növbəti illərdə bu sahədə öz bəhrəsini verəcək.

 

Azərbaycanın hazırkı vəziyyətində kinoya daha böyük ehtiyacı var düşünürəm ki, dövlətimizin dəstəyi ilə bu sahədə böyük nailiyyətlərimiz olacaq. Ölkəmizin haqq işinin dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq üçün audiovizual məhsullar, xüsusən kino sahəsində işimizi birə-beş artırmalıyıq.

 

Azərbaycan Kinosu Günü münasibətilə bu sahədə çalışan hər kəsi, bütün kino işçilərini  təbrik edirəm. Arzum budur ki, Azərbaycan kinosu bu sahədə daha böyük uğurları ilə dünyada öz sözünü deyə bilsin.

 

***

 

Kino böyük bir kollektivin əməyi keçən yaradıcı sənətdir. Hazırda kinoya istedadlı gənclər gəlir bu sahədə illərin təcrübəsinə malik insanlarla yanaşı sənətdə öz sözlərini deməyə başlayıblar. Müasir dünya kinosunun estetik prinsipləri ilə tanış olan gənc kinematoqrafçılarımızın ərsəyə gətirdiyi filmlər bu sahənin gələcəyi barədə ümid yaradır. Peşə bayramınız mübarək!

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 30 iyul.- S.1;3.