100 yaşlı Rəssamlıq Kolleci
Respublikamızda ali və orta təhsil məktəblərinin sayca çox olmasına baxmayaraq, onların arasında hələ sovet dönəmində “Əzimzadə məktəbi” kimi bütün SSRİ məkanında tanınan istedadlar ocağının adı fəxrlə çəkilir. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb fitri istedad sahiblərinin toplandığı bu məktəbdə öz əsərləri ilə xalqımıza dünya miqyasında başucalığı gətirə biləcək rəssam və heykəltəraşların yetişdirilməsi olmuşdur. Bu gün Azərbaycan incəsənətinin ümumi mənzərəsini təsviri və dekorativ-tətbiqi sənət sahəsində səmərəli fəaliyyət göstərən həmin sənətkarlarsız təsəvvür etmək, sadəcə, mümkünsüzdür...
Əgər fəaliyyətləri qədim dövrlərə təsadüf edən sənətkarlar ayrı-ayrı ustalardan dərs almışdılarsa, son bir əsrdə fəaliyyət göstərən yaradıcıların əksəriyyəti bir qayda olaraq ilk təhsilini haqqında söz açmaq istədiyimiz “Əzimzadə məktəbi”ndə almışlar. Bu mənada Azərbaycanda rəssamlığın tədrisi tarixini xronoloji ardıcıllıqla izləməli olsaq, onda respublikada bu sahənin inkişafına zəmin yaradacaq amillərin də kifayət qədər olduğunu qeyd etməliyik. Başqa sözlə desək, XX yüzilliyin iyirminci illərinə qədər Bakıda rəssamlığın tədrisi bir çoxlarının düşündüyü kimi yox dərəcəsində olmamışdır.
XIX əsrin son qərinəsində tanınmış rus rəssamlarının Azərbaycanda olmaları, onların bəzilərinin Bakıda fərdi sərgilərinin təşkili neft paytaxtında bədii mühitin o qədər də solğun olmadığından xəbər verirdi. Bütün bunlar burada fəaliyyət göstərən əcnəbi rəssamlara 1912-ci ildə, qonşu Tiflisdə olduğu kimi, Bakı Rəssamlıq Cəmiyyətini yaratmağa imkan verdi. Həmin cəmiyyətin yaranmasında və nizamnaməsinin hazırlanmasında o vaxtlar mesenat H.Z.Tağıyevin dəvəti ilə Bakıda sifarişlər yerinə yetirən rus rəssamı İ.Brodski xüsusi fəallıq göstərmişdir. 1911-1914-cü illərdə Bakıda yerli rəssamların dörd sərgisinin təşkili də neft paytaxtında tezliklə bu sənətin incəliklərini tədris edəcək studiyanın fəaliyyətə başlamasına təkan vermişdir.
1915-ci ildə gənc rəssam Y.Samorodov, M.Gerasimov və Y.Keylixisin səyləri ilə Bakıda rəngkarlıq, rəsm və heykəltəraşlığın bədii-texniki vərdişlərini öyrədən ilk studiya açılmışdır. Lakin bu başlanğıcın ömrü az olmuşdur. Onu artıq 1916-cı ildə rəssam İ.Muxin və memar İ.Edelin təşəbbüsü ilə yaradılan “Bazar günü kursları” əvəz etmişdir. Tədqiqatçılar rəsmin və rəngkarlığın tədris olunduğu bu kurslara yerli gənclərin böyük həvəslə üz tutduqlarını qeyd edirlər. Odur ki, həmin ilk təşəbbüslərin 1920-ci ilə qədərki respublika əhalisinin bədii zövqünün formalaşmasında müstəsna rol oynadığını vurğulamaq lazımdır. Elə başda H.Z.Tağıyev olmaqla, digər Bakı milyonçularının da öz malikanələri üçün məşhur fırça ustalarının əsərlərini almalarının da respublikanın bədii mənzərəsinə müəyyən qədər təsir göstərdiyini yada salsaq, onda bütün bunların əsrin əvvəllərində yerli cəmiyyətdə incəsənət aləminə marağı daha da gücləndirdiyini söyləyə bilərik. Əsrin əvvəllərində Bakıda və Tiflisdə rəsmli jurnalların nəşri də təsviri sənətin bədii-tənqidi gücünə insanlarda duyulası inam yaratmışdı.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bu istiqamətdə də yeni imkanlar açıldı. Cümhuriyyət hökuməti tərəfindən maarif və mədəniyyət məsələlərinə də xüsusi əhəmiyyət verilirdi. Dövlət bayrağının qəbulu kimi mühüm işlər müstəqilliyin təbliği istiqamətində atılan qətiyyətli addımlardan idi. Üçrəngli bayrağımızın ideya (türkləşmək, islamlaşmaq və müasirləşmək) müəllifi olan görkəmli ziyalımız Əli bəy Hüseynzadənin ədəbiyyat, mətbuat və incəsənət sahəsində fəaliyyəti də, böyük şairimiz Məmməd Arazın təbirincə desək, ilk növbədə, onun “Vətən daşı” olmaq istəyindən qaynaqlanırdı. Yeni hökumətin 1919-cu ildə 100 azərbaycanlı gənci müxtəlif sahələr üzrə ali ixtisas təhsili almaq üçün Avropaya göndərməsi (onlardan biri də İtaliyada heykəltəraşlıq üzrə təhsil alacaq Zeynalabdin Əliyev idi) də ölkənin inkişafını, işıqlı gələcəyini təmin edə biləcək kadrların yetişdirilməsi ilə bağlı idi. B.Kəngərli, Ə.Əzimzadə, Z.Əliyev, Ə.Hüseynzadə və başqa rəssamların müstəqil dövlətin 23 aylıq mövcudluğu ərzində təsviri sənət məkanında fəaliyyətinə şərait yaradan, cəmiyyətin maarifləndirilməsinə, incəsənətin müxtəlif sahələri ilə tanışlığına xidmət edən yaddaqalan tədbirlər görən, Bakı Dövlət Universitetinin, Dövlət Teatrının, “İstiqlal” muzeyinin, eləcə də müxtəlif mədəniyyət və maarif ocaqlarının açılmasını gerçəkləşdirən yeni hökumətin çox-çox uzaqlara istiqamətlənmiş arzuları yarımçıq qaldı. Bolşevik Rusiyasının XI Ordusunun ölkəni işğal etməsi ilə yaradılan yeni ab-havanın incəsənətə yönəlik görüntüsü onun bilavasitə ideologiyaya bağlılığı oldu. İlk baxışda elə də təhlükəli görünməyən bu tələbin bədii-psixoloji məna-məzmun tutumunu yalnız əsl yaradıcılar duya bilərdilər. Azərbaycan incəsənətinin sovet dönəminə təsadüf edən inkişaf mərhələsində təsviri və tətbiqi sənət ustalarımızın başının üzərindən asılmış “sosialist realizmi” adlı bədii-siyasi çətirin fəsadları kifayət qədər böyük olmuşdur. Buna baxmayaraq onların fərdi bədii məziyyətlərini tam ifadə etmələri, keçmiş SSRİ məkanında özünəməxsus estetikaya malik “Azərbaycan rəssamlıq məktəbi” yaratdıqları birmənalıdır.
Bu məktəbin fəaliyyətinə 1920-ci ildə Azərbaycanın sovetləşməsindən dərhal sonra Kreml ideoloqları ehtiyac duymuş və bədii vasitələri sosializm ideyalarının təbliğində başlıca vasitə hesab etməklə, bu təhsil ocağının açılmasına qərar vermişdilər, desək, həqiqəti söyləmiş olarıq.
Həmin dövrün daha səciyyəvi və duyulan amili bu proseslərdə yerli kadrların iştirak etməmələri sayıla bilərdi. Bakının bədii məkanında əksəriyyət təşkil edən əcnəbi rəssamlarla rəqabət aparacaq yeganə adam zamanında bu sahədə professional təhsil almağa imkanı olmayan Əzim Əzimzadə (1880-1943) idi. İlk karikaturası 1906-cı ildə Tiflisdə nəşrə başlayan “Molla Nəsrəddin”də çap olunan rəssam həm də Bakı jurnalları ilə əməkdaşlıq edirdi. Həmin nəşrlərin azərbaycanlı rəssama üstünlük vermələri ilk növbədə onun yerli adət-ənənələri Bakıda fəaliyyət göstərən gəlmə yaradıcılardan yaxşı bilməsi idi. Təsadüfi deyildir ki, 1920-ci ildə sovet hökuməti tərəfindən rəssamlığın respublika məktəblərində tədrisi prosesinə rəhbərlik etməsi üçün əcnəbi professionallara yox, bu yöndə həvəslə fəaliyyət göstərmək arzusu ilə yaşayan Əzim Əzimzadəyə müraciət olunmuşdu. Onun bu yöndə ilk işi 1920-ci ilin 24 mayından Xalq Maarif Komissarlığının Məktəbdənkənar təhsil şöbəsi nəzdindəki incəsənət işlərinə baxan yarımşöbədə müdir vəzifəsində çalışması ilə bağlı olmuşdur.
Əzimzadənin bu yarımşöbəyə rəhbərlik etməsi və irəli sürdüyü təkliflər sayəsində tezliklə Rəssamlıq məktəbi, Plakat emalatxanası, Qədim incəsənət və maddi-mədəniyyət abidələrini öyrənən cəmiyyət təsis olundu. Əvvəlcə Ali Bədii Emalatxana (1920) kimi yaradılan, sonrakı illərdə Azərbaycan Ali Rəssamlıq Studiyası (1920) və Azərbaycan Ali Rəssamlıq Məktəbi (1922) adı ilə fəaliyyət göstərən bu təhsil ocağı 1927-ci ildən Azərbaycan (Bakı) Dövlət Rəssamlıq Texnikumu, 1939-cu ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi kimi mövcud olmuşdur. Əzimzadə 1929–1937-ci illərdə bu nüfuzlu ixtisas məktəbinə rəhbərlik etmişdi. 1943-cü ildə məktəbə onun adı verildi.
Respublikada rəssamlıq təhsilinin genişlənməsində böyük xidmətləri olan Əzim Əzimzadənin bu məktəbə rəhbərlik etməsi də neçə-neçə istedadlı milli kadrın sənətə gəlişini şərtləndirmişdir. Bu da artıq 1920-ci illərdən başlayaraq Azərbaycan təsviri sənətinin bütün sahələrində yaddaqalan əsərlərin yaranmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bu ənənə günümüzə kimi davam etdiyindən və Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinə başucalığı gətirən yaradıcıların yetişdirilməsi bunun əyani görüntüsü olduğundan 2000-ci ilə qədər müstəqil, həmin ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində kollec (direktoru Azərbaycanın Əməkdar rəssamı Fikrət Haşımovdur) kimi fəaliyyət göstərən, bədii təhsil verən ilk sənət ocağımızın xatırlanması və dəyərləndirilməsi zərurət və mənəvi borcumuzdur.
İnanırıq ki, 1980-ci ildə yaradılmasının 60 illiyi münasibətilə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunan ilk rəssamlıq məktəbimizin 100 illiyi də layiqincə qeyd ediləcəkdir. Bunu, heç şübhəsiz, adları dünya sənət xəritəsində əbədiləşmiş Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Vəcihə Səmədova, Maral Rəhmanzadə, Lətif Kərimov, Mircavad Mircavadov, Fuad Əbdürrəhmanov, Qəzənfər Xalıqov, Ömər Eldarov və Ələkbər Rzaquliyevin, eləcə də respublikamızdan uzaqlarda fəaliyyət göstərən onlarla digər sənətkarın bənzərsiz yaradıcılığı təsdiqləyir. Növbəti yazılarımızda şərəfli “Əzimzadə məktəbi” tarixini yaradanlarla sizləri tanış etməyə çalışacağıq...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor
Mədəniyyət.- 2020.- 15 iyul.-
S.7.