Azərbaycan Dövlət Rəsm Qalereyasının yeni virtual layihələri

 

 

Ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar davam edən xüsusi karantin rejimi, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bir çox tədbir və layihələrin virtual müstəvidə və onlayn rejimdə həyata keçirilməsini zəruri edir.

 

Fəaliyyətini mövcud şəraitə uyğun davam etdirən Azərbaycan Dövlət Rəsm Qalereyası da sosial media hesabları vasitəsilə sənətsevərlərin asudə vaxtlarını evdə maraqlı və səmərəli keçirmələri üçün bir sıra virtual layihələr həyata keçirir.

 

Bu sırada #birəsər həştəqi ilə hər həftə bir incəsənət əsərinin bədii təhlili, eləcə də #rəssamlarıtanıt devizi ilə görkəmli Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və tanınmasına xidmət edən onlayn layihələri qeyd etmək olar. Qalereyanın rəsmi sosial media hesabları (“Facebook” səhifəsi – ADRQalereya.az; “İnstagram” səhifəsi – @azgallery.az) vasitəsilə incəsənətə marağın artırılması məqsədilə aksiyalar, rəssamlarla canlı yayımlar, müxtəlif mövzulu virtual sərgilər də davam edir.

 

Bununla yanaşı, ötən həftə start götürən yeni “ARTAP” adlı incəsənətə aid maraqlı sual layihəsi sənətsevərlərin böyük marağına səbəb olub. İntellektual bilikləri müəyyənləşdirməyə, zənginləşdirməyə stimul verən “ARTAP” layihəsinin sualları hər həftənin birinci günü qalereyanın sosial media hesablarında paylaşılır.

 

Qalereyanın növbəti yeniliyi “+5C” adlı ilk incəsənət mövzulu onlayn bilik yarışmasıdır. Azərbaycan Dövlət Rəsm Qalereyası “İnstagram” (@azgallery.az) sosial media platformasında həyata keçirilən “+5C” onlayn yarışmasında incəsənət biliyinə, dünyagörüşünə güvənən şəxsləri iştirak etməyə, 5 suala cavab verib, hədiyyə qazanmağa dəvət edir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyası əməkdaşlarının audio məqalələrinin hazırlanması da yeni virtual layihəyə daxildir.

 

Yeni virtual layihələr barədə Azərbaycan Dövlət Rəsm Qalereyasının “İnstagram” və “Facebooksosial media hesabları ilə yanaşı, rəsmi saytından (www.azgallery.az) da ətraflı məlumat almaq mümkündür.

 

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.3.