Almaniya portalında İçərişəhər, İspaniya portalında isə Xınalıq haqqında məqalələr

 

Almaniyanın “Ostexperte” xəbər portalında “Bakının İçərişəhəri: UNESCO tərəfindən tanınmasının 20 illiyi” sərlövhəli geniş məqalə dərc edilib.

 

İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə bağlı hazırlanan məqalənin müəllifi alman jurnalist Urs Unkaufdur. Məqalədə 20 il öncə dünya irs xəzinəsinə daxil edilən Bakının tarixi hissəsi – İçərişəhər haqqında, qala divarları, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, eləcə də digər abidələr, onların tarixçəsi və mədəni əhəmiyyəti barədə məlumat verilir.

 

Məqalədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətindən də bəhs edilir. Qeyd olunur ki, İçərişəhərin vahid idarəolunması və Bakının tarixi mərkəzinin konservasiyası üzrə müvafiq planlar hazırlanıb. Bu müstəvidə qoruq idarəsi tərəfindən həyata keçirilmiş tədbirlər diqqətə çatdırılır. Məqalədə, həmçinin tarixi binaların (Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi, Bəylər məscidi, Bakı Xan sarayı) bərpası və onların mədəniyyət mərkəzlərinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilir.

 

***

 

İspaniyanın “Patrimonio actualinternet portalında isə bu yaxınlarda “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilməsi barədə məqalə dərc olunub.

 

Məqalədə qeyd edilir ki, Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq tarixi-mədəni abidənin Dünya irs siyahısına namizədliyini nəzərdən keçirmək üçün onun ən azı bir il öncədən ilkin siyahıya salınması şərtdir. İlkin siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun sənədlərində dərc olunur.

 

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Quba rayonunda yerləşən Xınalıq kəndi özünün ecazkar tarixi məkanları, ləzzətli mətbəxi və mənzərəli təbiəti ilə heyrətamiz bir turizm məkanıdır. Kəndin tarixi ilk məskunlaşma izləri eramızdan əvvəl IV minilliyə – Tunc dövrünə təsadüf edir. Elmi araşdırmalar nəticəsində Xınalıq kəndində qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının izləri aşkar edilib.

 

Xınalıq kəndi özünəməxsus dilinə, adət və ənənələrinə malikdir. Kənd dağların əhatəsində yerləşməsi səbəbindən kənd sakinləri heç bir dil qrupuna aid olmayan öz dillərini qoruya bilmişlər. Xınalıq özünəməxsus memarlığı ilə diqqəti ilk baxışdan cəlb edir. Burada yamaclar çox dik olduğu üçün evlər bir-birinə çox yaxın tikilib. Qeyd olunur ki, Xınalıq kəndində Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz və Əbu Müslim məscidləri, qədim qəbiristanlıqlar, həmçinin kəndin ilk sakinlərinin məbədləri da daxil olmaqla bir çox tarixi məkanlar mövcuddur. Kəndin özünəməxsus tarixinin və təbiətinin qorunması məqsədilə 2007-ci ildə ərazi dövlət tərəfindən qoruq elan edilib.

 

 

 Mədəniyyət.- 2020.- 15 iyul.- S.8.