Şuşa şəhərindəki memarlıq abidələrinin bərpa eskiz layihələri hazırlanıb

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) son kurs tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb. AzMİU-dan bildirilib ki, müdafiə prosesində məzunlar tərəfindən maraqlı buraxılış işləri təqdim olunub.

 

Son kurs tələbələrindən Hüsniyyə Kərimova və Süsən Məlikovanın “Şuşa şəhərinin memarlıq abidələrinin bərpa eskiz layihəsi” mövzusunda buraxılış işi Dövlət Attestasiya Komissiyası üzvləri tərəfindən yüksək qiymətləndirilib. Tələbələr Şuşa şəhərində ən tanınmış abidələri (Aşağı Gövhər ağa məscidi, Mehmandarovların malikanə kompleksi, Şuşa qalası divarı, Natəvanın evis.) seçiblər. Bu abidələr ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılan, toponimləri dəyişdirilən, erməniləşdirilən milli mədəni irsimizin bir parçasıdır. Buraxılış işləri professor Səbinə Hacıyevanın rəhbərlik etdiyi Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında yerinə yetirilib.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetindən məzun olan 454 tələbə buraxılış işini müvəffəqiyyətlə müdafiə edib. Memarlıq fakültəsində IV kursda təhsil alan 203 tələbədən 190 nəfəri yekun dövlət attestasiyası buraxılış işlərini müdafiə edib.

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.4.