Qəzetə baxan xalqı aynada görən kimi görsün...

 

 

Zərdabinin maarif və mədəniyyətə səsləyən fikirləri

 

145 illiyini qeyd etdiyimiz milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi fədakar maarifpərvər, alim, ziyalı olmaqla bərabər, həm də böyük mütəkkir idi. Onun elmə, maarifə, mədəniyyətə, işığa səsləyən fikirlərindən seçmələri təqdim edirik.

 

Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur.

 

Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o, arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan.

 

Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü tamamilə dəyişdirə bilərik.

 

Qəzetənin ümdə muradı mübahisədir ki, aqil kəslər bir böylə mübahisə edib işləri xəlqə bəyan etsinlər.

 

İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsunbuna dil verin: türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin.

 

Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustayaqeyri qul deyil? Və buna səbəb – bizim ata, baba adətləridir. Nə qədər böylə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik.

 

Bizim sabiq “cəmiyyəti-xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsizbu zəmanədə dolanmaq mümkün deyil...

 

Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün.

 

Dünya bir şeydir ki, həmişə dövran edirinsan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə, hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin, biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər...

 

İnsan ətrafında olan şeyləri və dünya ilə olan münasibətini həvasi-xəmsə vasitəsilə dərk edir. Həvasi-xəmsənin əvvəlincisi, qüvveyi-basirədir ki, gözlərin vasitəsilə, ikincisi, qüvveyi-samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü, qüvveyi-şammədir ki, burun vasitəsilə, dördüncüsü, qüvveyi-zaiqədir ki, dil vasitəsilə və beşincisi, qüvveyi-lamisədir ki, bədənin dərisi vasitəsilə dərk olurlar.

 

Ey elm təhsil edən cavanlarımız! ...Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz  danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər... Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti-qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli-xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq...

 

Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə-beş artıq işləsin və birbizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa, xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə irəli gedə bilər...

 

Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunurbunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abühavası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir.

 

Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb xabqəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim.

 

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.6.