“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur
qazanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı Türkiyənin Dənizçilik bayramı (1 iyul) münasibətilə onlayn keçirilən Boğaziçi beynəlxalq virtual rəqs, musiqi və incəsənət yarışmasında uğurla iştirak edib.
İdarədən bildirilib ki, yarışmanın təşkilatçılarından biri Boğaziçi Folklor Birliyinin gənclik və idman klubu olub. Təşkilatın rəhbəri Mehmet Refik Ertenin məlumatına əsasən, dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası dövründə uşaqların evdə qalaraq asudə vaxtlarını səmərəli keçirməsi və yaradıcılıqlarının inkişafına yönələn fəaliyyət kimi təşkil olunan (28 iyun –1 iyul) yarışma bu il Dənizçilər bayramına həsr olunub.
Yarışma “Youtube” kanalında yayımlanıb yarışmaya Azərbaycan, Şimali Kipr, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bosniya-Herseqovina, Rusiya Federasiyasından Yakutiya, Dağıstan, Başqırdıstan, Çuvaşıstan respublikalarından rəqqaslar qatılıb.
Münsiflər heyətinin üzvləri isə 5 ölkədən olan tanınmış müəllimlər olub. Müsabiqə “rəqs”, “vokal”, “ailə qrupları” nominasiyaları və incəsənət yarışmasından ibarət olub.
Azərbaycanı təmsil edən “Səma” rəqs ansamblının üzvlərindən Ləman Əhmədova 18 yaşlı yeniyetmələr arasında Qran-pri diplomuna, Xədicə Seyidova 14 yaşlı uşaqlar arasında I yerə və diploma, Nigar İsrafilova 13 yaşlı uşaqlar arasında Qran-pri diplomuna, Nurcahan Əbilova 12 yaşlı uşaqlar arasında I yerə və diploma, Aydan Məmmədli 11 yaşlı uşaqlar arasında I yerə və diploma, Nərmin Xələfova “Stilizə olunmuş rəqs” nominasiyasında I yerə və diploma layiq görülüb.
“Səma” rəqs ansamblının rəhbəri Səma Sadıqova istedadlı uşaqları yetişdirdiyinə görə beynəlxalq yarışmanın təşəkkürnaməsi ilə təltif olunub.
Rəqs qrupu uğurlu çıxışına görə
təşkilat komitəsi tərəfindən 2020-2021-ci illərdə
Türkiyədə keçiriləcək beynəlxalq festivallara dəvət edilib.
Mədəniyyət.- 2020.- 15 iyul.-
S.5.