Kəlağayıdan “İpək sərvət”

 

Azərbaycanlı dizaynerin kolleksiyası onlayn dəb həftəsində təqdim edilib

 

Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilova “Aspara Fashion Weekmoda həftəsinin (Qazaxıstan, Taraz şəhəri) beşinci mövsümü çərçivəsində kəlağayıdan hazırlanmış üst geyimdən ibarət “İpək sərvət” adlı eksklüziv kolleksiyasını təqdim edib.

 

Bir çox ölkənin dizaynerlərinin iştirakı ilə budəfəki “Aspara Fashion Weekkoronavirus pandemiyası ilə əlaqədar onlayn rejimdə təşkil olunub. Nümayişdən qabaq iştirakçılara ingilis dilində müraciət edilib.

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova deyib: “Mənim müxtəlif kolleksiyalarım indiyədək Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə keçirilmiş dəb həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim olunub. Mən bu kolleksiyanı da beynəlxalq podiumlarda göstərməyi planlaşdırmışdım, lakin məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar bütün tədbirlər ləğv olunub”.

 

Gülnarə Xəlilova “Aspara Fashion Week” layihəsinin təsisçisi, Qazaxıstanın tanınmış dizayneri Aydarxan Kaliyevə göndərdiyi dəvətə görə minnətdarlığını bildirib: “Layihə yüksək səviyyədə keçirildibiz çoxlu parlaq, maraqlı kolleksiya gördük. Həmkarlarıma gələcəkdə yaradıcılıq uğurları arzulayıram, beynəlxalq arenada görüşənədək”.

 

Xatırladaq ki, İpək sərvət” kolleksiyası ilk dəfə 2019-cu ilin noyabr ayında Bakıda təqdim olunub. Layihə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Azerbaijan Kelagayi” (“Azərbaycan kəlağayısı”) milli brendi ilə birlikdə həyata keçirilib.  Azərbaycan  kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 5-ci ildönümünə həsr olunmuş tədbirdə kəlağayıdan hazırlanmış üst geyimi ilk dəfə göstərilmiş, modellər qismində tanınmış simalar, sənətçilər çıxış etmişdi.

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.8.