“Azərbaycan qaytağı rəqsləri”

 

 

Elmi araşdırmaların nəticəsi olan toplu işıq üzü görüb

 

40 ilə yaxın müddətdə respublikamızın rayon və kəndlərini qarış-qarış gəzərək xalq rəqslərini toplayan tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan musiqisionun yeni istiqamətlərinin tədqiqi: orqanologiyaakustikaelmi tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənlinin araşdırmalarının nəticəsi kimi “Azərbaycan qaytağı rəqsləri” toplusu işıq üzü görüb.

 

BMA-dan bildirilib ki, bu topluda qaytağı rəqslərinin yaranma tarixi, onun növləri, ifa məziyyətləri, eləcə də, ritmik xüsusiyyətləri geniş təhlil olunub və 30 adda, “yox olmaq təhlükəsi” altında olan rəqsin not yazısı işıqlandırılıb.

 

Qaytağı rəqsləri vaxtilə Azərbaycanda çox məşhur olan, lakin illər ötdükcə unudulmağa məruz qalan qədim oyun havalarıdır. Unudulmasının səbəbi isə vaxtında bu rəqs növünün toplanmaması və araşdırılmamasıdır. Azərbaycanın tanınmış musiqişünası Bayram Hüseynli halayların və yallıların toplanması ilə yanaşı, qaytağıların da toplanıb işıq üzü görməsinin arzusunda idi. Lakin zaman keçdikcə həmin arzunun reallaşması R.Bəhmənliyə nəsib olub. Rauf Bəhmənli qocaman musiqiçilərin ifasından, ustad sənətkarların söylədiklərindən əldə etdiyi faktlara əsasən, bu rəqslərin istər adlarının, istərsə də onların musiqisinin, melodik dilinin Azərbaycana məxsus olduğunu, hansı bölgədə, hansı tarixi ərazidə yarandığı haqqında maraqlı məlumatlar aşkar edib.

 

Qaytağı rəqsinin kökü qədim olsa da, müasir dövrdə bütün Qafqaz xalqları tərəfindən məişətin bir hissəsi kimi istifadə edilən xalq rəqsinə çevrilib. Qafqazın hər xalqı bu rəqsi özünəməxsus adlandırır (ləzginka, kabardinkas). R.Bəhmənli bu rəqsin adının kökünü qədim Qafqaz Albaniyasında (indiki Azərbaycan ərazisi) yaşayan mərd, şücaətli Qaytağ xalqı ilə əlaqələndirir.

 

Döyüşçü rəqsi olan qaytağı, vaxt keçdikcə məişətdən bir sıra keyfiyyətləri özündə ehtiva etməyə başlayıb, yarış, xoreoqrafiya oyunu, rəqs-duet çalarları alıb. Bunun örnəklərini “Azərbaycan qaytağı rəqsləri” toplusunda görmək olar. Məcmuənin sonunda rəqslərin oyun qaydaları da geniş təsvir edilib.

 

Belə topluların işıq üzü görməsi mədəniyyətimiz üçün çox vacibdir. Bu sahədə tədqiqatların kitab halında təqdim olunması və gələcək nəsillərə ötürülməsi həm də mənfur qonşularımız tərəfindən rəqslərimizin mənimsənilməsinin qarşı baxımdan əhəmiyyətlidir.

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.5.