Epizodik rollarda da istedad və
bacarığını əsirgəmirdi...
Kinosevərlər onu daha çox
“Qayınana” filmindəki
Sevda obrazı ilə tanıyırlar. Əgər başqa
filmlərdə rol almasaydı belə, o, kino salnaməmizə adını əbədi yazdırmış olacaqdı.
Bir müddət diqqətdən
kənarda qalan, ancaq tamaşaçıların
heç vaxt unutmadığı mərhum
aktrisa, Əməkdar
artist Tanilya Əhmərovanı
anadan olmasının
70 illiyi münasibətilə
yada saldıq.
Tanilya Aisa qızı Əhmərova
1 iyun 1950-ci ildə Bakının Sabunçu qəsəbəsində tatar
ailəsində dünyaya
göz açıb. Orta təhsilini
paytaxtın 78 nömrəli
məktəbində alır.
Tanilya erkən çağlardan teatra maraq göstərir,
şagird ikən oxuduğu məktəbin teatr dərnəyinə gedir. Həmin dövrdən aktrisa
olmaq istəyir.
Valideynləri onun arzusuna qarşı
çıxmır. Ancaq Tanilya orta təhsilini
başa vurduqdan sonra bir müddət istehsalatda
hesablayıcı və
dispetçer işləyir.
Asudə
vaxtlarında öz üzərində çalışır,
mütaliə edir.
1972-ci ildə M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət
İnstitutuna (indiki
ADMİU) qəbul olunur.
Bu təhsil ocağında
dövrün ustad sənətkarlarından kino
və teatr sənətinin sirlərini
öyrənir. Tələbə ikən Bakıdakı mədəniyyət evlərinin
birində işləyir.
1977-ci ildə İncəsənət
İnstitutunu bitirib, Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında işə
başlayır. Tanilya Əhmərovanın
kinoya gəlişi onun üçün heç də çətin olmur. Çünki o, hələ şagird,
sonra tələbə
ikən müəllimlərindən
söz və plastikanın vəhdətini
yaratmağı öyrənmişdi.
Kinostudiyada ekran həyatı
verilən filmlərdə
bir-birindən maraqlı
rolların öhdəsindən
məharətlə gələn
aktrisa tamaşaçıların
rəğbətini qazanır.
Kinoda
ilk rolu “Sevinc buxtası” bədii filmində (1977) Leyla rolu olur. Aktrisa
“Üzeyir ömrü”
filmində Üzeyir Hacıbəylinin anası,
“Qayınana”də Sevda,
“Şir evdən getdi” filmində Şəfiqə müəllimə,
“Üzü küləyə”
filmində Nərgiz rolları ilə yadda qalıb. Həmçinin “Tələ”,
“Təhminə”, “Evlənmək
istəyirəm”, “Əlavə
iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni
dənizdən gözləyin”,
“Qəribə adam”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlük”
(Özbəkistan) və
s. filmlərdə kiçik
planlı rollar oynasa da, istedad
və sənətkarlıq
məharətini nümayiş
etdirib.
Tanilya Əhmərova
“Qayınana” filmində
(1978) Sevda obrazı ilə sevilsə də, sonradan rejissorların diqqətindən
bir qədər kənarda qalıb. Halbuki o, bəzi
çəkildiyi epizodik
rollarda da bacarıq və istedadını maksimum nümayiş etdirməyə
çalışıb. Yəni ona həvalə edilən obrazları sevə-sevə yaradıb.
Aktrisa yeni-yeni filmlərə çəkiləcəyini çox
gözləyib. Sonuncu dəfə
1993-cü ildə “Təhminə”
filmində epizodik rola çəkilib.
Kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə müsahibələrinin
birində aktrisa ilə bağlı deyib ki, sonuncu
dəfə Tanilya xanımla “Qayınana” filminin 30 illik yubileyinə (2008) həsr edilən tədbirdə görüşüb: “Görəndə
tanımadım. Onu optimist bir
insan kimi tanıyırdım. Son zamanlar cəmiyyətdən
uzaq düşmüşdü.
Heç
bir tədbirə qatılmırdı. Demək olar
ki, hamıdan küsmüşdü. O, “Qayınana” ilə yaşayırdı. Bu filmi çox sevirdi. Tanilya xanım çox qabiliyyətli və istedadlı
aktrisa idi”.
A.Kazımzadə Tanilya xanımın maraqlı, xarakterik qadın obrazlarını yaratmaq potensialını yüksək qiymətləndirib. O, aktrisanın zamanında kəşf olunmamağını kinomuz adına itki kimi səciyyələndirib.
Aktrisanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülüb. Daha sonra “Əməkdar artist” fəxri adı alıb. Tanilya Əhmərova 4 avqust 2015-ci ildə, 65 yaşında vəfat edib.
S.FƏRƏCOV
Mədəniyyət.- 2020.- 3 iyul.-
S.5.