“Azərbaycanı hər zaman
hər yerdə qürurla təmsil
etmişəm”
“Vətənə xidmət üçün
ordan gələn bir telefon zəngi mənim üçün
yetərlidir”
Azərbaycan mədəniyyəti qardaş Türkiyədə daha çox musiqi sənəti ilə tanınır, təqdim və təbliğ olunur. Hələ ötən əsrin 80-ci illərinin sonlarından etibarən Türkiyəyə gələn çoxlu sayda yüksək səviyyəli musiqi xadimlərimiz burada həm yaradıcı, həm də tədris fəaliyyəti göstərərək istər incəsənət aləmində, istərsə də ümumilikdə cəmiyyətdə təqdir və rəğbət qazanıblar. 30 il əvvəl Türkiyəyə, oradan isə dünyaya qapı açan musiqiçi Qəniyevlər nəsli də bu sahədə bir nümunədir.
Musiqişünas, skripka ifaçısı, professor, Azərbaycanın Əməkdar artisti Toğrul Qəniyevlə Ankarada Musiqi və Gözəl Sənətlər Universitetinin İcra sənətləri (ifaçılıq sənəti – red.) fakültəsində görüşdük. Onu da qeyd edək ki, Toğrul Qəniyev universitetdə yeni yaradılan bu fakültəyə Adana Çukurova Universitetinin nəzdindəki Konservatoriya müdirliyindən gəlib.
– Toğrul bəy, bildiyimizə görə, atanız, mərhum Sərvər Qəniyev 1989-cu ildən Türkiyəyə gəlib. Siz də o vaxtdan taleyinizi Türkiyəyə bağladınız?
– Dünyaya gözümü açdığım gündən evimizdə skripka, kvartet, kamera musiqilərinin səsini duydum. Atam musiqinin vurğunu idi, bütün varlığını sənətə həsr etdi. Görünür, musiqini seçməyimdə onun bu sevgisinə heyranlığım da rol oynadı. Mən ustad sənətçi olaraq atamdan heç doymadım. 1980-ci illərin sonlarında Azərbaycanın da daxil olduğu Sovet İttifaqı dağılmaq ərəfəsində ikən baş verən ictimai-siyasi hadisələr fonunda dəyərlər dəyişməyə başladı, incəsənətə diqqət, o cümlədən klassik musiqiyə maraq sanki arxa plana keçdi. O zaman klassik musiqi ifaçıları üçün Türkiyə daha cəlbedici oldu. Atam 1989-cu ildə, mən isə ondan bir il sonra, 1990-cı ildə Ankaraya dəvət aldıq.
Atamın çalışdığı hər
yerdə Sərvər Qəniyev adı unudulmur.
O, uzun
illər Misirdə yaşayıb, orda konservatoriya qurub. Azərbaycanda da bütün
işləri öz zəhməti ilə görüb. Kamera orkestrində
solist kimi çalışırdı. Moskvada da təhsil almışdı. Kasıb
ailədə böyümüşdü
və bütün uğurlara öz gücü ilə nail olmuşdu.
Biz Türkiyədə atamla birlikdə öncə Ankara Dövlət Operasında, 1993-cü ildən isə Bilkənt Universitetində fəaliyyət göstərdik. Bilkənt Universitetinin Musiqi fakültəsini atam yaratdı, mən də ona yardımçı oldum. Bildiyiniz kimi, bu universitetin əsasını İhsan Doğramacı qoyub. O zamanlar atama universitet, orkestr qurmaq kimi bir niyyətinin olduğunu demişdi. “Bacararıqmı?” deyə soruşmuşdu. Bu da, əlbəttə, atamın çox ürəyincə olan məsələ idi. Sevərək bu işə başlamışdı. O, Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Almaniyadan mütəxəssislər dəvət etdi və bu ali təhsil ocağı yarandı. Bu gün Bilkənt Universitetinin Musiqi və səhnə sənətləri fakültəsi, fikrimcə, Türkiyədə bir nömrəli ixtisaslaşmış təhsil müəssisəsidir.
O zamanlar Azərbaycanda iqtisadi vəziyyət pisləşdiyinə görə atam 30-dan çox sənətçi ailəsinin də Ankaraya gəlib yerləşməsinə kömək etdi. Biz Qəniyevlər olaraq Azərbaycanla əlaqəmizi heç vaxt kəsmədik. Mən mütəmadi Bakıya gedib-gəlir, konsert proqramları ilə çıxış edirəm.
– Hazırda bu universitetdə fəaliyyətiniz nə yerdədir?
– Bilkənt Universitetində bir müddət çalışdıqdan sonra düşündüm ki, artıq mənim dövlət sektorunda da müəyyən işlər görməyim lazımdır. Bu səbəbdən 2015-ci ildə öz istəyimlə Bilkənt Universitetindən çıxdım və Adanada, Çukurova Universitetində Konservatoriyanın müdiri kimi fəaliyyətə başladım. Qaydalara uyğun olaraq birinci dönəm 4 il müdir oldum. İkinci dönəm seçimlərində də təkrar seçildim. Sonra Ankarada Musiqi və İncəsənət Universiteti fəaliyyətə başladı və rektor da məni çalışmağa dəvət etdi. Bu universitetdə, bizim keçmiş konservatoriyada olduğu kimi, həm xalq sənətləri, həm türk musiqisi, həm də Qərb musiqiləri üzrə tədris aparılır. Onu da qeyd edim ki, universitet yeni açıldığına görə həm də İcra sənətləri fakültəsinin qurucu dekanıyam.
– Qurucu dekan olmaq da yəqin
ki, asan deyil...
– Təbii ki... Artıq il yarımdır ki, bu təhsil ocağında çalışıram.
Digər
tərəfdən, məlum
pandemiyaya görə,
işlərimiz daha da çətinləşib.
Amma heç nəyə baxmayaraq işlərimiz davam edir.
– Bu sahədə uğurlarınızla
bağlı özünüzü
peşəkar bir musiqiçi kimi necə qiymətləndirərdiniz?
– Həyatımdan çox məmnunam. İstedad elə bir nəsnədir ki, onun sonu yoxdur.
Musiqi təhsilinə 3 yaşımdan
başlamışam. Oturub düşündükcə
gəncliyimdə etdiyim
səhvlər ortaya indi çıxır.
Deyirəm ki, kaş bunların üstündə
daha çox duraydım. Karyeranın da bir yaşı var. Mənə
elə gəlir ki, mən öz
sənətimdə özümü
tapmışam, dünyada
və Azərbaycanda bu sənətlə özümü tanıda bilmişəm. Hazırda Azərbaycanın
Əməkdar artistiyəm.
Artıq
mənim üçün
səhnə ikinci plana keçib. Öz bildiklərimi gənclərə
öyrətmək istəyirəm.
Bilirsiniz,
Azərbaycanın Qarabağ
torpağında çoxlu
tanınmış musiqiçilər,
istedadlar yetişib.
Bizim də bir tərəfimiz
Qarabağdandır. Arzum Şuşada,
Cıdır düzündə
konsert verməkdir.
Mən vaxtilə Niyazi kimi dahi ilə
konsert vermişəm.
Hətta
evlərində olmuşam,
özünün də,
həyat yoldaşı
Həcər xanımın
da necə sadə insanlar olduqlarını görmüşəm.
– Yeri gəlmişkən, Azərbaycan musiqisi, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət
Əmirov kimi tanınmış musiqiçilərimiz
Türkiyə ali məktəblərində tədris
olunurmu?
– Türkiyəyə ilk gəldiyimiz
zamanlarda Azərbaycan musiqisi haqqında az məlumat
vardı. Biz ailəliklə
Azərbaycan musiqilərini
təbliğ etdik.
Bundan başqa, qeyd etdiyim kimi, atamın
dəvətilə Azərbaycandan
Ankaraya gələn mütəxəssislər bizim
musiqi nəzəriyyəmizi
hazırlayıb tədris
ediblər və bu ənənə yenə də davam edir. Türkiyədə Azərbaycanın böyük bəstəkarları
Üzeyir Hacıbəyli,
Qara Qarayev, Fikrət Əmirov və digərlərinin irsini təbliğ edirik. Bu gün
Türkiyədə Azərbaycan
musiqisinə, sənətinə
çox böyük önəm verirlər.
Yəni daha öncə bizim musiqiçilərin səpdikləri toxum bu gün bəhrəsini
verir.
– Türkiyə bəstəkarı
Əhməd Adnan Sayqunun “Koroğlu” operası ilə Üzeyir Hacıbəylinin
“Koroğlu” operasını
müqayisəli olaraq
necə dəyərləndirərdiniz?
– Bu əsərlər fərqlidir. Əhməd Adnan Sayqun əsərdə həyatını da anladır. Mənə görə, pessimist həyat yaşamış musiqiçidir. Pessimizm digər əsərlərinə də sirayət edib. Amma Üzeyir Hacıbəyli isə yeganə bəstəkardır ki, Azərbaycan xalq musiqisinin, folklorunun klassik musiqi ilə harmoniyasından çox gözəl əsər yaradıb. Yalnız Üzeyir bəy kimi dahi sənətkar belə bir əsər yarada bilərdi.
– Vətənlə əlaqəni heç vaxt üzməmisiniz. Azərbaycana qayıtmaq istərdinizmi?
– Bakıda anadan olub, orada böyüyüb boya-başa çatan bir insan üçün birdən- birə başqa ölkədə yaşamaq, çalışmaq əlbəttə çətindir. Türkiyəyə 25 yaşımda gəlmişəm, artıq 30 ildir burdayam. İnsan yaşlandıqca onu vətən, torpaq daha çox çəkir. Yaxınlarda 55 yaşım tamam olacaq. İstəyirəm ki, Azərbaycan üçün daha çox işlər görüm. Əgər uyğun şərait olarsa, öz ölkəmə dönməyə hazıram. Vətən vətəndir. Azərbaycanı hər zaman hər yerdə qürurla təmsil etmişəm. Harada işləməyimdən asılı olmayaraq, otağımda masamın üzərində Türkiyə bayrağı ilə yanaşı mütləq öz bayrağımız da olub. Vətənə xidmət üçün ordan gələn bir telefon zəngi mənim üçün yetərlidir. Azərbaycandan xarici ölkələrə gedən çox gözəl sənətkarlar var və müvafiq şərait olsa, mən də, başqaları da vətənə dönərik.
– Musiqi estafetini bacınız oğlu Elvinə və qızınız Ceylaya ötürdünüz. Ailədə peşəkar səviyyədə musiqi sahəsini seçən daha kim var?
– Bəli, nəslimizdə üçüncü nəsil musiqiçilər yetişib. Elvin çox bacarıqlıdır. Əminəm ki, o dünya ulduzu olacaq. Ceyla artıq musiqi üzrə karyerasına başlayıb, elmi işini müdafiə edib, dosentlik imtahanına hazırlaşır. Hazırda Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin müəlliməsidir. Bizim ailədə heç vaxt demədilər ki, hansı sənəti seçək. Yəni musiqi sahəsini seçmək bizim şəxsi istəyimizə bağlı olub. Hazırda nəslimizdə Elvin və Ceyladan sonra bu sahəni seçən yoxdur. Düşünürəm ki, bir yerdə durmaq lazımdır.
Mehparə SULTANOVA
Mədəniyyət.- 2020.- 3 iyul.- S.7.