Azərbaycan mətbuatının 145 illiyi
və informasiya-kommunikasiya sahəsində yeni
çağırışlar
24/7 rejimdə informasiya axını və
dövriyyəsi mühitində media yeni məzmun və forma kəsb
edir
Bu gün biz Azərbaycan milli mətbuatının 145 illiyini qeyd edirik. Görkəmli maarifçi-publisist Həsən bəy Zərdabi banisi olduğu “Əkinçi” qəzeti ilə gələcək nəsillərin rəhbər tuta biləcəyi 3 təməl prinsipi – maarifçilik, müasirlik və istiqlal məfkurəsini müəyyən etmişdir.
Tarixin mürəkkəb mərhələlərindən keçməsinə baxmayaraq, həmin prinsiplər bu gün də aktualdır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımızın görkəmli mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəvi dəyərlərin və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər.
Təsadüfi deyil ki, müstəqilliyimiz bərpa edildikdən sonra milli mətbuatın inkişafının yeni dönəmi məhz Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə yeni siyasi-iqtisadi münasibətlərə transformasiya çərçivəsində həyata keçirilən fundamental islahatların tərkib hissəsi kimi 1995-ci ildə yeni Konstitusiya qəbul olunub, insan hüquq və azadlıqları kontekstində dövlətin informasiya siyasətinin prioritetləri müəyyən edilib, 1998-ci ildə senzura ləğv olunub, media üzərində dövlət nəzarəti aradan qaldırılıb və mətbuatın inkişafı üçün yeni perspektivlər açılıb. Ötən illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib.
Bu kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti mətbuatın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Cəmiyyətin həyatında mətbuatın rolunun durmadan artdığını, onun fəaliyyətində obyektivlik və sosial məsuliyyət prinsiplərinin, ictimai rəyə kənar təsirlərin artdığı şəraitdə vətənpərvərliyi və milli maraqları daim rəhbər tutmasının, informasiya mübarizəsinin kəskinləşdiyi hazırkı dövrdə beynəlxalq media məkanına çıxaraq, ölkəmizin maraqlarını müdafiə etməsinin zəruriliyini dəfələrlə vurğulayıb.
Prezidentin milli mətbuatın 145 illik yubileyi ilə bağlı sərəncamında bu sahənin növbəti inkişaf mərhələsində fəaliyyət prinsipləri və istiqamətləri müəyyən edilib. Sərəncamda:
kütləvi informasiya vasitələrinin də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmaması;
qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşması;
cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində səylərini daha da gücləndirməsi ilə bağlı gözləntilər əks olunub.
Bunlardan əlavə, sərəncamda medianın inkişafını şərtləndirən əsas amillər kimi modernləşmə, rasionallıq, kreativlik, obyektivlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi sadalanır.
Modernləşmə – cəmiyyəti irəliyə aparan bütün mütərəqqi dəyişikliklərin məcmusudur. Bu baxımdan medianın üzərinə düşən məsuliyyət modernləşmənin mənfi aspektlərindən qorunmaqla yanaşı, mütərəqqi yenilikləri əxz etməkdən ibarətdir.
Rasionallıq – medianın fəaliyyətində rəhbər tutmalı olduğu ən önəmli prinsiplərdən biridir. Hər bir media nümayəndəsi fəaliyyətinin auditoriyaya mümkün təsirlərini, cəmiyyətdə doğuracağı reaksiyaları əvvəlcədən hesablamalı və dərk etməlidir. İnformasiyanın təsir imkanlarının qabaqcadan planlaşdırılması və ölçülməsi peşəkar kommunikasiyanın ən önəmli komponentlərindən biridir.
Kreativ media bütün texnoloji, sosial innovasiyaları öz fəaliyyətinə uğurla inteqrasiya edən, yeni kommunikasiya üsullarının geniş tətbiqinin öhdəsindən gələn, habelə oxucularla interaktiv ünsiyyətə daxil olmağı bacaran mediadır.
Obyektivlik – müasir medianın funksional zəruriliyini müəyyən edən ən başlıca prinsipdir. Obyektivlik olmadan müasir cəmiyyət mövcud informasiya xaosunda həqiqət və qərəz arasında seçim etmək imkanından məhrum olur. Obyektiv media həqiqətin aynası mövqeyindən yayınmayan, ictimai fikirdə çaşqınlıq yaratmaq bahasına qazanılan populyarlıqdan çəkinən və həqiqəti rəhbər tutan mediadır.
***
24/7 rejimdə informasiya axınının səmərəli idarə edilməsi, “fake news” və “deepfake” texnologiyaları dövründə həmin prinsiplərin rəhbər tutulması, informasiya təhlükəsizliyinin təmin edilməsi ən aktual məsələlərdən biridir. Bu isə klassik, yeni, sosial media, ümumilikdə kommunikasiya sahəsində konseptual və praktiki yanaşmaları özündə ehtiva edən sistemli işin qurulmasına əsas yaradır.
İnformasiya hər zaman cəmiyyətin inkişafını şərtləndirən, onun fəaliyyət istiqamətlərini müəyyən edən amillərdən biri olub. Rəqəmsal erada isə informasiyanın cəmiyyətdəki proseslərə təsir imkanları heç vaxt olmadığı qədər artıb. Bu, ilk növbədə, informasiyanın yayılma sürətinin artması ilə bağlıdır. Bu artımın başlıca hərəkətverici qüvvəsi isə internetdir. Analitiklərin fikrincə, bəşər tarixi bütövlükdə 12 ekzabit informasiya istehsal etdiyi halda, son 2 ildə eyni həcmdə əlavə informasiya istehsal olunub. Məsələn, 2015-ci ilin məlumatlarına görə, dünyada hər dəqiqə 5 milyon videoya baxılır, internetdə 2,6 milyon sorğu verilir, 600 sayt yaradılır.
Sözsüz ki, İKT və kommunikasiya sahələrində baş verən inqilabi yeniliklər özü ilə müvafiq dəyişiklikləri də gətirir. Qloballaşma prosesinin təsiri, alternativ informasiya platformasına çevrilən sosial şəbəkələrin yaranması, xalqların dəyərlər sistemindəki ciddi və sürətli transformasiyalar da medianın üzərinə heç zaman olmadığı qədər böyük məsuliyyət qoyur.
Texnoloji innovasiyalar yeni imkanlarla yanaşı, müəyyən təhdidləri, çağırışları da özündə ehtiva edir. Təbii ki, bu, ictimai münasibətlərə təsirsiz ötüşmür. “Yeni media” fərqli inkişaf səviyyəli cəmiyyətlərin müxtəlif reaksiyasına səbəb olsa da, onları ümumi birləşdirən cəhət dəyişikliklərin və dəyişikliklərə adaptasiya prosesinin nəsillərarası deyil, bir nəsil daxilində baş verməsidir.
Yeni media bir sıra tendensiyalar da doğurub: kütləvi kommunikasiyanın şəbəkələşməsi, fərdlərin individual transformasiyası, informasiyanın fərdiləşməsi, yeni diskussiya formatları, sosial qruplar və kommunikasiya kanallarının yaranması, ictimai müzakirənin qütbləşməsi, dezinformasiyanın geniş yayılması və s. Üstəlik, yaxın gələcəkdə 5G texnologiyası kontenti daha sürətli etməklə yeni medianın inkişafına növbəti təkan verəcək.
Yeni media-platformalar (sosial şəbəkələr və mesencerlər) böyük bir auditoriyanın informasiya gündəliyinin formalaşdırılması üzərində nəzarəti tam ələ alıb. Məsələn, 2017-ci ilin məlumatlarına görə, “Google” qlobal kontekstdə reklam bazarının 90 faizinə, “Facebook” isə sosial şəbəkələrin 80 faizinə nəzarət edir. Bu platformalar gündəlik informasiya vasitəsilə auditoriyanın əhval-ruhiyyəsini, qərarlarını və motivlərini idarə edir, kimin bu auditoriyaya buraxılması, kimin buraxılmaması məsələsini müəyyənləşdirir. İlkin mərhələdə dövlətlərin və ya monopoliyaların nəzarət etdiyi kanallar vasitəsilə informasiyanın mərkəzləşmiş formada yayılmasına alternativ kimi meydana çıxan rəqəmsal platformalar nəticədə özlərinin korporativ və ya ayrı-ayrı siyasi və iqtisadi qrupların ambisiyalarının girovuna çevriliblər. Onların neytrallıq illüziyası getdikcə dağılır, manipulyasiya vasitəsi olduqları özünü açıq şəkildə büruzə verir. Biz Azərbaycan reallığında da sosial şəbəkələr və mesencerlər vasitəsilə daxildən və xaricdən cəmiyyətin əhval-ruhiyyəsinə və psixoloji durumuna müəyyən maraqlar çərçivəsində təsir göstərmək cəhdlərini davamlı şəkildə müşahidə edirik. Bu isə təbii olaraq, informasiya təhlükəsizliyini, rəqəmsal birgəyaşayış qaydalarının formalaşdırılmasını gündəmin aktual mövzularından birinə çevirir.
Buna baxmayaraq, 24/7 rejimdə informasiya axını və dövriyyəsi mühitində media nəinki cəmiyyətin ən mühüm institutlarından biri olaraq qalır, həm də yeni məzmun və forma kəsb edir.
XXI əsrdə müasir texnologiyaların sürətli inkişafı dövlətlərin milli maraqların təmin olunması, daxili və xarici siyasətin həyata keçirilməsində yeni yanaşmaların tətbiq edilməsinə gətirib çıxarmışdır.
İnformasiya və hibrid müharibələrin üstünlük təşkil etdiyi hazırkı qlobal gündəm hər bir dövlətin, o cümlədən də Azərbaycanın informasiya siyasətinin səmərəli qurulmasını, onun həyata keçirilmə mexanizmlərinin daim yenilənməsini, çevikliyinin təmin edilməsini, media və kommunikasiya sahəsində islahatların dərinləşdirilməsini şərtləndirir.
Pandemiyanın stimullaşdırdığı ideoloji trendlər
Hələ COVİD-19 pandemiyasından əvvəl dünyada başlamış ideoloji böhran və sosial medianın təsiri ilə populist ideyaların geniş yayılması, müxtəlif siyasi qüvvələrin – sağların və solların elektorat və reytinq uğrunda mübarizədə öz klassik oriyentirlərindən tədricən uzaqlaşaraq marginallaşması, liberal iqtisadiyyatın təklif etdiyi inkişaf modellərinin maliyyə və sənaye kapitalizmi arasındakı konseptual ziddiyyətləri aradan qaldıra bilməməsi müasir dövlət idarəçiliyində də sistem dəyişikliklərini qaçılmaz edir. Əslində, pandemiya bu yeni yanaşmaların axtarışını daha da stimullaşdırır və sürətləndirir.
Bu baxımdan regionallaşma, lokallaşma, texnokratik idarəetmə, rəqəmsallaşma, dövlət kapitalizmi, neo-kommunitarizm kimi ideoloji trendlər önə çıxmağa başlayır. Göründüyü kimi, pandemiyanın təsiri altında ideoloji trendlər də sürətlə dəyişir və zamanın çağırışlarına uyğunlaşmağa çalışır. Bu kontekstdə Azərbaycan da yaxın və uzaq perspektiv üçün öz inkişaf modelinə uyğun olaraq ideoloji sahədə yenilənmənin çərçivəsini müəyyənləşdirməli, dövlətin informasiya-kommunikasiya siyasəti inkişaf modelinə və onun yenilənmiş ideoloji məzmununa uyğunlaşdırılmalıdır.
İnformasiya siyasəti
Dövlətin çoxfunksiyalı siyasi, ideoloji vəzifələrindən birini informasiya siyasəti təşkil edir. Səmərəli informasiya siyasəti sistemliliyi ilə fərqlənir və vətəndaş-cəmiyyət-dövlət maraqlarının uzlaşdırılmasını təmin edir.
Azərbaycan hazırda köklü islahatlar mərhələsini yaşayır və formalaşan yeni idarəçilik mexanizmi müvafiq informasiya siyasətinin yürüdülməsini şərtləndirir. Bu, özündə:
medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının müasir dövrün çağırışlarına uyğun olaraq yenilənməsini;
media infrastrukturunun təkmilləşdirilməsini, mediaya birbaşa və dolayı dövlət yardımının formalarına yenidən baxılmasını;
medianın fəaliyyətinin iqtisadi özüllərinə yeni baxışı, optimallaşdırmanı;
media və
onunla sıx bağlı olan kreativ sənayenin
formalaşmasını;
rəqəmsallaşmaya keçidin yekunlaşmasını;
jurnalistikanın peşəkarlığının artırılması
və müasir media sənayesinin tələbatlarına
uyğun olaraq, yeni ixtisaslar üzrə kadr
hazırlığını və s. ehtiva edir.
İnformasiya
təhlükəsizliyi
İnformasiya təhlükəsizliyi informasiya siyasəti
və kommunikasiya ilə əlaqəli nəzərdən
keçirilməlidir. Fiziki sərhədlərin silindiyi, qlobal təhdid və
çağırışların geniş
yayıldığı vahid informasiya məkanında hibrid
informasiya-psixoloji əməliyyatlar, informasiya
manipulyasiyaları, saxta xəbərlər (“fake news”) vasitəsilə
digər ölkələrin daxili işlərinə
qarışmaq imkanları peşəkar media fəaliyyətinə
ehtiyacı dəfələrlə artırır.
Son günlər Ermənistan dövlət sərhədimizin
Tovuz istiqamətində atəşkəsi pozmaqla ölkəmizə
qarşı hərbi əməliyyatlarla informasiya
hücumlarının birgə tətbiqinə əsaslanan
hibrid müharibə taktikasından istifadə etmişdir. Biz hərbi əməliyyatlarla
yanaşı, informasiya resurslarına haker
hücumlarının təşkil edildiyinin, düşmənin
psixoloji-informasiya əməliyyatlarına cəhd göstərdiyinin,
xeyli saxta məlumatları yaymaqla əhalidə
çaşqınlıq, ruh düşkünlüyü və
təşviş yaratmaq, xalqla dövlət arasında təbii
təməl əlaqəni zədələmək və
çox təəssüf ki, milli oriyentirlərini itirmiş bəzi
marginal qüvvələrin milli maraqları gözardı edərək
ölkəmizə qarşı yönəldilən təxribat
fəaliyyətində yer aldığının növbəti
dəfə şahidi olduq.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın xalqa son müraciətində münaqişə
dövründə informasiya təhlükəsizliyi məsələlərini
əhatə etməklə, son hadisələr zamanı sosial
mediada müşahidə olunan mənfi təmayüllər
dolğun şəkildə təhlil edilmişdir:
“Yaşadığımız qarşıdurma şəraiti
bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm
də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə
informasiya müharibələrinin miqyası, onların hadisələrin
gedişatına təsiri qarşıdurmanın nəticəsinə
təsir edən olduqca mühüm amilə çevrilirlər.
Müasir informasiya platformaları düşmən qüvvələr,
bədxah insanlar, bəzən, sadəcə, paxıl və qərəzli
dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat
xarakterli materialların yayılması üçün
vicdansızcasına istifadə olunur. Məqsəd
– çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq,
düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini
artırmaqdır”. Müraciətdə vətəndaş
olaraq hər birimizin üzərinə düşən və
gündəlik həyatımızda riayət etməli
olduğumuz prinsipial məsələlər dəqiqliklə
ifadə edilib: “Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın
mövqeyini müdafiə etməkdir. Nəinki
döyüş meydanında, həm də kompüter
qarşısında. Unutmayaq ki, bu gün
biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə”.
Göründüyü kimi, bütün bu təhdidlərə
cavab olaraq, dövlətimiz, ordumuz və xalqımız bir
yumruq kimi həm döyüş, həm də informasiya
meydanında müharibə aparır. Məhz bu vəhdət,
dövlət fəaliyyətinin bütün istiqamətlərini
əhatə edən düzgün qurulmuş, səmərəli
hərbi-psixoloji-informasiya əməliyyatları gələcək
qələbəmizi şərtləndirir. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev son
çıxışında bunu bir daha vurğulayaraq bildirib:
“Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək
lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün
addımlarımız uğurlu olub – istər döyüş
meydanında, istər siyasi müstəvidə, istər daxili
vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”.
Təsadüfi
deyil ki, bu gün dünyada baş verən istənilən
münaqişə zamanı ilkin hədəf kimi hərbi
obyektlərlə yanaşı, informasiya və kommunikasiya
“obyektləri”, həm ön, həm arxa cəbhənin strateji
resursu hesab edilən KİV, insanların psixoloji durumu hədəfə
alınır. Reallıq belədir ki, informasiya
bu gün bütün sferalarda ən önəmli güc mənbəyi
olmaqla yanaşı, həm də ən təsirli silahdır.
Tarix müxtəlif vaxtlarda hətta cüzi
informasiya üstünlüyünün belə böyük hərbi
əməliyyatların dönüş nöqtəsinə
çevrilə bildiyini dəfələrlə nümayiş
etdirib. Bu baxımdan, ölkəmizin
kütləvi informasiya vasitələrinin, sosial media
resurslarının üzərinə olduqca böyük vəzifələr
düşür. Həlledici məqamlarda
saxta, əsassız məlumatların yayılmasının
qarşısını vaxtında almaq, lakin bununla bərabər
məlumat axınının operativliyini təmin etmək
yüksək əzm və peşəkarlıq tələb
edir.
İnformasiya təhlükəsizliyinin digər vacib
istiqaməti 24/7 rejimdə informasiya axını içində
saxta və doğru xəbərlərin, əsas və ikincidərəcəli
informasiyaların operativ filtrasiyasıdır. Bu mənada,
etiraf etməliyik ki, ölkəmizdə informasiya
resurslarının zənginliyi şəraitində medianın
informasiya axınına peşəkar şəkildə
filtrasiya tətbiq etmək imkanları məhduddur. Məhz buna görədir ki, informasiyanın təqdimatında
qrammatik qaydaların pozulmasından tutmuş mahiyyət etibarilə
qeyri-obyektiv və zərərli məlumatların informasiya məkanına
çıxarılması və qısa zaman ərzində
geniş yayılması halları tez-tez müşahidə
olunur. Mütəxəssislərin fikrincə,
çoxsaylı mənbələr içindən ən dəqiq
və aktual məlumatın axtarılması və peşəkar
səviyyədə təqdim edilməsi hər bir media
üçün yaxın gələcəkdə uğurun əsas
amillərindən birinə çevriləcək.
UNESCO-nun
2002-ci ildə apardığı tədqiqatlara görə,
Avropa əhalisinin 74 faizi “infofobiya”dan – informasiyanın
çoxluğu nəticəsində yaranan yorğunluq
sindromundan əziyyət çəkir. Son 20 il
ərzində sosial şəbəkələrin də
yaranmasını və alternativ informasiya platformasına
çevrilməsini nəzərə alsaq, infofobiyanın
yaratdığı fəsadları təsəvvür etmək
çətin deyil. Hazırda bəzi texnologiya
şirkətləri hətta sosial şəbəkə və
mesencerlərdən çıxmaq üçün “app” xidmətlər
də təklif edir. Göründüyü
kimi, fasiləsiz, sürətli və böyük həcmli
informasiya axını həqiqi və saxta xəbərlər
arasında seçim etmək imkanını dəfələrlə
azaldır.
Hazırkı
qlobal pandemiya yeni bir tendensiyanı – “infodemiya”nı
da meydana çıxarıb. “İnfodemiya”
informasiyanın həddindən artıq böyük həcmlərdə
dövriyyəsi, onun çirkliliyi və nəticədə
insanların doğru və saxta xəbərlər arasında
qalaraq seçim imkanlarının zəifləməsi deməkdir.
Beləliklə, infodemiya şəraitində xəbər
çirkliliyinə və məlumat sıxlığına
qarşı ən səmərəli vasitə peşəkar
medianın yerinə yetirdiyi filtrasiya roludur.
Bu sahədə, xüsusilə sosial media sahəsində
hüquqi tənzimləmənin zəif olduğunu nəzərə
alaraq, mübarizə üçün milli, regional və beynəlxalq
səviyyələrdə tərəflərin davranış
qaydalarını, məsuliyyətini, hüquq və vəzifələrini
müəyyənləşdirəcək normaların
formalaşdırılması, birgə əməkdaşlıq
platformalarının yaradılması zəruridir.
Kommunikasiya
işi
Hazırda dövlətin kommunikasiya fəaliyyətinin təkmilləşdirilməsinə
də böyük ehtiyac var. İndi bütün dövlətlər
informasiya texnologiyalarının sürətlə inkişaf
etdiyi, 24/7 rejimdə “şaquli” və “üfüqi” səviyyələrdə
informasiyanın maneəsiz yayıldığı məkanda
yaşayır.
Əvvəllər lokal xarakter daşıyan məlumatlar
və hadisələr indi ölkələr səviyyəsində,
bəzən regional və qlobal səviyyədə əks-səda
doğurur. Bu baxımdan
informasiya-kommunikasiya işini uğurla qurmağa
çalışan istənilən dövlət həmin şərtləri
nəzərə almalıdır. Kommunikasiya
strategiyası xarakterinə görə sistemli, operativ
olmalı, ikitərəfli məlumat axını şəraitində
ictimai rəyi həmişə nəzərə almalı,
daxili və xarici istiqamətlərdə differensasiya
olunmalıdır. Buraya kommunikasiya və ictimaiyyətlə
əlaqələr işinin təşkili, klassik, onlayn və
sosial mediada səmərəli fəaliyyətin, böhran
şəraitində kommunikasiyanın düzgün qurulması
və s. məsələlər daxildir.
Ölkəmizdə də son zamanlar bu istiqamətdə xeyli iş görülmüşdür. COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində dövlət orqanlarının fəaliyyətinin müntəzəm işıqlandırılması, əhalinin operativ məlumatlandırılması, Tovuz istiqamətində Ermənistanın təxribatı ilə bağlı daxildə və xaricdə informasiya-kommunikasiya işinin operativliyi-çevikliyi məhz bu kontekstdə baş verən müsbət dəyişikliklərdir. Azərbaycan Respublikasının Prezidenti son çıxışında bu günlərdə heç vaxt olmadığı qədər çox güclü beynəlxalq dəstək gördüyümüzü qeyd etdi. Bu, Prezidentin yürütdüyü uğurlu xarici və çevik informasiya-kommunikasiya siyasətinin nəticəsi idi.
***
Beləliklə, müasir dövrdə dövlətin informasiya və kommunikasiya fəaliyyəti daxili və xarici istiqamətləri əhatə etməklə 3 komponentin birgə vəhdəti üzərində qurulmalıdır:
informasiya
siyasəti,
informasiya
təhlükəsizliyi,
kommunikasiya.
Bu baxımdan yalnız kompleks yanaşma tətbiq etməklə
uğurlu informasiya-kommunikasiya işini qurmaq olar. İnformasiya-kommunikasiya
strategiyası xarici və daxili siyasi trendləri,
informasiyanın şaquli və üfüqi yayılma
xüsusiyyətlərini nəzərə almaqla, vətəndaş-cəmiyyət-dövlət
üçbucağının qarşılıqlı
münasibətlərinin tənzimlənməsini əhatə
etməlidir.
Səadət YUSİFOVA
Prezident Administrasiyasının Qeyri-hökumət
təşkilatları ilə iş və kommunikasiya
şöbəsinin müdir müavini
Mədəniyyət.- 2020.- 24 iyul.-
S.5.