“Ellər səni yad
eyləyəcək...”
Aşıq Ağalar
yüzlərlə şeiri, 4 dastan-rəvayəti
və qəlb titrədən avazı ilə yaddaşlara
köçüb
Təbiətin oyanan çağında, havadan baharın asılıb qaldığı vədəsində, səhərin gözü açılar-açılmaz qara zurnanın şirin, şaqraq səsi Qəşəd kəndini başına götürdü. Kalvalı Əli kişinin zurnasının səsiydi bu. “Cəngi” havasına oyanan kənd əhli səs gələn səmtə – Mirzə Bilalın ocağına tərəf axışdı. O Mirzə Bilalın ki, Qəşəddə, cəmi Şirvanda çoxlarının evində, ocağında çalıb-çağırmış, toy-düyününü şadlandırmışdı. O Mirzə Bilalın ki, ilk oğul övladı dünyaya gəlmişdi və çiyin yoldaşı, sənət dostu Kalvalı Əli Kərimovun gözaydınlığı, muştuluğu, əhdi idi bu səhər kəndi başına yığan “Cəngi”.
Ad axtarmadılar bu uşağa, zatən adı doğulmamışdan qoyulmuşdu. Aşıq Bilal da, Əli Kərimov da əhd etmişdilər ki, hər ikisi yolunu gözlədikləri övladları oğlan doğularsa, həyatdan nakam getmiş sənət dostları xanəndə Ağaların adını qoysunlar uşaqlara. Beləcə, 1913-cü ilin yazında bir Dədə sənətkarın ocağında sənətə, sənətkara hörmət, məhəbbət, ehtiram, etibar naminə Ağalar adını yaşadan bir oğul da doğuldu.
Böyüdü, sazla, sözlə, havacatla. Əhli-hal arasında hal əhli kimi böyüdü. Nəslinə, şəcərəsinə, irsinə sədaqət və ehtiramla böyüdü. Şirvan aşıq sənətinə və bu sənətin sultanı Aşıq Mirzə Bilalın adına layiq – Aşıq Ağalar kimi yaşadı, yaratdı, tanındı.
Hərçənd, söz Şirvan aşığından düşürsə, Şirvan aşıq mühiti və onun özəllikləri barədə qısaca xatırlatma verək. Şirvan torpağı nağılla, dastanla, bayatı, atalar sözləri, lətifələrlə zəngindir. Bu folklorun ən geniş qolu, məxsusi yeri, çəkisi, özünəməxsus xüsusiyyətləri ilə seçilən Şirvan aşıqlığıdır. Şirvan aşıqlığı zəngin bir məktəbdir. Oxu və çalğı üslubunda xanəndə tərzini qabarıq görüntülərlə əks etdirdiyinə görə, Şirvan mühitinin musiqi repertuarı ənənələri aşıq repertuarından xeyli fərqlənir. Bununla belə, Şirvan aşıqlarının musiqi repertuarında Azərbaycan aşıq sənətinə məxsus olan klassik saz havaları da mühüm yer tutur.
Keçən əsrin əvvəllərindən başlayaraq Şirvan aşıq mühitinin zirvəsində taxt-tac qurmuş Aşıq Bilal ənənəsi mühitin bir çox ustad sənətkarı tərəfindən təbliğ olunmuş, qorunmuş və zənginləşmişdir. Aşıq Bilal öz ədəbi mövqeyinə görə aşıq poeziyasında özünə elə bir mövqe seçib dayanmışdır ki, ondan sonra yetişən Şirvan sənətkarları Dədə Bilalın təsirindən kənarda qala bilməmişlər. Handa ki, bu sənətkar Dədə Bilalın öz ocağında yetişə, öz varisi, öz canı, öz qanı ola...
Beləcə, Aşıq Bilaldan öyüd aldı, dərs aldı Ağalar. Elin ağsaqqalı (gənc yaşından), baş biləni, mirzəsi, şairi, aşığı, nə xoşbəxt ki, onun atasıydı, böyüyüydü. Ruzini el-oba tökürdü başlarından. Məclislərdə yerləri yuxarı başdaydı. Günləri ah-zardan uzaq, toy-düyünlə, çal-çağırla keçirdi. Bəxtəvər idilər, bədnəzərə gəldilər, bəd dillərə düşdülər...
Qara eynəklilər, qara maşınlarda bir gün dayandı doqqazlarında... Millət vəkili, akademik Rafael Hüseynov demişkən: “Haqq aşığını öldürdülər. Haqqın işığını söndürdülər. Günahı o idi ki, aşıqdı. Günahı o idi ki, el-oba onu sevirdi. Günahı o idi ki, bircə kəlmə “gəl” desəydi, camaat ardınca düşərdi...”.
Qara günləri başladı Ağaların. Xoşbəxtliyi kimi təhsili də, aşıqlığı da yarımçıq qaldı. Hər şeylərini aldılar əllərindən, ancaq qürurlarını itirmədilər. “Xalq düşməni”nin oğlanlarının üçü də faşizmə qarşı döyüşdülər. Kişi kimi döyüşdülər. “Düşmən” damğasını, böhtanı, ləkəni sildilər adlarından qanları ilə...
Boğazından aldığı yara ilə döndü müharibədən Ağalar. Sanki namərd faşist bu boğazın, bu səsin onunçün, el-obası üçün gərəkli olduğunu bilərəkdən qəsd etmişdi ona. Bir müddət məyus oldu. Əlinə saz almağa, oxumağa, aşıb-daşan sənət eşqini hayqırmağa qorxdu. Ancaq qohum-qardaş, dost-tanış, bu soya bələd olan hər kəs oxuması üçün ürək-dirək verdi ona. Oxudu. Məclislərə çıxdı. Boy-buxunu da, şəsti də, məclisdə meydangirliyi də eyzən Bilal idi. Şirin-şirin nağıl, dastan söyləməsi, deyişməsi də bənzəyirdi, səsi də. Ancaq bir az pəsdən, bir az bəm. Yarası imkan vermirdi...
Qara günləri arxada qoyub qalxmağı bacardı Ağalar. Böyük oğul ailəni başına yığdı, dolandırdı. Atası kimi sazı da əlinə alıb çaldı, çağırdı, yazdı, yaratdı...
Görən, neyləmişdim çərxi-fələyə,
Gəlmədi axırım, əzəlim mənim.
Bir kəsin bağına daş atmamışam,
Anadan pak olub əməlim
mənim...
Yeddi arxam ilə ucadır adım,
Xəlilli nəslidir əslim,
soyadım,
Atam Bilal olub mənim
ustadım,
Ağalar, qoy bilsin hər
elim mənim.
Beləcə, Aşıq Ağalar artıq 50-ci illərdə
böyük sənətkarlar
yetişdirən Şirvan
aşıq mühitinin
gerçək ustadına
çevrildi. 300-dən çox şeiri, 4 dastan-rəvayəti və
qəlb titrədən
avazı ilə yaddaşlara hopdu.
Yaradıcılığını nəzərdən keçirərkən
klassik aşıq poeziyasının ənənələrinə
sadiq qalan sənətkarın şeirlərinin
janr və üslub əlvanlığı
diqqət çəkir. Bu baxımdan onun gəraylı və qoşmaları daha səciyyəvidir. Ənənəni saxlayan xalq aşığı
bir çox hallarda özü də epitet yaratmaqda söz sənətinə yeniliklər
gətirir.
Nə gözəlsən, ay Gülbədən,
Sanki tavuz çəkib
gərdən.
Yaxandakı qızılgülnən
Bəzə bu gülşəni, gözəl.
Və ya:
Zənəxdan üstündə, bir
qoşa xallı
Zülfü əmbər çilər,
dodağı ballı.
Tovuz tamaşalı, sona misallı
Dünya şöhrətinə uyan
olmasın.
Aşıq Ağaların ömrünün
son çağında, xəstə
yatağında yazdığı
şeirlər xüsusilə
diqqətimi çəkdi. Bu yaşda, bu halda sevgi ilə,
məhəbbətlə bağlı
gənclik ruhunda yazılmış şeirlər
oxucusunu, dinləyicisini
təəccübləndirə bilər. Çünki bu şeirlərdə
hissiz, həyəcansız
bir misra belə yoxdur. İnsan nə qədər ki sağdı, onun eşqi, məhəbbəti,
sevgisi yaşayır:
Badə
içsən gözəl
yarın əlindən
Kim can verər, əcəl gəlsə qəfildən,
Gözəllər gözəli, səni
görəndən,
Könlüm cənnət kimi
diyara düşdü...
Aşığın yaradıcılıq məkanı
geniş olsa da, coşqun ilhamı üçün
əsl dayaq nöqtəsi doğma yurdu, doğma torpağıdır.
Bəzənmişdir başdan-başa
elləri,
Şuşanın dağları, Gəncə
gölləri,
Kürün kənarında, Muğan
çölləri,
Ceyranlı düzləri Mildən şirindi.
Sənətkar yaşadığı ağır
günlərə baxmayaraq,
həmişə nikbinliyini
qoruyub saxlamış,
bir gözü gülüb, bir gözü ağlayaraq xalqına, vətəninə
nəğmələr qoşmuş,
onu tərənnüm
etməkdən nə yorulmuş, nə də doymuşdur. Aşıq dəfələrlə
yön tutduğu dağlara, çaylara, çöllərə, düzlərə
yeni bir gözlə, yeni bir baxışla yanaşır, gördüyü
gözəllikləri ayrı
şövqlə tərənnüm
edir. Həm də o, şifahi
xalq ədəbiyyatına
bağlı aşıqdır.
Dağ başında, qar pis olmaz,
Bağban
dərən bar pis olmaz,
Könül sevən yar pis olmaz,
Könül ilqar verəndə
gəl,
Ürəyimi biləndə gəl.
Bu qoşmada xalq danışıq dilinin ətri, ruhu var. “Dağ başında qar”, “Bağban dərən bar”, “Könül
sevən yar” pis olmaz kimi
ifadələri el dilindən
qoparan aşıq şeirin fikir yükünü zənginləşdirir.
Sənətkar bəzən
atalar sözü və zərb-məsəlləri
ustalıqla dəyişdirir,
onlara təzə poetik ruh verir:
Aşıq Ağalar qəzəl janrında da qələmini sınamışdır. Onun qəzəllərində
zahirən köhnə
şeir üslubu nəzərə çarpsa
da, məna və məzmun müasirdir, zamanla səsləşir.
Güldən təzədir əndamının
mehri-səfası,
Oldu neçə
min aşiq olan hüsnünə qurban.
Yazdı
Ağalar şəninə
min dürlü qəzəllər,
Ellər səni yad eyləyəcək
şadi-xuraman.
Bu misralardakı ifadə
tərzi, gözəlin
vəsfi danışıq
dili qədər sadə, canlı, təbii, eyni zamanda bədii təsvirə malikdir.
Rafael Hüseynov müxtəlif illərdə Azərbaycan
Radiosunun “Axşam görüşləri” proqramında
Ağalar Mikayılovun
həm öz həyat və yaradıcılıq yolu, həm atası Mirzə Bilal, həm də digər saz ustadları haqqında xatirələri lentə alaraq əbədiləşdirmişdir.
Eyni zamanda Aşıq Ağaların ömür
yolu, yaradıcılığının
müxtəlif məziyyətləri
professorlar Əzizə
Cəfərzadə, Qara
Namazov və başqa tədqiqatçıların
məqalələrində təhlil
edilmişdir.
Ustad sənətkarın şəcərəsi,
həyatı, yaradıcılığını
daha dərindən araşdırmaq, təhlil
etmək, şeirlərinin
bir qismini toplayıb çap etdirmək zəhməti isə Şirvanın cəfakeş alimi, professor Seyfəddin Qəniyevin üzərinə
düşmüşdür. Onun 2011-ci ildə nəşr etdirdiyi “Şirvanlı Aşıq
Ağalar” monoqrafiyası
el aşığı haqqında
oxuculara müfəssəl
bilgi verməklə yanaşı, aşığın
şeirlərinin böyük
bir qismi, bağladığı dastanlardan
biri, eləcə də sənətkar haqqında yazılanlar və xatirələr də dərc olunmuşdur.
Aşıq Ağalar Şamaxı qəzasının Qəşəd
kəndində göz
açdı atalı-analı
dünyasına. Kürdəmirdən – ikinci ocağından
75 yaşında köç
etdi əbədi dünyasına. 9 övlad,
32 nəvə, soyunu davam etdirəcək nəticələr və bir də söz
xəzinəsini miras qoydu övladlarına, el-obasına...
...Bu nəsildə, şəcərədə
Aşıq Ağalarla
bahəm rəhmətlik
qardaşı Ağasəlim
müəllim, yaşı
90-ı ötmüş Şəfi
kişi də şeir yazıb, saz çalıb-oxuyublar və bu qardaşların
övladlarının hansını
dindirsən şeirlə
cavab verərlər. Hamısının təbi,
səsi, avazı, istedadı, başlıcası
isə sənətə,
saza-sözə sevgisi,
həvəsi var. Həkim,
müəllim, ticarətçi,
əczaçı, sürücü,
neftçi, kitabxanaçı...
Müxtəlif peşə sahibi
olan bu nəslin
toplandığı yer
şenlikdi. Və bu
şenlikdən saz səsi, tar səsi, aşıq havacatları muğam sədası gəlir. Şeir, söz, sənət
havası duyulur.
Çünki bu ocaq sənət məbədidir, bu şenlikdə Mirzə Bilalın ruhu gəzir...
Yaqut BAHADURQIZI
filologiya üzrə fəlsəfə
doktoru
Mədəniyyət.- 2020.- 24 iyul.-
S.6.