Azərbaycanın folklor kollektivləri

 

I yazı. Qəbələ rayonunun folklor qrupları

 

Hər bir xalqın tarixi, adət-ənənələri, psixologiyası onun mədəniyyətində təcəssüm olunur. Yəni xalq öz mədəniyyəti ilə tanınır. Qədim tarixə malik mədəniyyətimizin mühüm bir şaxəsini folklor yaradıcılığı təşkil edir. Folklordan intişar tapan bir çox janrlar formalaşaraq professional səviyyəyə çatmışdır. Bu mənada xalq mahnılarını və xalq rəqslərini misal göstərə bilərik. Bu iki janrın həm xalq arasında populyarlığı, həm də öyrənilməsi professional musiqinin də inkişafına təkan verib.

 

Burada bir məsələyə də aydınlıq gətirək. Folklor dedikdə yalnız musiqi folkloru nəzərdə tutulmur. Çünki folklor örnəkləri özündə xalq deyimlərini, adət-ənənələri, mərasimləri və digər cəhətləri ehtiva edir. Bizim isə musiqi folkloruna istinad etməyimiz, təbii ki, məqsədimizdən irəli gəlir. Çünki biz konkret olaraq musiqi folkloruna müraciət edərək bu istiqamətdə kollektivlərdən bəhs edəcəyik.

 

Qarşıya qoyduğumuz məqsəd Azərbaycan folklor kollektivlərinin tarixinə nəzər salmaq və həmin kollektivlərin dünəni və bu günündən söhbət açmaqdır. Musiqi folklorunun toplanılması və öyrənilməsi istiqamətində müəyyən işlər aparılsa da, folklor kollektivləri barədə elə də ətraflı araşdırmalar olmayıb. Sadəcə, ayrı-ayrı kollektivlər haqqında müəyyən məlumatlar var. Amma bu məlumatları bir yerə toplamaq yəqin ki, ilk dəfə  Azərbaycan folklor kollektivləri” adlı topluda öz əksini tapacaq. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzində cari ilin iş planına daxil olan bu tədqiqat işi müxtəlif bölgələr üzrə aparılacaq. Layihə üzrə ilk olaraq qədim Qəbələnin folklor kollektivlərindən bəhs edəcəyik.

 

***

 

Məlum olduğu kimi, qədim Azərbaycan dövləti – Qafqaz Albaniyasının paytaxtı, Orta əsrlərdə isə ölkəmizin iri sənətkarlıq-ticarət mərkəzi olan Qəbələ həm də etnik-mədəni zənginliyə malikdir. Bu zənginlik bölgənin folklor kollektivlərinin fəaliyyətində də əksini tapıb.

 

Bu silsilədən ilk olaraq Qəbələ rayonuna müraciət etməyimiz də təsadüfi deyil. Uzun illər bu rayonda apardığımız ekspedisiyaların nəticəsi olaraq 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında “Qəbələnin musiqi salnaməsi” kitabı işıq üzü gördü. Bu kitabda Qəbələdə musiqi incəsənətini təmsil və tədris edən ifaçılardan bəhs olunur. Kitabın məsləhətçisi İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova bizimlə rayonun bütün kənd və qəsəbələrini gəzərək dünənin və bu günün sənətkarları haqqında materiallar toplamağımıza yaxından köməklik göstərdi. Hazırkı araşdırmalarda da Nargilə xanım bizdən öz köməyini əsirgəməyib. İndi isə Qəbələ bölgəsinin folklor kollektivləri barədə.

 

 

 

“Zopu-zopu”

 

 

 

Qəbələdə fəaliyyət göstərən ilk folklor kollektivlərinin tarixi 1980-ci ilə aiddir. “Zopu-zopu” etnoqrafik folklor kollektivi həmin ildə rayonun Bum qəsəbəsində Eldar Aslanovun rəhbərliyi ilə yaradılıb. Əvvəlcə kənd toylarında, el şənliklərində insanların zövqünü oxşayaraq onlarda xoş ovqat yaradan bu kollektiv rayon rəhbərliyinin də diqqətini cəlb edir və onlar müxtəlif tədbirlərə dəvət alırlar.

 

Beləliklə, “Zopu-zopu” etnoqrafik folklor kollektivi Qəbələ folkloru tarixinə öz uğurları ilə yeni-yeni səhifələr yazdı. Həm mərhum Eldar Aslanovun rəhbərliyi dövründə, həm ondan sonra, bir sözlə, 40 illik fəaliyyəti dövründə “Zopu-zopu” kollektivi öz maraqlı çıxışları ilə daim tamaşaçıların rəğbətini qazanıb.

 

Kollektiv 2000-ci ilə qədər çox uğurla fəaliyyət göstərərək müxtəlif ölkə və şəhərlərdə də çıxışlar edib. 10 illik fasilədən sonra 2010-cu ildən yenidən öz fəaliyyətini davam etdirib. Son 10 ildə kollektivə qabaqcıl mədəniyyət işçisi Səxavət Abulov rəhbərlik edir. Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən kollektiv aşağıda adları qeyd olunan üzvlərdən ibarətdir: Bəşir Hacıyev, Vüqar Şükürov, Elşən Quliyev, Rauf Mahmudov, Orxan Abdullayev, Eldar Mürsəliyev, Məsim Ağaməmmədov, Bəkir Abdullayev, Habil Baxışov, Nurəddin Xanlarov, Fərasəh Qocayev. Onlar eyni zamanda Mədəniyyət mərkəzinin işçiləridir.

 

Kollektivin repertuarı qədim xalq oyun-tamaşalarından ibarətdir. Bu sırada “Hənzərə”, “Qəndələ”, “Güllü zopu”, “Dəvə oyunu” və başqa folklor nümunələrini qeyd edə bilərik. Bunlar da, təbii ki, qədim xalq məişət və mərasimlərindən bizə yadigarlardır. Bu yadigarların gələcək nəslə çatdırılmasında yalnız “Zopu-zopu” kollektivi deyil, ümumiyyətlə, folklor qruplarının mühüm xidmətləri var. Odur ki, ölkəmizdə folklor kollektivlərinə həsr olunmuş müsabiqə və festivallara xüsusi diqqət yetirilir. “Zopu-zopu” folklor kollektivi də dəfələrlə belə müsabiqələrin, hətta beynəlxalq folklor festivallarının iştirakçısı və laureatı olub. Bu uğurlar “Zopu-zopu” kollektivinin fəaliyyət tarixinin mühüm səhifələrinə silinməz izlər qoymaqla ümumazərbaycan folklorunun inkişafında da mühüm rol oynayır.

 

 

 

“Cəngi”

 

 

 

Bildiyimiz kimi, ölkəmizdə tolerantlıq məsələlərinə xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuş, əlamətdar il müddətində ölkəmizi özünə vətən bilən azsaylı xalqların zəngin mədəni mirasına yenidən işıq salınmışdı.

 

Qəbələ rayonu da Azərbaycanın multikultural zənginliyini təşkil edən azsaylı xalqların yaşadığı bölgələrimizdəndir. Nic kəndində yaşayan udinlərdən ibarət “Cəngi” folklor qrupu da çoxəsrlik mədəniyyətin nişanələrini özündə yaşadır. Tarixdən məlumdur ki, udinlərə dair ilk məlumat yunan müəllifi Herodotun “Tarix” əsərində yer alıb. Bu azsaylı etnik qrup albanların sələfi hesab olunur. Qəbələdə yaşayan udinlər öz əcdadlarının dilini və müəyyən adət-ənənələrini yaşatmaqla daha çox bizim milli dəyərlərimizə, adət-ənənələrimizə, dilimizə və dinimizə istinad edirlər. Udinlərdən ibarət “Cəngi” folklor qrupunun yaranması da buna misaldır. Qrupun rəhbəri Gena Vezirvoy bizə söylədi ki, “Cəngi” Azərbaycanın qəhrəmanlıq havası olduğu üçün bizim ata-babalarımız toy mərasimlərini “Cəngi” ilə başlayıb, “Cəngi” ilə də bitiriblər: “Bu adət indi də qalmaqdadır. İfa etdiyimiz Azərbaycanın qədim musiqi alətləri də zurna, kos-nağara və digərləridir. Repertuarımızda da Azərbaycan mahnı və rəqsləri geniş yer tutur”.  

 

G.Vezirvoyun dediyinə görə, “Cəngi” folklor qrupu hələ 1960-70-ci illərdən yaranıbmış. Amma qrupun üzvləri yalnız toy şənliklərində, bayramlarda çıxış edərmişlər. Hətta o öz babalarının da həmin qrupda iştirak etdiklərini söylədi. Lakin o vaxt rəsmi statusu olan qrup kimi qeydə alınmayıb. 1984-cü ildə G.Vezirvoy bu qrupu rəsmi olaraq yaradıb və onlar Qəbələdə keçirilən tədbirlərdən başlayaraq həm paytaxtda, həm də müxtəlif şəhər və rayonlarda çıxışlar edib tamaşaçıların rəğbətini qazanıblar. Qrupda Yura Uqanov, Karelen Şirvari, Stanislav Qanustov da iştirak edirlər. Folklor qrupunun repertuarı əsasən Azərbaycan xalq rəqslərindən ibarət olsa da, G.Vezirvoy ilk dəfə olaraq udin dilində də bir neçə mahnı bəstələyib. Həmin mahnılarda Azərbaycanımız tərənnüm olunur. “Cəngi” qrupu da Azərbaycan folklor qaynaqlarının təbliğində fəal iştirak edir.

 

 

 

“Gülbuta”

 

 

 

“Gülbuta” folklor qrupu 2006-cı ildə yaradılıb. Adından da bəllidir ki, bu, xanımlardan ibarət qrupdur. Bu qrup da Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərir. Kollektivin yaranmasında Nargilə Qafarovanın da mühüm xidmətləri var. “Gülbuta” kollektivinin bədii rəhbəri Leyla Zakirova ətrafına istedadlı və mədəniyyət sahəsində təcrübəsi və bilgiləri olan xanımları toplayaraq folklor nümunələrini təbliğ edirlər. Kollektivin üzvləri – Sahibə Dadaşova, Nubiyyə Mustafayeva, Humay Mustafayeva, Günəş Çərkəzova, Natəvan Hüseynova ayrı-ayrı kəndlərin mədəniyyət evlərində fəaliyyət göstərsələr də, bir amala xidmət edir, öz yaradıcı düşüncələrini yalnız xalq yaddaşının təbliğinə həsr edirlər.

 

Kollektivin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində 2015-ci il martın 2-də Bakıda – Gənc Tamaşaçılar Teatrında keçirilən “Qəbələ günü”ndə uğurlu çıxışı onları daha da diqqət mərkəzinə gətirdi. “Gülbuta”nın 2017-ci il martın 20-də paytaxtdakı Novruz bayramı şənliklərindəki çıxışı da uğurla keçib. Kollektivin nailiyyətləri Azərbaycan Televiziyasının ekranından geniş tamaşaçı auditoriyasına da təqdim edilib. Repertuarı əsasən qədim xalq oyunlarından, adət-ənənələrdən ibarət olan “Gülbuta” kollektivi mədəni mirasın qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində uğurla fəaliyyət göstərir.

 

 

 

“Gülüstan”

 

 

 

“Gülüstan” folklor kollektivi 2006-cı ildə Qəbələ rayonunun Hacıalılı kənd Yaradıcılıq evinin nəzdində yaradılıb. Qrupun yaradıcısı və bədii rəhbəri Yaradıcılıq evinin  direktoru Afət Əliyevadır. 6 nəfərdən (Aşabəyim Manafova, Afət Paşayeva, Leyla Dadaşova, Pirayə Salahova, Sevinc İsmayılova) ibarət qrup indiyə qədər bir sıra beynəlxalq və yerli tədbirlərdə çıxışlar edib. Kollektiv 30-dan çox rayonda qastrol səfərlərində olub, tamaşaçıların rəğbətini qazanıb. “Gülüstan”ın yerli və xarici televiziya kanallarında da dəfələrlə çıxışları olub.

 

“Gülüstan” qrupunun fəaliyyəti folklorşünasların da diqqətini cəlb edib. AMEA-nın Folklor İnstitutunun bir neçə alimi Qəbələdə olarkən kollektivin üzvləri ilə görüşüb, onların repertuarı ilə tanış olublar. Görkəmli etnoqraf alim, akademik Teymur Bünyadov “Qəbələnin tarixi, etnoqrafiyası və folkloru” kitabında “Gülüstan” kollektivi haqqında da yazıb.

 

Kollektivin rəhbəri Afət xanımla söhbətimizdən bəlli oldu ki, onlar rayon sakinlərindən şifahi nümunələr (bayatı, qədim nəğmə və s.) toplayaraq öz repertuarlarına daxil etməklə yanaşı, bu nümunələrə istinad edərək yenilərini yaradıblar. Oyun-tamaşalarda isə bölgə camaatından topladıqları qədim eksponatlardan (cəhrə, çini qablar, dördayaq, tikmə nümunələri, xalça, kilim və s.) istifadə edirlər. “Gülüstan”ın repertuarında “Qız evində toya hazırlıq”, “Oğlan evində toya hazırlıq” mərasim tamaşaları, “Nar atdı, gül atdı”, “Adaxlının adını de” kimi qədim mərasim nəğmələri və keçmişdən günümüzə gəlib çatan digər folklor nümunələri geniş yer tutur.

 

Bir sözlə, Qəbələnin “Zopu-zopu”, “Cəngi”, “Gülbuta”, “Gülüstan” folklor kollektivləri bu gün çox çətin və şərəfli, mədəni irsimiz üçün vacib olan işin öhdəsindən fədakarlıqla gəlirlər. Bu kollektivlərin hər bir üzvünə uğurlar, fəaliyyətlərinin davamlı və daimi olmasını arzulayırıq. 

 

Səadət TƏHMİRAZQIZI

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2020.- 24 iyul.- S.7.