“Azərbaycan rüzgarı” Milli Ordumuzun tarixinə həsr
olunub
Türkiyənin Bengü TV kanalında bir ildən çoxdur hər bazar günü ekranlara gələn “Azərbaycan rüzgarı” proqramının xüsusi buraxılışı bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünə həsr edilib.
Proqramın qonaqları tarixçi professor Nəsib Nəsibli, Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin və 2016-cı il Aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev olub.
Verilişdə Azərbaycan Milli Ordusunun yaranma tarixi, keçmişi və bu günü barədə çıxışlar səslənib. Professor Nəsib Nəsibli Azərbaycan Cümhuriyyəti dönəmində ordunun qurulması, Rada Abbas müasir Azərbaycanın Silahlı Qüvvələri haqqında danışıblar. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev isə zəfərlə başa çatan Lələtəpə döyüşündən bəhs edib.
Proqrama Azərbaycandan telefon və videobağlantı vasitəsilə qoşulan qazilər İlham Məhərrəmov, Anar Məmmədov, Hikmət Məmmədov, Yaşar Əsgərov, Muxtar Həşimov, Ülvi Qədir, Xəyyam İsmayılov, Anar Məmmədov və Rüxsarə Bayramqızı ordumuzla bağlı düşüncəni, istəklərini dilə gətiriblər.
Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığının əbədi olması vurğulanıb. Proqram boyu Azərbaycan Ordusu ilə bağlı videoçarxlar nümayiş olunub, vətənpərvərlik ruhunda mahnılar səslənib.
“Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı İstanbul Universitetinin magistr tələbəsi, həmyerlimiz Səidə Ömər sonda ordumuza şanlı zəfərlər diləyərək Qarabağın düşmən işğalından azad olunacağına inamını ifadə edib.
Mehparə
SULTANOVA
Ankara
Mədəniyyət.-2020.- 1 iyul.- S.8.