Multikultural və dinlərarası
dialoqda dini kimlik
Azərbaycan və Belçika
modeli mövzusunda müzakirələr aparılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu
(Aİİ) və Brüssel
Protestant İlahiyyatı və
Dini Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə “Multikultural və dinlərarası dialoqda dini kimlik:
Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans keçirilib.
Konfransı açan Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çağdaş
dünyamızda dini dözümlülüyün çox
mühüm amil olduğunu qeyd edib. O, məruzəsində Azərbaycanda birgəyaşayış
modelinin beynəlxalq təhlükəsizliyə verdiyi
töhfələrdən ətraflı
danışıb.
Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar İnstitutunun dekanı, professor Yohan Temmerman videokonfransın qarşılıqlı münasibətlərin formalaşmasında əhəmiyyətini vurğulayıb. Belçikalı ekspert, professor L.J.Parlevlietin dini təhsilin əhəmiyyəti mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə tolerantlığın sosial-tarixi və teoloji əsaslarından bəhs edən məruzə ilə çıxış edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən bəhs edərək mədəniyyətlərarası və dinlərarası dialoq platformasının əhəmiyyətini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, baş mütəxəssis Şahin Ələsgərov, İlahiyyat İnstitutunun müəllimi, dosent Anar Qafarov məruzələrini təqdim ediblər.
Konfransda Azərbaycan və Belçika modelləri başda olmaqla, tolerantlıq və multikulturalizmin müxtəlif modellərinin dərindən araşdırılması və sistemləşdirilməsi məqsədilə işçi platformanın yaradılması təklif edilib. Qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı konkret mexanizmin akademik səviyyədə işlənilməsinin zəruriliyi vurğulanıb.
Mədəniyyət.-2020.- 1 iyul.- S.4.