Mədəniyyət sahəsində onlayn kommunikasiyalar üzrə
strategiya
Bu gün bəşəriyyət inkişafının tamamilə fərqli bir mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə insanlar, dövlətlər, mədəniyyətlər arasında qarşılıqlı münasibətlərin prinsipial olaraq yeni səviyyəsinin təməli qoyulmalıdır. Hazırkı pandemiya şəraitində cəmiyyət qarşısında həyatın bütün sahələrinin dünya inkişafının müasir meyillərinə və ritminə uğunlaşdırması ən zəruri məsələ kimi durur. Əhatəmizdəki sosial, iqtisadi, psixoloji, mədəni reallıqların sürətlə dəyişməsi hər bir vətəndaşdan sosial və şəxsi keyfiyyətlərin inkişaf etdirilməsi vəzifəsini irəli sürür.
Bu məsələlər mədəniyyət müəssisələri qarşısına konkret vəzifələr qoyur. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi də sosial izolyaziya və karantin şəraitini nəzərə alaraq son üç ayda fəaliyyətini rəqəmsal müstəvidə quraraq yeni formatda ixtisasartırma təlimləri, mədəni konsaltinqlər, beynəlxalq konfranslar və elmi seminarlar təşkil etməkdədir.
Artıq dövr bizdən həvəskar deyil, peşəkar səviyyədə strategiyalar hazırlamağı və onunla işləməyi tələb edir. Bu yanaşmanı tətbiq edərək mədəniyyət sahəsində onlayn kommunikasiyalar üzrə prioritetlər aydın müəyyən edilməli, yüksək hədəflər irəli sürülməli və bu hədəflərə çatmağın yolları göstərilməlidir. Lakin vacib olan həm də budur ki, onlayn kommunikasiyalar üzrə mədəniyyət strategiyası yalnız “nə” etməli olduğumuzu deyil, həm də “necə” etməli olduğumuzu göstərməli, idarəetmə modelini müəyyən etməlidir. Bu strategiya planı həmçinin mədəni-maarif müəssisələri – muzeylər, teatrlar, kitabxanalar, musiqi məktəbləri, özəl sektorun mədəniyyət təşkilatları üçün də hazırlana bilər. Çoxsaylı strategiyalar kimi, mədəniyyət sahəsində onlayn kommunikasiyalar üzrə strategiyanın hazırlanması prosesi də çox zaman əldə edilən nəticənin özündən vacib olur, buna görə də aşağıdakı xüsusiyyətlərə malik prosesin planlaşdırılması son dərəcədə əhəmiyyətlidir:
əsas maraqlı tərəflərin və tərəfdaşların cəlb edilməsi;
açıqlıq və şəffaflıq;
ideyaların bölüşdürülməsi imkanı yaradan mühitin formalaşdırılması;
müxtəlif təcrübə, sahə və regionları təmsil edən insanları əhatə edən işçi qrup;
mədəniyyət müəssisələrinin bir araya gətirilməsi üçün idarələrarası konsultativ qrup;
orta müddətdə əldə edilmiş nəticələri təqdim etmək və ictimai müzakirələrə imkan yaratmaq üçün daha geniş auditoriya ilə konsultasiya sessiyaları.
Prosesin şəffaflığına zəmanət və inam məqsədilə atılan hər bir addım ictimaiyyətə təqdim olunmalı, o cümlədən sosial media vasitəsilə məlumatlar yayımlanmalıdır.
Ümumiyyətlə, hər bir
strategiyanın hazırlanması boşluqların təhlili ilə
başlayır: indi haradayıq, harada olmaq istəyirik, olmaq istədiyimiz yerə necə çata bilərik. Effektiv strategiya
daxili güclü tərəflərə
söykənir, daxili zəif tərəflər
üçün həll yolu
təmin edir, kənar imkanlardan
yararlanır və xarici təhlükələri
bir fürsətə çevirir.
Çox vaxt güclü və zəif tərəflərin,
imkan və təhlükələrin
qiymətləndirilməsi üçün
SWOT (strengths, weaknesses,
opportunities, threats) –
azərbaycanca GZİT (güclü (tərəflər),
zəif (tərəflər), imkanlar və
təhdidlər) təhlilindən istifadə edilir.
“SWOT analizi”
modeli 1960-1970-ci illərdə
yaranmışdır. Nəzəriyyənin banisi Albert Humphey idi. O, müəssisənin
strateji planlaşdırmasında
olan uğursuzluqların
səbəblərini öyrənirdi
və araşdırma
zamanı yeni metodika ixtira etdi. Düşünürəm ki, SWOT (GZİT) təhlil
nəticələri təqdim
etmək üçün
onlayn kommunikasiya strategiyasının hazırlanmasına
da əsaslı təsir göstərəcəkdir.
Bəs bu strategiyanı necə işləyib hazırlamalı?
Vəziyyəti təhlil etmək:
böhranlı vəziyyətlərdə
mədəniyyət müəssisələrinin
qarşılaşdığı əsas problemlər nədən ibarətdir?
Onlayn kommunikasiya vasitələrinin
məqsədlərini müəyyən
etmək: bu vasitələr problemləri
həll etməkdə
sizə necə yardımçı ola bilər?
Hədəf auditoriyaları haqqında
düşünmək: hansı
qrup insanlar problem üçün həll yolu təklif edəcək?
Yanaşmamızı işləyib hazırlamaq: insanlara hansı məlumatı ötürmək istəyirik
və bunu necə etməyi planlaşdırırıq?
Məlumatları ötürmək üçün
istifadə edəcəyimiz
metodu seçmək: hədəf auditoriya məlumatlardan necə istifadə edir və ona çatmağın
ən yaxşı yolu nədir?
Yanaşmanı sınaqdan keçirmək:
yanaşma metodunuzu və vizual resurslarınızı real həyatda
sınaqdan keçirmədən
onların işə yarayıb-yaramayacağından əmin
ola bilmərik.
SWOT (GZİT) göstəricilərindən ibarət qiymətləndirmə mexanizmi yaratmaq: cədvəlin bir sütununda məqsədlər, digər sütunlarında isə hədəf auditoriyası, metodlar, fəaliyyətlər göstərilə bilər.
Və sonda nəticələri təhlil etmək.
Strategiya aydın missiya və konsepsiya (gələcəkdə arzu olunan vəziyyət) təqdim etməlidir. Yaxşı missiya konkret və unikal olmalıdır. Yaxşı konsepsiya yüksək hədəflər müəyyən edir və dəqiq ifadə edilmiş olur. Bu məqam çox vaxt gözdən qaçırılır, onlara təsiri kiçik qüvvə kimi baxılır, lakin bu, bütöv bir prosesin başlanğıc nöqtəsidir. Bu haqda düşünməyin yolu “təxribatçı” xarakterli suallar verməkdir – müəssisə mövcud olmasa idi, nə olardı, nə dəyişərdi? (və ümid edək ki, cavab “heç nə”dir, yəni heç nə dəyişməyəcəkdi, çünki bu halda əsl problemlə qarşılaşacaqsınız).
Hazırda dünyanın bir çox ölkələrində rəqəmsal mədəniyyətə keçid prosesləri artıq başlamışdır və müşahidələr onu göstərir ki, yaxın gələcəkdə onlayn kommunikasiyalardan istifadə olunması üstünlük təşkil edəcəkdir. Bütün bunlar – sosial, mədəni və mənəvi reallığın inkişaf ritminin hədsiz sürətlənməsi həm də mədəniyyətin rəqəmsallaşdırılması adlı böyük tarixi çevrilişin nəticələrini və xarakterini əhəmiyyətli dərəcədə müəyyən edəcəkdir. Bu, mədəni irsimizin nəsildən-nəslə ötürülməsində bir üslub kimi mədəni obyektin mahiyyətini, özünəməxsusluğunu saxlamaq, olanı təhrif etməmək və mədəni-tarixi ölçüsünü qorumağı başlıca məqsəd kimi özündə birləşdirməlidir.
Sevinc CƏFƏROVA
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, dissertant
Mədəniyyət.-2020.- 1 iyul.- S.7.