“Koroğlu
aşığı” kimi tanınan ustad
Ulularımız “Aşıq eldən yuxarı, Şana teldən yuxarı”, deyiblər. Müasir dövrdə aşıq sənətinin inkişafına töhfələr verən, həmişə el məclislərinin başında olmuş ustad aşıq, Əməkdar mədəniyyət işçisi İsfəndiyar Rüstəmov da örnək sənətkarlığı ilə yaddaşlarda dərin iz qoyub.
İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə saz-söz yurdu Gədəbəy elində dünyaya göz açıb. Erkən çağlardan aşıq sənətinə maraq göstərir, könlünü saza-sözə verir. İlk ustadı da atası olur. El-obanın tanınmış aşıqlarının apardığı məclislərdə iştirak edərək bu sənətin sirlərinə dərindən yiyələnir.
İsfəndiyar Rüstəmov 1964-cü ildə Gədəbəydə gənc aşıqlardan ibarət ansambl yaradır. Uzun müddət bu kollektivə və Azərbaycan Aşıqlar Birliyinin Gədəbəy şöbəsinə rəhbərlik edir. Onun rəhbərliyi altında Gədəbəy rayon Mədəniyyət evinin “Aşıqlar” ansamblı bu sənətin inkişafı və təbliği sahəsində böyük uğurlara imza atır. Ansambl 1972-ci ildə Bakıda Dədə Ələsgərin 150 illik yubiley tədbirinə qatılaraq ifaları ilə ustadın ruhuna ehtiramını bildirir. Xatirə gecəsində uğurlu çıxışına görə ansambl yubiley medalına layiq görülür.
“Aşıqlar” ansamblı 1975-77-ci illərdə keçirilən Ümumittifaq festivallarında da uğurlu çıxışlar edir. 9 nəfərlik kollektivin hər bir üzvü qızıl medalla mükafatlandırılır. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə qızıl medalla yanaşı, birinci dərəcəli diplom və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilir.
Ümumiyyətlə, İ.Rüstəmov dəfələrlə respublika və beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olub. Moskvada keçirilən “Göy qurşağı” festivalı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin açılış mərasimi, Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü, Dərbənddə gerçəkləşən “Narınqala” aşıq musiqisi festivalı, Türkiyə, İran və digər ölkələrdəki folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.
Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə aşıq sənətinə həmişə qayğı ilə yanaşıb. Təsadüfi deyil ki, 1983-cü ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da ümummilli liderin qayğısı ilə əhatə olunub. Heydər Əliyevin təşəbbüsü ilə aşığın rəhbərlik etdiyi ansambl “Xalq aşığı ansamblı” adlandırılıb.
Görkəmli sənətkar 2002-ci və 2004-cü illərdə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən gənc aşıqların I və II Respublika müsabiqələrində münsiflər heyətinin sədri, 2003-cü və 2005-ci illərdə təşkil olunan milli musiqi alətləri ifaçılarının I və II Respublika müsabiqələrində münsiflər heyətinin üzvü olub.
2017-ci ilin oktyabrında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İ.Rüstəmovun 80 illik yubiley gecəsi keçirilib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı sənətkarın yaradıcılığını yüksək qiymətləndirib:
“Aşıq İsfəndiyar 80 illik ömrünün 60 ilini fədakarlıqla, şərəflə Azərbaycan aşıq sənətinə qulluq edib. Onun səsi həmişə Koroğlu səsi olub. O, xalqa aşıq sənətinin çatdırılmasında misilsiz rol oynayıb. El arasında dastan aşığı, “Koroğlu aşığı” kimi tanınıb və sevilib. Aşıq İsfəndiyarın keçən əsrin 60-cı illərində yaratdığı kollektiv və o kollektivdən çıxan onlarla böyük istedadlı aşıq məhz ustadın zəhməti sayəsində ərsəyə gəlib. Biz “Günümüzün ustad aşıqları” seriyasından 9 aşığın kitabını nəşr etmişik. Seriyamızın ilk nəşri İsfəndiyar Rüstəmova həsr edilib. Onun bioqrafiyası o qədər zəngindir ki, kitabda, sözün əsl mənasında, bir ömür, sənət dastanı özünün ifadəsini tapıb. Düşünürəm ki, gələcəkdə aşıqşünaslıq, musiqi folkloru sahəsindəki tədqiqatlarda Aşıq İsfəndiyar böyük bir sənət portreti olaraq canlanacaq və öz dəyərini alacaq”.
Ustad aşığın həyat və yaradıcılığı 2007-ci ildə çap olunmuş “Baş sarıtel” kitabında öz dolğunluğu ilə əksini tapıb. Haqqında “Ustad nəfəsi” sənədli filmi çəkilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən sənətkar Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü olub. Görkəmli sənətkar 9 fevral 2018-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.-2020.- 1 iyul.- S.7.