“İndiyədək
çalışmışam ki,
çiynimə düşən yükü
layiqincə daşıyım”
Elxan Qasımov: “Mənim
ixtiyarım yoxdur ki,
xalqın cavan, saf Şofer Əhmədə olan
məhəbbətini korlayam”
Aktyor sənəti
istedad tələb edir. Onun sənətkara çevrilməsi
və cəmiyyət tərəfindən sevilməsi
üçün isə
istedadla yüksək mənəviyyat birləşməlidir.
Bu günə kimi onun haqqında
hər kəsin sevgi ilə danışdığının şahidi olmuşam. Hər kəs onu özünə dost bilir.
Bu il 75 yaşını
qeyd edən, kinosevərlərin daha çox Şofer Əhməd kimi tanıdığı istedadlı
aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov xoşbəxt sənətkarlardandır.
Elxan müəllim insanlar tərəfindən sevilməsinin
səbəbini müsahibələrinin
birində belə əsaslandırır: “İndiyədək
çalışmışam ki, çiynimə düşən yükü
layiqincə daşıyım.
Amma necə daşımışam,
bunu ətrafım, məni tanıyanlar bilir. Mənimlə müsahibəyə gələnlər, məlumdur
ki, məhz Şofer Əhmədi görürlər. Bu obraz mənə böyük uğur gətirdi. Mənim ixtiyarım yoxdur
ki, xalqın cavan, saf Şofer
Əhmədə olan məhəbbətini korlayam.
Gənc yaşımda birdən-birə
xalqın sevimlisinə
çevrildim. Heç vaxt
gözə girməyə
cəhd etməmişəm.
Hətta
bir imkan düşən kimi ondan istifadə etməyi də düşünməmişəm. Üç bədii filmin rejissoru olmuşam. Həmişə cavan aktyorlara,
rejissorlara da deyirəm ki, əgər sənətə
ciddi yanaşsanız,
hörmətli olacaqsınız”.
Hər kəsin
yaxşı tanıdığı
sənətkarın yubileyi
münasibətilə bioqrafiyasını
yazmaqdansa, həmkarlarının,
dostlarının ürək
sözləri ilə təbrik etməyi üstün bildik.
Əməkdar incəsənət xadimi,
kino tədqiqatçısı
Aydın Kazımzadə:
- Mən kinoya gələndə “Əhməd
haradadır?” filminin çəkilişləri başlanmışdı
və bu zaman mən Elxan Qasımovla qiyabi tanış
idim. Yəni bilirdim ki, filmdə Şofer Əhməd rolunu hündürboylu, qıvrımsaçlı,
çox yaraşıqlı,
qaraqaş-qaragöz bir
oğlan oynayacaq.
Bu Adil İsgəndərovun
seçimi idi və o, bu seçim
ilə heç də yanılmadı.
Filmin çəkilişi
prosesində bir neçə yazı yazdım və bu zaman onunla
bir az
da yaxından tanış oldum. İlk tanışlığımda məndə
böyük təəssürat
yarandı. Bu təəssürat onun insanlarla rəftarından irəli gəlirdi.
Üzərindən 57 il keçib, bu illər ərzində biz onunla kino sahəsində
daim birlikdə addımlayırıq. Televiziya kanallarında
çox zaman ikimizi eyni verilişə
dəvət edirlər,
Dövlət Film Fondunda
kino xadimlərinə həsr olunmuş xatirə gecələrində
iştirak edirik.
Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu xatirə gecələrində yubileyi,
anım gecəsi keçirilən kino sənətkarları ilə
birgə çalışan
bir çox insanlar gəlməsələr
belə, Elxan mütləq o təbirdə
iştirak edir, xatirələrini bölüşür.
Bu onun sənət
dostlarına olan vəfasının, onların
xatirələrini əziz
tutmasının göstəricisidir.
Bir neçə il əvvəl
kino haqqında kitab yazan müəlliflərdən
biri ikimizə bir məqalə həsr etmişdi. Bu da hər ikimizə hörmətinin
eyni olduğunu göstərmişdi.
Elxanla bağlı
fikrimdə bir məqamı da qeyd etməyi özümə borc bilirəm. O, bir oğul tərbiyə etmişdi – Samir Qasımov. Gənc yaşında dünyaya əlvida dedi. Samir hərbi xidmətini başa vurdu, hətta BMT-nin Kosovadakı sülhməramlı
qüvvələrinin tərkibində
Azərbaycan taqımının
komandiri kimi də tanındı.
Onun vaxtsız vəfatına həmişə təəssüf
edirəm. “Kino və zaman” kitabını yazanda Samiri yad etməyi
özümə borc bildim.
Elxan 60-cı illərdə
necə idisə, bu gün də
elədir. Ona möhkəm cansağlığı
arzulayıram. Mən 80-ni vurub
keçdim. Arzu edirəm
ki, o da hər zaman məni izləsin. Yəni 80-90 yaşımızı da qeyd edə bilək.
Əməkdar incəsənət xadimi, Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının icraçı
katibi Cəmil Quliyev:
- Elxan Qasımov
Azərbaycan kinosuna gənc yaşlarından gəlib və bizim görkəmli teatr və kino
xadimimiz Adil İsgəndərovun tələbəsi
olub. Uzun illər “Azərbaycanfilm”
kinostudiyasında çalışıb,
bədii filmlərdə
yaddaqalan obrazlar yaradıb. Yaradıcılığı ilə yanaşı
ictimai fəaliyyətlə
də məşğul
olub. Uzun illərdir kinostudiyanın
Həmkarlar İttifaqının
sədridir və bu işin öhdəsindən
də ləyaqətlə
gələ bilib.
Bütün tədbirlərdə, yaradıcılıq gecələrində
yaxından iştirak edir, çox maraqlı, diqqətli və qayğıkeş dostdur. Yubileyi münasibətilə təbrik edir, cansağlığı arzulayıram.
Xalq artisti Əbdül Mahmudbəyov:
- İlk növbədə qəzetinizə təşəkkür edirəm ki, Azərbaycan kinosunda xüsusi yeri olan gözəl ziyalımız Elxan Qasımovla bağlı yazı hazırlayır. Elxan Qasımov şəxsən mənə doğmalarım qədər əziz insandır. Bizim dostluğumuz gənclik illərindən, 17 yaşımızdan başlayaraq bu günə kimi birlikdə davam edir. Şükür olsun ki, bu günə kimi aramızda heç bir umu-küsü olmayıb. Əgər, həqiqətən də, hər şey xalqın qiyməti ilə ölçülürsə, biz tam əminliklə deyə bilərik ki, Elxan xalqın sevimli artistidir. Onun heç bir rəsmi təqdimata ehtiyacı yoxdur. Gələcəyimizi qorumaq , keçmişi bilmək və yaşatmaq üçün şəxsiyyətlərimizi tanıtmalı və dəyərləndirməliyik. Elxan Qasımov həmişə nikbin olub. Çox təvazökar adamdır. Hamıya əl tutar, hər kəsin dərdinə, işinə yardım edər. Biz də belə bir dəyərli insanın qiymətini bilməliyik. Onu təbrik edir, cansağlığı arzulayıram.
Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov:
- Mənim Elxan müəllimin ailəsi ilə tanışlığım oğlu, rəhmətlik Samirlə tələbəlik illərimdən başlandı. Kinostudiyaya gəldikdən sonra Elxan muəllimlə daha da yaxından tanış olmaq imkanı qazandım. Bu tanışlıq zamanı bir daha əmin oldum ki, Elxan müəllim Azərbaycanın milli dəyərlərini özündə yaşadan və kinostudiyanın keçdiyi yolu yaxşı bilən insandır.
Elxan müəllim
film istehsalı prosesini
çox yaxşı bilir. Aktyor və rejissor
kimi də öz məsləhətlərini
heç zaman əsirgəmir. Ona möhkəm
cansağlığı arzulayıram.
İnanıram ki, Elxan müəllim hələ uzun illər bizim kinoya xidmət
edəcək.
Həmkarlarının, dostlarının
ürək sözlərindən
sonra yenə də yubilyarın öz sözlərinə yer vermək istəyirəm: “Düşünürəm
ki, bir insan
yox ola
bilməz. Heç nə yox olmur. Buna görə
də həyatda, demək olar ki, heç bir qorxum yoxdur.
Sadəcə, bir şeydən narahatam: insanların gözündən
düşmək istəmərəm.
Ömrümün sonuna kimi çalışacağam ki,
heç kəsin qəlbini sındırmayım”.
Hər zaman cavan ruhlu, şən-şux
görünməyə çalışan
Elxan Qasımovu “Mədəniyyət” qəzetinin
kollektivi olaraq təbrik edir, sağlıqlı, uzun ömür, yaradıcılıq
uğurları diləyirik.
Lalə AZƏRİ
Mədəniyyət.-2020.- 1 iyul.- S.5.