Dəyişən reallığa uyğunlaşan mədəniyyət

 

 

Rəqəmsal fəaliyyətin dövrün tələblərinə uyğun təşkili mədəniyyət subyektlərinin gələcək fəaliyyətinin səmərəliliyinə xidmət edəcək.

 

İyulun 3-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə keçirilmiş “Rəqəmsal dünyanın yeni mədəniyyət məkanlarına inteqrasiyası və insanlara psixoloji təsiri” adlı elmi vebinarda bu və digər mövzular müzakirəyə çıxarılıb.

 

Vebinarda Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, BMA-nın Elmi tədqiqatlar laboratoriyasının müdiri Nuridə İsmayılzadə, “İkinci nəfəs” psixologiya mərkəzinin direktoru Natiq Muradbəyli, Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova mövzu ətrafında fikirlərini bölüşüblər.

 

Mövcud pandemiyanın cəmiyyətə, ictimaiyyətə, mədəniyyətə və onun müxtəlif istiqamətlərinə təsiri, çıxış yolları fəlsəfi nöqteyi-nəzərdən müzakirə olunub.

 

Vebinarda, həmçinin MEMİM-in elmi katibi Cavid Əliyev, Tətbiqi tədqiqatlar sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Şirinova, metodist Sevinc Cəfərova mövzu ilə bağlı çıxış ediblər.

 

Mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, pandemiya dövründə müasir texnologiyalar bir çox ölkələrin sosial, dini, mədəni, siyasi, iqtisadi, texniki və digər sistemlərini labüd dəyişikliklərə məruz qoyub. Unifikasiya, mədəni deqradasiya, yad tendensiyaların yeridilməsi, ənənəvi dəyərlərin dəyişikliklərə uğraması və s. bu kimi amillərin aktuallaşması müasir dövrdə sahə əməkdaşlarından öz işlərinə daha məsuliyyətlə yanaşmanı tələb edir.

 

Mədəniyyət.- 2020.- 9 iyul.- S.5.