Məhəmməd Hadinin
sənət idealları və müasir dövr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Məhəmməd Hadinin sənət idealları və müasir dövr” mövzusunda onlayn elmi konfrans keçirilib.
İnstitutun direktoru, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş sözündə konfransın mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyi haqqında ölkə başçısının sərəncamının icrası ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb. Məhəmməd Hadini Azərbaycan romantizminin əsas simalarından biri adlandıran akademik onun “Əlvahi-intibah” poemasının ədəbiyyatımızda xüsusi yerindən bəhs edib. Bildirib ki, şairin irsini ilk dəfə görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov araşdıraraq 1978-ci ildə çap etdirib: “O, şairin əsərlərinin ikicildliyini hazırlasa da, həmin vaxt yalnız birinci cild işıq üzü görüb. Ədəbiyyat İnstitutunun Yeni dövr ədəbiyyatı şöbəsində kitabın hər iki cildi çapa hazırlanıb və akademiyanın “Elm” nəşriyyatının planına salınıb”.
Onlayn konfransda institutun Yeni dövr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli “Məhəmməd Hadi: şair, tərcüməçi, publisist” mövzusunda məruzə edib. O, məruzəsində şairin 246 orijinal şeirinin, 4 poemasının və 27 poetik tərcüməsinin məlum olduğunu vurğulayıb. Məhəmməd Hadinin indiyə qədər digər kitablarında çap olunmayan 64 şeirinin, 4 poetik tərcüməsinin, 125 məqaləsinin, 3 məktubunun, 4 mənsur şeirinin ilk dəfə olaraq iki cildlikdə yer alacağını bildirib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, filologiya elmləri doktorları Abid Tahirli, Elnarə Akimova, Əlizadə Əsgərli, Lütviyyə Əsgərzadə, dosentlər Mehdi Gəncəli, Namiq Abbasov, filologiya üzrə fəlsəfə doktorları Səadət Vahabova, Təranə Abdullayeva məruzələrində şairin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Mədəniyyət.- 2020.- 9 iyul.-
S.6.