Kinonu yazan adam

 

Kino hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir”. Dünya şöhrətli kinorejissor Luis Bünüelin söylədiyi bu maraqlı fikri Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilən operator, rejissor, respublikanın Əməkdar incəsənət xadimi Rasim İsmayılovun yaradıcılığına da şamil etmək olar. İstedadlı kino xadiminin istər operator, istərsə də rejissor kimi quruluş verdiyi bütün filmlərdə ekran obrazlarının arzularını, hisslərini, eləcə də şüuraltı fikirlərini görmək və oxumaq mümkündür.

 

İstedad, doğrudan da, yaşla ölçülmür. Peşəkar kino bilicisi nəinki sənətdə püxtələşdiyi müddət ərzində, hətta kinoya gəldiyi ilk vaxtlardan belə həmkarlarının, eləcə də kino ictimaiyyətinin diqqətini çəkməyi bacardı. Rasim İsmayılovun sənət yoluna nəzər saldıqda onun üçün kinonun peşə və məşğuliyyətdən əlavə, həyatın gerçəkliklərini anlatmaq, ziddiyyətlərini təhlil etmək, hisslərini ifadə etmək üçün mühüm bir vasitə olduğunu görürük. Düşünürük ki, həyatı nə qədər dərindən duyub, doğru nəticə çıxarıb, müdrik tövsiyələrini yaradıcılığına hopdurmaq qabiliyyətinə malik olasan ki, yüksək mənəvi dəyərləri, ibrətamiz xarakterləri yaradıcılığına yansıdasan, yüksək mənəvi keyfiyyətlərin təbliğatçısı, daşıyıcısı olaraq da yüzlərlə insanın sevimlisinə çevriləsən, məşhurlaşasan.

 

Rasim İsmayılovun yaradıcılığının vacib, önəmli xüsusiyyətlərindən biri də kinokameranın gözü ilə məşhurlaşdırdığı personajların həyat mövqeyindən asılı olmayaraq fərdi cəhətlərinə hörmətlə yanaşması, prototipləri şəxsiyyət səviyyəsində təqdim etməsində idi. Sənətini hər fürsətdə püxtələşdirən, çəkdiyi (operatorya rejissor kimi) filmlərin texniki parametrləri ilə yanaşı bədii keyfiyyətinin vəhdətinə də böyük önəm verən operator, obrazların mənfi və ya müsbət olmasından asılı olmayaraq, yaradıcılığı vasitəsilə ekran etikası yaratmağa, hətta yaradıcılıq üslubunu operatorluq sənətinin məktəbinə çevirməyə nail oldu.

 

Ümumiyyətlə, XX əsrin əsasən də birinci yarısında dünya kinosunda, həmçinin Azərbaycan kinosunda filmin ümumi ideyasının açılmasına film qəhrəmanlarının fərdi xarakterinin qabardılması faktı kömək edirdi. Ekran qəhrəmanlarının şəxsi keyfiyyətlərinin, eləcə də (vəziyyətdən çıxış edərək) davranış qaydalarının (əxlaqi dəyərlərin) cəmi hadisələrin mahiyyətinin açılmasına xidmət edir, dövrün, mühitin düşüncə və əxlaq prinsipləri haqqında tamaşaçıda müəyyən təəssürat yaradırdı. Bədii kinoda cərəyan edən hadisələrin fon təsiri bağışlayan köməkçi təsvir vasitələri bütünlükdə, mərkəz xəttinin (baş qəhrəmanın) diqqətdə olmasına yönəlirdi. Bu mənada Rasim İsmayılovun quruluş verdiyi (əsasən də operator kimi) istər tarixi-bioqrafik janrlı, istərsə də ailə-məişət mövzusundan bəhs edən sadə süjetli lirik-dramatik filmlərin belə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmasının səbəbini (məkan və zamandan asılı olmayaraq) məhz personajların şəxsiyyətinə böyük marağın olması faktı yaradır. Deməli, Rasim İsmayılov həyat lövhələrinin məzmununu məntiqli şəkildə şərh etmək üçün kamerasının gözünü məhz kino personajlarının kimliyinin açılmasına yönəldib, ekran qəhrəmanları haqqındakı təsəvvürlərimizi dəqiqləşdirərək kinokadrların yalnız təsvir illüstrasiyası yox, həmçinin müxtəlif dövr hadisələrinin şərhçisi olduğunu sübut edib. Bu isə kadr arxasındakı rolunu məharətlə oynayan, məsuliyyətli işinə görə tamaşaçıların ehtiramını qazanan sənətkarın hər addımda əldə etdiyi sənət uğuru idi.

 

Əməkdar artist, kinoaktyor, kinorejissor Elxan Qasımov Rasim İsmayılovun peşəkarlığından böyük şövqlə bəhs edir: “Onunla ilk dəfə 1964-cü ildə, “Dağ meşəsindən keçərkən” filminin çəkilişləri zamanı görüşdük. Öz dövrü üçün çox müasir geyimli biri kimi yadımda qalıb. Həmişə dəbli (təyyarəçilərin, hərbçilərin gödəkçələrinə oxşayan) gödəkçələr geyinirdi. Əvvəllər elə bilirdim ki, hərbçi və yaxud təyyarəçi olub. Sonradan bildim ki, əvvəl təyyarəçi olmaq istəyib. Şəxsiyyətində, davranışında özünəməxsus qürur vardı.

 

Film Zaqatalanın Katex kəndində çəkilməli idi. O, filmin mövzusuna, ab-havasına uyğun çəkilişləri hazırlamağı çox yaxşı bilirdi. Bir müddət Bakıda çəkilişlər üçün lazım olan avadanlıqları, texnikanı nizamlayırdı. Filmi kanatladolli (ingiliscə Dollyrels üzərində opertor arabası – red.) ilə çəkməyə hazırlaşırdı. Meşədə çəkilişlərə lazım olan trosu qurub bitirdikdən sonra çəkilişlərə başladı. Filmdə belə bir kadr var ki, ayı qaçır, mən də ayını qovuram. Həmin kadrları o, dolly ilə çəkirdi. Çəkilişlər mənə olduqca maraqlı gəlirdi və rahat reallaşırdı. Düşünürdüm ki, mən çəkiliş meydançasında necə belə sərbəst ola bilərəm axı... Çünki bundan əvvəl “Əhməd haradadır?” filminə çəkiləndə çəkiliş məkanına taxta, ip qoyurdular, ya da tabaşirlə işarələyirdilər ki, fokusdan çıxmayım. Ancaq Rasim İsmayılov bizə sərbəstlik verirdi, “necə istəyirsiniz elə də hərəkət edindeyirdi. O özüçox sərbəst insan idi. Onunla işlədiyim sonrakı filmlərdə də bunu gördüm. Həmin qurduğu dolli ilə və yaxud müxtəlif üsullarla fərqli çəkiliş taktikasını həyata keçirir, beləcə, dinamik kadrların çəkilişinə nail olurdu. Peşəsinə böyük məsuliyyətlə yanaşdığına görə də yalnız operator kimi yox, həmçinin ikinci rejissor kimi filmlərə can yandırırdı”.

 

Əməkdar artist uzun illər çalışdığı kinostudiyanın qaynar rejimini sevgi ilə xatırlayaraq deyir: “Azərbaycanda görkəmli operatorlar çox olub. Amma Rasim İsmayılov rejissorlara kömək edən operator idi. Məsləhətlərini yaradıcı heyətdən əsirgəmirdi. Rejissorluq hələ ilk vaxtlardan onun daxilində vardı, qəlbində həmişə bu istək gizlənirdi. Filmlərin mövzusuna uyğun çox taktiki mizanlar qururdu, rejissorların işinə həm operator, həm də rejissor baxımından müdaxilə edirdi. Bunu elə edirdi ki, guya operator işinə görə bu ona lazımdır, amma bilavasitə rejissor işininuğuruna hesablanırdı. Məsələn, deyirdi ki, burdan gəlsən daha yaxşı olar, belə etsən mənə daha rahat olar. Çox yüksək mədəniyyətə sahib insan idi. İşinin gərgin vaxtlarında belə etiket qaydalarını gözləyirdi.

 

Rasimin çəkdiyi müxtəlif rakurslu, dinamik kadrlar dramaturgiyaya kömək edən kadrlar idi. Mənim çəkildiyim “Axırıncı aşırım” filmində də həmkarlarını təəccübləndirə bildi. Abbasqulu bəy qonaq gəldiyi səhnənin çəkilişlərini həyata keçirəndə bizə dedi ki, siz söhbətinizi edin, mənə fikir verməyin. Süfrənin ortasında özü üçün hazırladığı yerdə oturub kameranı fırladaraq maraqlı panoramlı təsvirləri əldə etdi. Nəticədə isə gərgin səhnələrdən biri olan kadrlarda personajların hadisələrə olan münasibətini, qonaqların söhbətlərinə olan reaksiyalarını mimika cizgilərinin ifadəsiylə dəqiqliklə çəkib göstərdi. O, peşəkarlığını filmlərin hər bir kadrında sübut edirdi. Bu onun üslubu idi. İşıq effektini gözəl bilirdi. Adi detalı belə gözdən qaçırmırdı. Hətta Abbasqulu bəyin eynəyinin parıltısına qədər elə çəkmişdi ki, aktyorun baxışlarındakı ağrı, kədər ifadələri dəqiqliklə əks olunurdu. Onun növbəti üstünlüklərindən biri də aktyorları öyrənməsində idi. Onları hansı rakursdan çəkəcəyini gözəl bilirdi. Quruluş verdiyi maraqlı, orijinal kadrlara görə də filmlər böyük müvəffəqiyyət qazanırdı.

 

Hamıya eyni hörmətlə yanaşırdı. Görkəmli sənətkarlara da, biz cavanlara da. Fikirlərini elə həssaslıqla izah edirdi ki, heç kim ondan incimirdi”.

 

Elxan Qasımov Rasim İsmayılovun quruluş verdiyi “Axırıncı aşırım” filminin çəkilişi ilə bağlı bir maraqlı məqamı da diqqətə çatdırdı: “Məlum məsələdir ki, həmin filmdə məşhurlar çox idiorda parlamaq da çətin idi. O, çəkdiyi hər bir aktyoru bir daha məşhurlaşdırırdı. Filmdə Abbasqulu bəyə tüfəngi verdiyim səhnə qısa olmalı idi. O, bu kadrı qısa epizod kimi də işləyə bilərdi. Amma obrazın hadisələrə müdaxiləsini, münasibətini hiss etdirməsi baxımından kadrı (müxtəlif çəkiliş planları ilə) bir qədər diqqətdə saxlamağı lazım bildiböyük olmayan rolun təbiətini, hisslərini bədii inandırıcılıqla təqdim etməyimə şərait yaratdı. Kino üçün vacib olan bu kimi incə nüansları həyata keçirmək xüsusi peşəkarlıq tələb edir. Onu da deyim ki, onun öz dəstəsi vardı. Onları filmdən əvvəl elə hazırlayırdı ki, onlar rejissora bütünlükdə işıq, çəkiliş işlərində çox kömək edirdilər.

 

Onun ömür-gün yoldaşı, Əməkdar jurnalist Nadejda İsmaylova ilə həm yaradıcılıqda, həm də həyatda yolları birləşirdi. Onların özlərinəməxsus gözəl dünyaları vardı. Rasim ssenarilərini yazanda, təbii ki, onunla məsləhətləşirdi. O, xoşbəxt sənətkar idi. O mənada ki, Azərbaycan kinosunun yükünü çiynində daşımaq kimi mühüm missiyanı yerinə yetirirdi”.

 

Rasim İsmayılovun yaradıcılıq filmoqrafiyasında 40-a yaxın, o cümlədən operator kimi 15, rejissor kimi 7 bədii, habelə 3 animasiya (2-si rejissor, 1-i ssenari müəllifi kimi), 10 sənədli (4-ü rejissor, 5-i operator, 1-i ssenari müəllifi kimi) film var. Bu filmlərin hər biri kino sənətinin texniki (təsvir keyfiyyəti) imkanlarını əks etdirən uğurlu ekran əsərləridir.

 

Məşhur Amerika kinorejissoru, ssenarist Kinq VidorunFilm qələmlə deyil, kamera ilə yazılır” ifadəsini kinonun dəqiq planlarının filmin ideyasını təsdiqləyən fikir kimi qəbul etmək olar. Bu mənada müxtəlif həyat hadisələrini böyük məsuliyyət və həssaslıqla lentlərə köçürən Rasim İsmayılovu kamera ilə kinonu yazan adam adlandırmaq olar.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2020.- 9 iyul.- S.7.