Ədəbiyyata “Poçtalyon”la gəlmişdi...
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Əhmədlinin anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə ədibin həyat və yaradıcılıq yoluna qısa nəzər saldıq...
Sabir Məhəmməd oğlu Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. 1951-1954-cü illərdə Cəbrayıl qəsəbəsində orta məktəbdə müəllim, 1955-1956-cı illərdə rayonun Şükürbəyli kəndində orta məktəbin direktoru işləyib.
1956-cı ildə Bakıya gəlib, 1956-1993-cü illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri, 1993-1996-cı illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifələrində çalışıb. 1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.
Ədəbi yaradıcılığa tələbə ikən başlayıb. İlk dəfə 1951-ci ildə “Pioner” jurnalında “Poçtalyon” hekayəsi dərc olunub. Bundan sonra bədii əsərləri və publisistik məqalələri dövri mətbuatda müntəzəm çap olunub.
1961-ci ildə “Bir payız axşamı” adlı ilk kitabı işıq üzü görüb və oxucuların böyük marağına səbəb olub. Sonrakı illərdə bir-birinin ardınca “Aran” (1962) ikihissəli romanı, “Pillələr” (1964), “Yamacda nişanə” (1973), “Toğana” (1981), “Mavi günbəz” (1984, povestlər), “Yasamal gölündə qayıqlar üzürdü” (1984), “Yasaq edilmiş oyun, Gülməli kişinin axırı” (1988) kitabları işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 1989-cu ildə “Azərnəşr” tərəfindən S.Əhmədlinin ikicildlik əsərləri çap edilib.
90-cı illərdə “Dünyanın arşını”, “Yanvar hekayələri” əsərlərini yazıb. Qarabağ hadisələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri – “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” 1992-1993-cü illərdə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Sonrakı illərdə “Axirət sevdası” (2003), “Şəhid ruhu” (2004) və s. kitabları işıq üzü görüb.
Sabir Əhmədli Azərbaycan nəsrinə yeni ab-hava gətirmişdi. O, yüksək vətəndaşlıq hissləri ilə qələmə aldığı əsərlərilə milli ədəbiyyatımıza böyük xidmət göstərməklə yanaşı, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Vətənpərvər övladlardan biri də Xalq yazıçısının oğlu Məhəmməd Əhmədli idi. O, 24 yaşında, 1994-cü ilin fevralında Qarabağ müharibəsində, Murov dağında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Yazıçının fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 1984-cü ildə respublikanın “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü idi. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.
Sabir Əhmədli 2009-cu il aprel ayının 17-də Bakıda vəfat edib.
Mədəniyyət.- 2020.- 9 iyul.-
S.6.