Mədəni əlaqələrin
qurulmasında muzeylərin rolu
Mədəni irsimizin ölkə daxilində olduğu kimi, ölkəmizdən xaricdə qorunması, təbliği məsələləri də mühüm aktuallıq kəsb edir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin (AMM) fəaliyyəti timsalında bu mövzu ətrafında onlayn müzakirə təşkil olunub.
“Mədəni identiklik” mövzusunda videokonfransda M.F.Axundzadə adına AMM-nin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyevanın nitqi dinlənilib. Konfransda həmçinin AMM-nin filialı olan Nəriman Nərimanovun xatirə muzeyinin (Tbilisi şəhəri) direktoru Rəna Darivalova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Biləsuvar Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov çıxış ediblər.
MEMİM-in elmi katib Cavid Əliyev, Muzey işi sektorunun müdiri Pakizə Almazova və başqaları da mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd etmək lazımdır ki, MEMİM-in sektor müdiri P.Almazova M.F.Axundzadə adına AMM-nin və onun filialı olan N.Nərimanovun xatirə muzeyinin mövzu-ekspozisiya planının hazırlanması və bədii tərtibatında iştirak edib.
60-dək mədəniyyət işçisinin qatıldığı videokonfransda çıxış edənlər Azərbaycan-Gürcüstan mədəni əlaqələrinə, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, mədəni irsinin qorunması, M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə, A.Şaiq və digər şəxsiyyətlərin irsinin qonşu ölkədə təbliğ edilməsi və muzey işinin inkişaf dinamikasından söz açıblar.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev konfransı yekunlaşdıraraq, muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulardan bəhs edib. Sahə üzrə peşəkar kadrların hazırlanmasından danışan direktor muzeylərin rəqəmsallaşmasının vacibliyini vurğulayıb. Muzeylərin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağın və ona uyğunlaşmanın zəruriliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin şaxələnməsinə xidmət edə biləcək birgə perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Gürcüstanda pandemiya səbəbindən mart ayında bağlanan muzeylər iyul ayından fəaliyyətini bərpa ediblər.
Tbilisidəki Mirzə Fətəli Axundzadə
adına Azərbaycan Mədəniyyəti Muzeyi
və Nəriman Nərimanovun xatirə muzeyi
də bu həftədən fəaliyyətə
başlayıb. Ziyarətçilər muzeylərə, Gürcüstan Səhiyyə Nazirliyinin
hazırladığı xüsusi təlimata
əsasən, termal yoxlanışdan
keçərək və tibbi maskadan istifadə etməklə daxil olurlar.
Mədəniyyət.- 2020.- 9 iyul.-
S.5.