Mədəniyyətdə iqtisadi yanaşma yolları

 

 

Mütəxəssislərin iştirakı ilə mövzuya dair müzakirə aparılıb

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən iyulun 14-də “Mədəniyyətdə iqtisadi yanaşma: kreativ sənaye” adlı vebinar keçirilib.

 

Vebinara MEMİM-in əməkdaşları, gənc mədəniyyət işçiləri, AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini Allahyar Muradov, institutun şöbə müdirləri Rəsmiyyə Abdullayeva, Mahir Zeynalov və Samirə Əhmədova, iqtisadçı alim Arif Nəzərov, UNEC Biznes Məktəbinin direktor müavini Şəhla Qəhrəmanova qoşulublar.

 

İştirakçılar əvvəlcə Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Alim və mütəxəssislər çıxışlarında mədəniyyət müəssisələrinin fəaliyyətinin planlaşdırılması prosesində iqtisadi təhlillərin aparılması, beynəlxalq iqtisadi təcrübələrin öyrənilməsi kimi məsələlərin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd edilib ki, “Boston Matrixşablonu, VMOST, PESTLE, SWOT və digər təhlillərin mədəniyyət sahəsində tətbiqi üçün mədəniyyət müəssisələrində təlim və maarifləndirici xarakterli silsilə tədbirlərin keçirilməsi müəssisələrə iqtisadi sərbəstlik verə biləcək layihələrdən ola bilər.

 

Mərkəzin əməkdaşı Türkan Həsənova transformasiya prosesləri zamanı mədəniyyət sahəsindən yeni keyfiyyətlərin tələb olunduğunu bildirərək sözügedən istiqamətdə sahənin idarə olunması, maliyyə siyasəti, strateji planlaşdırılma və insan resursları kimi istiqamətlər üzrə müasir tədqiqatların aparılması zərurətini vurğulayıb.

 

Mərkəzin direktoru Asif Usubəliyev tədbir iştirakçılarına təşəkkürünü bildirərək mədəniyyətdə yeni maliyyə və iqtisadi münasibətlərin formalaşmasına ehtiyac olduğunu xüsusi olaraq qeyd edib. Onun sözlərinə görə, mədəniyyət müəssisələrinin modernləşməsi kontekstində kreativ sənaye bir məfhum və fərqli metodlar toplusu kimi bu sahə üçün ikinci şans kimi qiymətləndirilməlidir. Müxtəlif iqtisadi modellərin tətbiqi, kreativ üsullara müraciət olunması, habelə sənaye ilə inteqrasiya mədəniyyət müəssisələrinin fəaliyyətinə yeni imkanlar yarada bilər.

 

Daha sonra MEMİM-in elmi katibi Cavid Əliyev ötən müddət ərzində müəssisənin mövcud istiqamətdə gördüyü işlər haqqında iştirakçılara məlumat verib. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunmuş tədbirlər, aparılmış tədqiqatlar və yazılmış məqalələr haqqında bəhs olunub. Mərkəzin şöbə müdiri Nurəddin Babazadə bu istiqamətdə müəssisənin planları və regionlarda kreativ laboratoriya yaradılması haqqında mülahizələrini səsləndirib.

 

Vebinarın sonunda fərqli sahənin mütəxəssislərinin iştirakı ilə birgə reallaşa biləcək layihələrin müzakirəsi aparılıb.

 

 

Mədəniyyət.- 2020.- 17 iyul.- S.44.