Regional mədəniyyət idarələrindən xəbərlər

 

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən olaylar, hərbçilərimizin böyük rəşadət göstərərək Vətən torpağını qoruması bölgələrdə də geniş rezonans doğurub, insanlarda hərbi-vətənpərvərlik hisslərini gücləndirib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc mədəniyyət könüllüləri baş verən son hadisələrin müzakirəsinə həsr olunmuş videokonfrans keçirib. Konfransda idarə rəisi Vüqar Qədirov və bir qrup könüllü çıxış edərək gənc mədəniyyət könüllülərinin hər zaman ordumuzun yanında olduğunu, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməyə qadir olduğunu qeyd ediblər. Bildirilib ki, bölgədə hazırda insanların mənəvi-psixoloji əhval-ruhiyyəsi yüksəkdir, ordumuz düşmənin hər bir həmləsinə qarşı adekvat tədbirlər görür və düşmən mütəmadi olaraq çox sayda itkilər verərək geri oturdulur.

 

Tədbirdə həmçinin, gənc mədəniyyət könüllülərinin mütəmadi olaraq şəhid ailələrinin yanında olduğu qeyd olunub. Eyni zamanda könüllü gənclərin əsas missiyalarından birininsosial şəbəkələrdə gedən informasiya mübarizəsində fəal olmasının, Azərbaycan reallığını dünya ictimaiyyətinə çatdırmaq işində fəallığın zəruriliyi vurğulanıb.

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanında siyasi hakimiyyətə gəlişinin (14 iyul 1969-cu il) 51-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Mərkəzin direktoru Ləman Cəlilova bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb.

 

Qazax rayon MKS rayon mədəniyyət müəssisələri ilə birgə “Zəmanəmizin böyük azərbaycanlısı” adlı videokonfrans keçirib. Regional idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev çıxışında əvvəlcə Tovuz istiqamətində düşmən hücumlarının qarşısının alınması zamanı şəhid olan vətən oğullarının xatirəsini anıb, yaralı hərbçilərimizə şəfa diləyib.

 

Qeyd edilib ki, XX əsrdə Azərbaycanın bəşər tarixinə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri Heydər Əliyevdir. MKS-nin direktoru Solmaz Babanlı, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Hüseynbəyli kənd kitabxana filialının müdiri Gülşən Hadıyeva mövzu ilə bağlı çıxış ediblər.

 

Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayon Gənclər və idman idarəsi, Ağstafa, Şəmkir, Gəncə, Samux, Daşkəsən və Zərdab Heydər Əliyev mərkəzləri rəhbərlərinin iştirakı ilə “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda vebinar keçirilib. Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru C.Hüseynova bildirib ki, Heydər Əliyev tarixin yetirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, iki dövlət quruluşunda hakimiyyətin zirvəsinə yüksəlməyi bacarıb. Heydər Əliyev mərkəzlərinin direktorları çıxış edərək ümummilli liderin ölkəmiz üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” adlı şeir müsabiqəsinin iştirakçıları üçün “Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan” adlı ekskursiya təşkil olunub. Tədbir ulu öndərin Azərbaycan KP MK-nın Birinci katibi seçilməsinin 51-ci ildönümü münasibətilə gerçəkləşib. Ekskursiya gün ərzində davam edibxüsusi karantin rejiminin qaydalarına riayət etməklə həyata keçirilib.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə ulu öndərin sovet Azərbaycanına rəhbərliyə gəlməsinin 51-ci ildönümü ilə bağlı “Zirvəyə yüksəlişin başlandığı günmövzusunda videokonfrans keçirilib. Konfransda bildirilib ki, Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz ulu öndərin böyük səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Şəki şəhər MKS-nin 38 nömrəli kitabxana filialında səyyar xidmət təşkil olunub. Xidmət zamanı yaşlı nəslin nümayəndəsi, təqaüddə olan müəllim Məmməd Nəsrullayevə evində istədiyi kitablar təqdim edilib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Tarixin 51 ili, 51 ilin tarixi” başlıqlı videomaterial hazırlayıblar. Videomaterialda ümummilli lider Heydər Əliyevin Vətənə və xalqa həsr olunan mənalı ömür yolu barədə ətraflı məlumat verilib, ulu öndərin 1969-cu ilin 14 iyul tarixində siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanın keçdiyi böyük inkişaf yolundan bəhs olunub.

 

İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli, İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq incəsənət məktəbinin direktoru Bəhruz Həşimov və bu müəssisələrin əməkdaşları bu günlərdə Ermənistan ordusunun Tovuz rayonunda törətdiyi təxribat nəticəsində şəhid olandoğma Balik kəndində dəfn olunan Xəyyam Daşdəmirovun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Anım mərasimi koronavirusla bağlı sanitar-epidemioloji tələblərə uyğun olaraq keçirilib.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin və idarənin xidməti əhatəsində olan mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə iyulun 15-də videokonfrans keçirilib. Tədbirdə son günlər cəbhədə baş verən kəskin təxribatlar ilə əlaqədar gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının gücləndirilməsi sahəsində nəzərdə tutulan tədbirlər geniş müzakirə edilib.

 

İdarə rəisi Əhməd Ramazanov və digər çıxış edənlər düşmənin təxribatlarına cavab verib, onu hər həmlədə susduran ordumuzla fəxr etdiklərini  Ali Baş Komandan İlham Əliyevin çağırışına hər bir azərbaycanlı kimi hazır olduqlarını vurğulayıblar.

 

İclasda digər məslələlər də müzakirə olunub, mövcud pandemiya vəziyyəti ilə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, habelə elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, hərbi-vətənpərvərlik mövzusunda onlayn tədbirlərin keçirilməsi barədə tapşırıqlar verilib.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadənin iştirakı ilə rayondakı mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib. Konfransda bildirilib ki, mədəniyyət müəssisələrində koronavirus infeksiyasına qarşı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan bütün qərarlara, verilən tövsiyələrə ciddi əməl olunmalıdır. Tədbirdə eyni zamanda sosial yardıma ehtiyacı olan insanlara, xüsusilə mədəniyyət sahəsində çalışanlara dəstək göstərilməsinin vacibliyi vurğulanıb.

 

Sonda müəssisə rəhbərlərinin görülmüş işlər barədə hesabatları dinlənilib, fikir mübadiləsi aparılıb.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzinin, rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidirmövzusunda videokonfrans keçirilib. Ulu öndərin zəngin və mənalı ömür yoluna həsr olunmuş sənədli film nümayiş olunub.

 

Videokonfransda Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ümummilli liderin müstəqilliyimizin möhkəmlənməsinə yönələn siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Digər çıxış edənlər dünya şöhrətli dahi siyasətçinin Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən söz açıblar.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyevin iştirakı ilə keçirilən videokonfransda son günlər Ermənistanın növbəti hərbi təxribatı nəticəsində Tovuz rayonu istiqamətində sərhədlərimizin qorunması zamanı canlarından keçən şəhidlərimizin qəhrəmanlığından danışılıb.

 

Konfransda regional idarəninin əhatə etdiyi (Ağcabədi, Ağdam, Laçın) rayonlar üzrə mədəniyyət müəssisələri tərəfindən xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirlər və müəssisələrin işinin tənzimlənməsi, nöqsanların aradan qaldırılması və s. məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 17 iyul.- S.4.