“Əkinçi”yə qədər yol...

 

Azərbaycan Milli Mətbuatı-145

 

Milli mətbuatımızın 145 illiyini qeyd etdiyimiz bu günlərdə bir daha böyük maarifpərvər və ziyalı Həsən bəy Zərdabinin əsasını qoyduğu yola, 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin nəşri ilə başlanan tarixə nəzər salır, millətimizə mətbuat işığı yandıranları və o yolu davam etdirənləri  minnətdarlıqla yad edirik. Bununla yanaşı, mədəni-maarif tariximizdə “Əkinçi”yə də qədər yol olubo dövrün reallıqları, ictimai-siyasi prosesləri “Əkinçi”nin meydana çıxmasını şərtləndirib. Bu yazıda həmin dövrün mətbuat tarixindən bəzi məqamları diqqətə çatdıracağıq.

 

***

 

XIX əsrdə, xüsusilə əsrin birinci yarısında Cənubi Qafqazın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması bütövlükdə regionda mədəni inkişafa, o cümlədən mətbuatın təşəkkül tapmasına öz təsirini göstərib. Çar Rusiyasının Qafqazı işğal etməsi mədəni hegemonluqla da müşayiət olunurdu, bölgədə rusdilli mətbuatın da təməli qoyulurdu. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraqTiflisskiye vedomosti”, “Zakavkazski vestnik”, “Kavkaz”, “Novoye obozreniye” və başqa qəzetlərdə bu yöndə yazılar yer alırdı.

 

1828-ci ildə Tiflisdə “Tiflisskiye vedomosti” qəzeti nəşrə başladı. Bu, Qafqazda rus dilində çıxan ilk qəzet idi. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında  tədqiqatlar aparan alimlərimiz “Tiflisskiye vedomosti” qəzeti haqqında da bəhs etmişlər. Qəzetdə Qafqaza sürgün olunmuş yazıçı A.Bestujev-Marlinskinin “Qırmızı örtük” (1831-ci il, ¹ 6, 7), “Vaxtı ilə dağlılara əsir düşmüş zabitin hekayəsi”, (1831, 9, 17), şair V.Qriqoryevin oçerkləri, P.Sankovskinin, Q.Qordeyevin şeirləri və s. əsərlər dərc edilmişdi.Müasir tarix. Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında” (1829, 38, 43), “Moskvalı dostuma məktub” (1830, 25, 53 və b.), “Qarabağ əyalətinə tarixi baxış” (1836, 86), “Car  Balakən vilayətlərinə səyahət” (1830, 81-83) və s. məqalələrdə Azərbaycan haqqında, azərbaycanlıların məişəti, yaşayış tərzi və s. barədə məlumatlar verilirdi.

 

Görkəmli şair, tarixçi Abbasqulu ağa Bakıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış edirdi. Onun “Dərbəndnamə”  əsərindən tərcüməsi haqqında qəzet yazmışdı: “Lazımi mənbələrin tərcüməsi Qafqazın bu tərəfinin tarixini yeni dünyaya yayar...” (1829, 44).

 

Tiflisskiye vedomosti” qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də nəşr olunub. Azərbaycanca qəzetin adı “Tiflis əxbarı” idi.

 

Tiflisdəki “Diplomatik dəftərxana”da “Tiflisdə tatar dilində qəzet nəşri haqqında” 142 nömrəli 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanıb. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edir ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmmədxan Əmir Nizama təqdim olunmaq üçün “ardıcıl çatdırılsın”, çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcək.

 

Bu qəzetin bir nüsxəsi belə əldə yoxdur. Lakin qəzetin çıxması haqqında arxiv sənədləri var. Qəzetin redaktoru P.S.Sankovski idi. O, bir neçə xarici dil bilirdi. 1823-cü ildə Tiflisə gəlmiş, Qafqaz nazim-əzəminin (baş hakiminin) dəftərxanasında qulluğa başlamışdı. 1827-ci ildə o, Qafqaz nazim-əzəmi Paskeviçin yanında xüsusi tapşırıqlar məmuru vəzifəsində işləmişdi.Tiflisskiye vedomosti” qəzeti nəşrə başlayanda onu redaktor təyin etmişdilər. Puşkinin Qafqaza gəlməsi münasibətilə Sankovski qəzetin 28 iyun 1828-ci il tarixli 26-cı nömrəsində təntənəli bir məqalə dərc etmişdi. A.S.Puşkin “Ərzurum səyahəti” əsərində Sankovskinin də adını çəkir.

 

 

 

Tiflis əxbarı”

 

 

 

Tiflis əxbarı” qəzetinin materiallarını Mirzə Əpriəm Yenikolopov redaktə edirdi. O, Şərq dillərini bilirdi. Arxiv materiallarından məlum olur ki, Azərbaycan dilində “Tiflis əxbarı” qəzeti farsca çıxan qəzet bağlandıqdan sonra buraxılıb. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan nəşri çox davam etməyib. Bunu Qafqazın baş hakimi olmuş baron Rozenin 1831-ci il dekabrın 30-da çar Rusiyasının Maarif naziri K.A.Livenə yazdığı məktubdan da bilmək olar. Baron Rozen yazırdı ki, məndən əvvəl burada fars dilində “Tiflisskiye vedomosti” qəzeti nəşr olunmuş, qəzeti saxlamaq üçün abunəçilərin sayı az olduğuna görə onun nəşri dayandırılmışdır: Tatarlar (azərbaycanlılar – red.) onlar üçün çıxan qəzeti (fars nüsxələri nəzərdə tutulur) – təbiətlərinə xas olan maraqla və məmnuniyyətlə qarşıladılar, lakin olduqca az abunə ilə kifayətləndilər... Çünki fars dili (burada) ... az yayılıbdır”. Baron Rozen məktubunda göstərirdi ki, qəzetin azərbaycanca çıxması ilə hökumətin “müvafiq xeyirxah niyyətlərinin” buradakılar arasında yayılması üçün “ən layiqli vasitə” əldə ediləcəkdir.

 

Lakin çar idarələri Azərbaycan dilində çıxan qəzetin nəşrinə icazə verməklə yanaşı, həm də qorxurdular ki, hökumətin xalq əleyhinə siyasəti qəzet səhifəsində çıxa bilər. Bunu baron Rozenin 1831-ci il dekabrın 31-də Xarici İşlər Nazirliyi yanında Asiya departamentinin müdiri Rodofinikinə göndərdiyi məktubdan aydın hiss etmək olur. Məktubda deyilirdi ki, həmin qəzetdə hökumətin siyasi görüşləri əks olunacaq. Odur ki, bəzi şeyləri redaktora bildirmək lazım deyildir.

 

Tiflis əxbarı” qəzetinin Azərbaycan dilində ilk nömrəsi 1832-ci ilin yanvarında çıxmışdı. Sənədlərin birində deyilir: “Bu il yanvarın 1-dən Tiflisdə aşağıdakı şərtlərlə tatar dilində qəzet buraxılacaqdır. Qəzet həftədə bir dəfə çıxacaqdır. Rusca nəşrində olduğu kimi, tatar qəzetinin də illik abunə haqqı gümüş pulla 8 manat, yarım illik isə 5 manatdır...”.

 

Bu məzmunda elanlar İrəvana, eləcə də Şirvan, Şəki, Bakı, Quba, Dərbənd, Lənkəran, Gümrü komendantlarına göndərilmişdi. Elanla yanaşı, qəzetə abunəçilər toplamaq haqqında göstəriş də verilmişdi. Alınan cavablardan bir neçəsi Gürcüstan dövlət arxivində saxlanılır. Quba  komendantı Gimbut 1832-ci il 21 yanvar tarixli məktubunda yazırdı: “Tatar dilində çıxan “Tiflis əxbarı” qəzetini almaq istəyən 30 nəfər, rus dilində almaq istəyən iki nəfərdir”.

 

Bakı komendantı podpolkovnik Kolomiysev məktubunda deyirdi ki, Bakıda qəzetə yazılmaq istəyənlər tək-təkdir. Ümumiyyətlə, camaat qəzetə yazılmaq istəmir. Ona görə ki, keçən illər fars dilində çıxan qəzetin abunəçiləri nömrələrin birini də almamışlar.

 

Tiflisskiye vedomosti” qəzetində Azərbaycanın mədəni tarixinə aid bir sıra maraqlı faktlar vardır. Həmin faktların çoxu A.Bakıxanovun adı ilə bağlıdır. Qəzetdə “P.S.” imzası ilə (redaktor P.S.Sankovski) çıxmış “Ərdəbil məscidinin təsviri” məqaləsi (3 oktyabr 1828, ¹14) məşhur Şeyx Səfi tarixi abidəsinə və onun nəzdindəki kitabxanaya həsr olunub. Qəzetdə həmin məscid-məqbərənin nəzdindəki zəngin və qədim əlyazmaları kitabxanasının Ərdəbildən Peterburqa göndərilməsi təfsilatı da göstərilib. Qəzet sonrakı illərdə də İran və Türkiyə ərazisindəki qiymətli əlyazma kitabları  barədə materiallar, böyük kitabxanaların fondu haqqında siyahı dərc edirdi. Siyahıda Azərbaycan klassiklərinin əsərlərinin də adı vardı. “Şərq kitablarının və əlyazmalarının Ərzurum və Bayaziddən 1829-cu ildə əldə edilmiş siyahısı” sərlövhəli (1829, 46), sənəddə Nizami Gəncəvinin “Xəmsə”sinin, Xaqani Şirvani külliyyatının da adı yazılmışdı.

 

Qəzet A.Bakıxanovun dilləri mükəmməl bilməsini, xidməti işində fərqlənməsini xüsusilə qeyd edirdi. Yazırdı ki, məşhur “Dərbəndnamə” əsərini A.Bakıxanov rus dilinə səlis tərcümə edib (1829, 44, 45). Həmin faktlar göstərir ki, A.Bakıxanov “Tiflisskiye vedomosti” redaksiyası ilə əlaqə saxlayıb.

 

Tiflisskiye vedomosti” qəzetində bədii ədəbiyyat nümunələri də çap olunurdu. Qəzetin 1830-cu il 68-ci nömrəsində Azərbaycan xalq eposuKoroğlu” haqqında məqalə verilmişdi. Məqalə təsviri səciyyə daşısa da, eposun rus oxucularına tanıdılmasında ilk addım idi. 40-50-ci illərdə “Koroğludan ayrı-ayrı qollar mərkəzi rus mətbuatında da dərc edildi.

 

Tiflisskiye vedomosti” səhifələrində Azərbaycanla əlaqədar memuar səciyyəli səyahətnamə və xatirələr də var. “Z...v” imzası ilə verilən səyahət-xatirələr Qarabağın o zamankı həyatına həsr edilsə də, real həyatı göstərməkdən çox uzaq səciyyədədir.

 

Şahbulaq qalasına həsr olunan məqalə tarixi həqiqətə yaxınlığı ilə diqqəti cəlb edir. Məqalənin müəllifi “Qarabağ astroloquya Şuşa qalasının 1752-ci ildə bina edilməsi” (Moskva, 1834) adlı tarixi fantastik romanın müəllifi P.Zubovdur. Qəzet həmin romandan parçalar da dərc etmişdi. Lakin əsərdə tarixi faktlar təhrif olunmuş, yerli xalqlara qeyri-obyektiv münasibət bəslənilmişdi.

 

Qəzet Azərbaycanın tarixinə və iqtisadi həyatına aid materiallara nisbətən üstünlük verir, müxtəlif əmr və fərmanlardan başqa tarixistatistik məzmunlu materiallar da dərc edirdi. Bu materiallardan biri “Azərbaycan əyalətinin gəliri haqqında” adlanır. Azərbaycanın Rusiyaya ilhaqı illərinə aid statistik məlumat, dövrün vergi sistemi, xalqın iqtisadi vəziyyəti haqqında müəyyən təsəvvür yaradır.

 

Azərbaycanın Rusiya tərkibinə daxil edilməsinin bəzi məqamları da qəzetdə öz əksini tapmışdı. “Baş komandan knyaz Sisyanov tərəfindən Gəncə qalasının qəfil hücumla alınması” adı məqalə 1804-cü ilin qanlı hərbi münaqişələrinə həsr edilmişdi.

 

Qəzet 1833-cü ilin əvvəllərinə qədər nəşr olunur. Sankovski 1832-ci ilin oktyabrında vəfat etdikdən sonra əməkdaşlardan ZubaryovQordeyev hər üç qəzetin nəşrini davam etdirmək istəsələr də, üç qəzeti redaktə etmək onlar üçün çətinlik törədir və qəzet bağlanır. Bundan sonra Tiflisdə bir neçə il Azərbaycan dilində qəzet çıxmır.

 

 

 

“Qafqazın bu tərəfinin xəbəri”

 

 

 

Həftəlik “Zakavkazski vestnik” qəzeti 1841-ci ildə nəşrə başlayır. Redaktoru Vasilkovski, P.İoseliani olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxırdı.

 

Zakavkazski vestnikiki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Cənubi Qafqaz xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu.

 

Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: “Zakavkazski vestnik” qəzetinin qeyri-rəsmi şöbəsinin məqsədi oxucuları Zaqafqaziya ölkəsinin keçmişmüasir məişəti ilə tanış etməkdir. Burada kiçik hekayələr, gürcü, erməni və tatar (Azərbaycan) dillərindən tərcümə edilmiş tarixi məqalələr, arxeoqrafiya, yumor, ölkə üzrə səyahətlər, felyetonlar dərc ediləcəkdir”.

 

Zakavkazski vestnik” Dərbənd qalasının dəmir qapıları haqqında məqalə çap etmiş və həmin qapıların bir tayının İmeretiyaya gətirilməsi təfsilatını vermişdi (1845, 6). Yazıda Dərbəndin qədim Bərdə və Alban dövləti ilə əlaqəsi də nəzərə çatdırılır. A.Bakıxanovun dostu, məşhur şərqşünas İ.Berezin Azərbaycandan getdikdən bir neçə il sonraZakavkazski vestnik” qəzetinə “Bakı atəşləri” adlı silsilə məqalələr yazmışdı. Bu publisist-etnoqrafik oçerklərdə Bakı və Abşeronun o zamankı təsviri verilmişdi (1850, 25-27).

 

Kazan Universitetinin Şərq dilləri mütəxəssisi İ.Berezin professor Mirzə Kazımbəyin tərtib etdiyi marşrut üzrə 1842-ci ildə Dağıstan və Azərbaycandan keçməklə Şərq ölkələrinə səyahət etmişdi. Qubada olarkən o, A.Bakıxanovla görüşmüş, sonralar çap etdirdiyi “Dağıstan və Zaqafqaziyaya səyahət” əsərində (1849) Azərbaycan aliminin qonaqpərvərliyi, zəngin kitabxanası haqqında danışmışdı. Onun aşıq və xanəndələrimizin ifaçılıq məharəti barədə məqaləsi də maraqlıdır.

 

Abşeron yarımadasına səyahət” məqaləsində də maraqlı yerlər var. O yazır: “Mən son vaxtlarda Tehran, Qahirə və Konstantinopolda müsəlman artistlərinin çıxışlarını eşitmişəm, amma Abşeron yarımadasında Əlyarbəyin oxumasını daha böyük razılıqla xatırlayıram” (1847, 21).

 

1845-ci ildən “Zakavkazski vestnik”də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar dərc olunur. Məqalələrin birində (1845, 4) Makedoniyalı İsgəndər dövrünün tarixçilərindən qeydlər verilir, Abşeronda yaranan atəşgahlar, hindli atəşpərəstlərin mərasimləri xatırladılır, Maştağa, Buzovna, Mərdəkan, Şüvəlan, Nardaran, Bilgəh kimi yaşayış məntəqələrinin təsviri, xalqın maddi vəziyyəti və məişəti, adət-ənənələri işıqlandırılır.

 

Bu qəzet sonralar gürcü və Azərbaycan (“Qafqazın bu tərəfinin xəbəri”) dillərində də buraxılıb. Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini taparaq fotosurətini mətbuatda çap etdirib. Həmin fotosurətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, “Qafqazın bu tərəfinin xəbəri” 1845-ci ildə nəşr edilib. Bu materiallardan görünür ki, “Qafqazın bu tərəfinin xəbəri” rəsmi dövlət məlumatlarını verən, fərmanları, qərar və qanunnamələri yayan bir orqan idi.

 

Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. Bu qəzetin nəşri çox davam etməyib, 1846-cı ildə bağlanıb.

 

“Tiflis əxbarıQafqazın bu tərəfinin xəbəriilə, əlbəttə, milli Azərbaycan mətbuatı yaranmadı. Bunlar ancaq onun rüşeymi oldu. Eyni zamanda mətbu orqanlar Həsən bəy  Zərdabinin təşəbbüsü ilə yaranan milli Azərbaycan mətbuatının açılmaqda olan sübhünü xəbər verirdi.

 

Hazırladı: Vüqar ORXAN

 

Azərbaycan mətbuatı tarixi” (tərtibçi A.Şahverdiyev; “Təhsilnəşriyyatı, 2006) kitabının materialları əsasında

 

Mədəniyyət.- 2020.- 17 iyul.- S.6.