Ədəbiyyat və İncəsənət Arxivinin 55 yaşı tamam olur

 

 

İyulun 17-də Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin yaradılmasının 55 ili tamam olur. Bu müddətdə arxiv Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət tarixinin öyrənilməsi və qorunub saxlanılmasına mühüm töhfələr verib.

 

1920-ci ildə Azərbaycanda sovet hökuməti tərəfindən “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekret imzalanıb. 1921-ci ildə Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi kimi fəaliyyətə başlayıb. 1922-ci ildə Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur.

 

Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılır və 1966-cı ilin yanvar ayından fəaliyyətə başlayır.

 

Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli sərəncamı ilə arxivə, Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri nəzərə alınaraq, görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilib. Həmin ildə Baş Arxiv İdarəsi UNESCO yanında Beynəlxalq Arxiv Şurasına tamhüquqlu üzv qəbul edilib.

 

1999-cu il 27 iyul tarixində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2002-ci il 2 dekabr tarixli “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Prezident fərmanına əsasən, Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradılıb. Dövlət Ədəbiyyat və İncəsənət Arxivibu qurumun tabeliyində fəaliyyət göstərir.

 

Arxivdə XIX əsrin sonlarından günümüzə qədər sənədlər saxlanılır. Arxivdə 660-dan çox görkəmli ədəbiyyat, incəsənət xadiminin şəxsi fondları mühafizə olunur.

 

Arxiv mühacirətdə yazıb-yaratmış Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Ümmülbanu, Almas İldırım, Səlim Turan və başqalarının sənədləri ilə də komplektləşdirilib. Arxivdə saxlanılan sənəd və materiallar əsasında bir sıra kitabtoplular hazırlanaraq nəşr olunub.

 

Mədəniyyət.- 2020.- 17 iyul.- S.6.