Milli Mətbuat Günü
həm də oxucular üçün
bayramdır
İlk Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin redaktorluğunda “Əkinçi” qəzetinin nəşri ilə fəaliyyətə başlamışdır. Bu qəzet əsasən maarifçilik ruhuna köklənmişdir. Cəmi 2 il fəaliyyət göstərən qəzetin 156 sayı işıq üzü görmüşdür. Lakin buna baxmayaraq “Əkinçi”nin ideyaları sonradan fəaliyyətə başlayan mətbuat orqanlarında davam etdirilmişdir.
Azərbaycan mətbuatı müstəqillik ideyalarının carçısı olmuş, xalqımızın ən ülvi arzularının həyata keçməsi üçün öz töhfəsini vermiş, milli şüurunun və mədəniyyətinin formalaşmasında böyük rol oynamışdır. Mətbuatımız uzun, keşməkeşli, çətin yollardan keçərək bu günümüzə qədər gəlib çatmışdır.
Ümummilli lider Heydər Əliyev mətbuatın önəmindən bəhs edərkən deyirdi: “Yaşadığımız qloballaşma və informasiya əsrində azad söz və mətbuatın əhəmiyyəti getdikcə artmaqdadır. Müstəqil ənənələrə, milli və ümumbəşəri dəyərlərə malik Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi bugünkü müstəqil dövlət və azad vətəndaş cəmiyyəti quruculuğunda müstəsna rol oynayir”.
22 iyul – Milli Mətbuat Günü təkcə bu sahədə çalışanlar üçün deyil, əslində, həm də oxucular üçün bayramdır. Çünki hər bir insan mətbuat vasitəsilə özünə lazım olan məlumatları əldə edə bilir.
Bütün mətbuat işçilərini əlamətdar gün – peşə bayramı münasibətilə təbrik edirik. Arzu edirik ki, Azərbaycan mətbuatı öz çoxşaxəliliyi və rəngarəngliyi ilə oxucularını dəyərli və maraqlı yazılarla daim sevindirsin.
Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş
kitabxanaçısı
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.6.