Onlayn elmi konfrans keçirilib
Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq iyulun 17-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi media nümayəndələri ilə birlikdə “Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirib.
Konfransın moderatoru, universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkə başçısının sərəncamı ilə əlaqədar BDU-da keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Qeyd edib ki, müstəqilliyin bərpa edilməsindən sonra Azərbaycanda medianın inkişafında mühüm irəliləyiş baş verib. Ulu öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi, KİV sahəsində qanunvericilik bazasının yaradılması, habelə İlham Əliyevin müvafiq sərəncamları ilə 2005, 2010 və 2015-ci illərdə milli mətbuatın 130, 135, 140 illik yubileylərinin qeyd edilməsi, eləcə də milli mətbuatın 145 illik yubileyi haqqında sərəncam bu sahəyə yüksək dövlət qayğısının bariz nümunələridir.
E.Babayev vurğulayıb ki, BDU-nun Jurnalistika fakültəsi fəaliyyət göstərdiyi müddətdə respublikanın kütləvi informasiya vasitələri üçün minlərlə yüksəkixtisaslı kadr yetişdirib. Rektor mətbuat nümayəndələrini yubiley münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Sonra Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev “Ekstremal dövrlərdə informasiya ilə manipulyasiya və təhlükəsizlik problemi” mövzusunda məruzə ilə çıxış edib. O, informasiya cəmiyyəti, ekstremal vəziyyətdə medianın funksionallığı, müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya məkanının qorunması və s. haqqında danışıb.
Onlayn konfransda
“Yeni media zamanın
çağırışları kontekstində”, “Pandemiya dövründə medianın qlobal problemləri”, “Yazılı mətbuat və
sosial şəbəkələr”, “Pandemiya dövründə xarici
və yerli medianın fəaliyyəti” və
s. mövzularda
çıxışlar dinlənilib.
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.6.