Yüz ilin xəbər
xətlərindəki salnamə
“BAKU” jurnalı AZƏRTAC-ın 100 illik yubileyinə xüsusi
layihə həsr edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu “BAKU” jurnalı (Moskvada rus və ingilis dillərində nəşr olunur) AZƏRTAC-ın 100 illik yubileyinə xüsusi layihə həsr edib. Jurnalın mart-aprel nömrəsində təqdim olunan layihəyə Azərbaycanın ilk xəbər agentliyinin yaranma tarixi və keçdiyi inkişaf yolu barədə oçerk və müxtəlif dövrlərə aid çoxsaylı arxiv fotoları da daxildir.
Bu materiallarda respublikamızın keçdiyi mədəni inkişaf da ətraflı şəkildə əksini tapıb. Çünki ötən dövrdə Azərbaycanın mədəniyyət salnaməsi həm də dövlət informasiya agentliyinin xəbər lentlərindən keçib. “Azərbaycan Teleqraf Agentliyi” (Azərbaycan Teleqraf Ajansı) imzası ilə başlanan bu xəbər yolundan bəzi məqamları təqdim edirik.
***
“Azərbaycan Teleqraf Agentliyi” adı ilə imzalanmış ilk məlumatlar 1920-ci il martın 1-də “Azərbaycan” qəzetinin “Teleqramlar” bölməsində dərc edildi. Martın 2-də agentlik artıq Şuşadan, Karyagindən (indiki Füzuli) və Xankəndidən alınmış ilk xəbərlərini təqdim etdi. Məsələn: “Şuşa, 1 mart. Milliyyətindən asılı olmayaraq əhalinin əhvalı tamamilə sakitdir. Şəhərdə asayiş nümunəvidir”.
Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi cəmi iki ay mövcud oldu.
***
1920-ci ilin 28 aprelində bolşeviklərin gəlişi ilə respublikada informasiyanın yayılması ROSTA-nın (Rusiya Teleqraf Agentliyinin) Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinə – AzKavROSTA-ya həvalə edildi. 1921-ci ildə bu bölmə AzərTAQ, 1922-1936-cı illərdə isə üç Zaqafqaziya respublikasının (Zaqafqaziya Federasiyası) agentlikləri birliyinin tərkibinə daxil oldu və ZaqTAQ adlandırıldı. Sonradan AZƏRTAC yenidən müstəqil informasiya orqanı kimi fəaliyyət göstərdi.
1922-ci ildən Azərbaycan Teleqraf Agentliyi əslində SİTA-nın (Sovet İttifaqı Teleqraf Agentliyi) filialı olub. Agentliyin Bakıda öz müxbirləri olduğuna baxmayaraq, dünyada baş verən hadisələr barədə əsas informasiyanı Moskvadan, özü də ümumi istifadəli teleqraf vasitəsilə alırdılar. 1932-ci ildə agentliyə “Kleynşmidt” markalı iki teletayp aparatı gətirildi: bu, informasiyanın alınmasını, həmçinin onun qəzetlərə və radioya ötürülməsini sürətləndirirdi.
***
1941-ci ilin 22 iyununda Böyük Vətən müharibəsinin başlanmasından az sonra Moskva ilə teletayp əlaqəsi kəsildi. SİTA-nın xəbərləri yenidən adi teleqrafla, bəzən də radio vasitəsilə daxil olmağa başladı. Sovet İttifaqının baş informasiya agentliyinin Azərbaycan filialının işi gecə-gündüz fasiləsiz davam edirdi. Hərbi müxbirlər birbaşa ön cəbhədən son xəbərləri çatdırırdılar. Onların arasında Rəsul Rza, Qılman Musayev, Cəmşid Əmirov, Bağır Seyidzadə, Nüsrət Bağırov, Mixail Pleskaçevski kimi şair və yazıçılar vardı.
Xalq şairi Rəsul Rza sonradan xatırlayırdı: “1941-ci ilin sonunda mən respublika ictimaiyyətini təmsil edən nümayəndə heyətinin tərkibində Novorossiyskə gedib çıxdım. Orada qoşunlar Krıma desant çıxarılması üçün hazırlanırdı. Döyüş birləşmələrinin tərkibində azərbaycanlılar çox idi. Poetik “sexini” Səməd Vurğunun və mənim təmsil etdiyimiz nümayəndə heyətimizin üzvləri bir neçə gün ərzində hər gün on dəfə döyüşçülər qarşısında çıxış edirdi. Elə o vaxt məndə öz qüvvəmi hərbi müxbir kimi sınamaq fikri yarandı... Mənim Azərbaycan Teleqraf Agentliyinin hərbi müxbiri olmağımı təsdiq edən sənəd ordunun rabitə idarəsinə yol açdı. Mən hərbi teleqraf vasitəsilə Bakıya müxbir yazılarını çatdırırdım. Bəzən mən elə həmin rabitə kanalları vasitəsilə həmyerlilərimin döyüş igidlikləri barədə qısa oçerklər ötürə bilirdim. Uzun müddət idi ki, Bakıdan xəbər almırdım, mənim yazılarımın təyinat yerinə çatıb-çatmadığını bilmirdim. İki aydan sonra Bakıdan böyük bir bağlama qəzet alanda sevincimin həddi-hüdudu yox idi. Bu qəzetlərdə mənim cəbhədən göndərdiyim materiallar dərc edilmişdi”.
***
Müharibədən sonra respublika iqtisadiyyatında irəliləyiş oldu. AZƏRTAC-ın müharibədən sonrakı dövrə aid məlumatlarında respublikanın xalq təsərrüfatının bərpası haqqında ətraflı söhbət açılırdı: yeni şəhərlərin yaradılması, zavodların tikintisi, Cənubi Qafqazda ən böyük olan Mingəçevir su elektrik stansiyasının işə salınması... Lakin respublikanın və bütün SSRİ-nin sonrakı inkişafını çox cəhətdən müəyyən etmiş ən mühüm hadisə Bakının lap yaxınlığında baş verdi: Xəzər dənizində çox böyük neft yataqları aşkar edildi. 1949-cu il noyabrın 7-də 1100 metr dərinlikdə neft quyusu fontan vurdu. Neft daşlarının mənimsənilməsi başlandı.
1952-ci ildə Hindistanda keçirilən sərgidə Bakının böyük panoramı sovet pavilyonunun sənaye zalının bəzəyi oldu. AZƏRTAC bu quruculuq işlərinin işıqlandırılmasına maksimum diqqət yetirirdi.
Həmin illərdə respublikanın elmi həyatında çox mühüm hadisə baş verdi: SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı bazasında Azərbaycan Elmlər Akademiyası (1945) yaradıldı. İlk akademiklər bəstəkar Üzeyir Hacıbəyli, şair Səməd Vurğun, yazıçı Mirzə İbrahimov, kimyaçı Yusuf Məmmədəliyev, geoloqlar Mirəli Qaşqay, Ələşrəf Əlizadə və Şamil Əzizbəyov, botanik Aleksandr Qrossheym, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov, hidravlik İosif Yesman, cərrah Mustafa Topçubaşov, patoloq-anatom İvan Şirokoqorov və filosof Heydər Hüseynov idi. Akademiyaya həkim, Azərbaycanda müasir tibbi təhsilin banisi Mirəsədulla Mirqasımov rəhbərlik edirdi.
1948-ci ildə Bakının yaxınlığında dəniz sahilində qazılmış kəşfiyyat quyusundan müalicəvi qaynar su fontan vurdu. Bu yerdə balneoloji müalicəxana tikmək qərara alındı. Sonrakı illərdə məşhur “Naftalan”, “İstisu” müalicəxanaları və Abşerondakı sanatoriyalar bütün sovet ittifaqından qonaqları qəbul edirdi. 1966-cı ildə Azərbaycandakı sanatoriyalar, istirahət evləri və pansionatlar 100 minə yaxın müştəri qəbul etmişdi. Xəzərin sahilində uşaqlar üçün də müalicəxanalar tikilir, pioner düşərgələri yaradılırdı.
1960-cı ildə respublikada ilk dəfə olaraq Şamaxı astrofizika rəsədxanası yaradıldı. Sonradan bu rəsədxanaya böyük riyaziyyatçı və astronom Nəsirəddin Tusinin adı verildi.
***
1950-1960-cı illər Azərbaycan incəsənətinin çiçəklənməsi dövrü olub. Məhz həmin illərdə Qara Qarayev özünün “Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958), “Leyli və Məcnun” klassik baletlərini yazıb. Digər görkəmli bəstəkar Fikrət Əmirov 1952-ci ildə Cəfər Cabbarlının eyniadlı dramının motivləri əsasında “Sevil” operasını yaradıb. 1966-cı ildə respublikada 9 peşəkar teatr və 25 muzey fəaliyyət göstərirdi. 1967-ci ilin baharında Bakıda dünyada ilk Xalça Muzeyi açıldı. Azərbaycan cazı yarandı. Bu prosesin rəmzləri bəstəkarlar Vaqif Mustafazadə və Rafiq Babayev oldu. 1957-ci ildə Rəşid Behbudov Bakı Filarmoniyasının nəzdində cazı və Azərbaycan xalq çalğı alətlərini birləşdirən ansambl yaratdı. 1966-cı ildə isə o, Mahnı Teatrını yaratdı və ömrünün sonuna qədər bu kollektivə rəhbərlik etdi.
Aşıqlar bayramlarda, festivallarda radio və televiziya efirində arzu edilən qonaqlar idi. Aşıq Pənah
Pənahov “Vətən”,
“Bakı”, “Sülh” adlı mahnılar qoşmuşdu.
***
1950-1970-ci illərdə Bakının siması əsaslı şəkildə
dəyişdi. Həmin illərdə tikilmiş binalar bu gün
də şəhərin
bəzəyidir: Hökumət
evi (memarlar L.Rudnev, V.Munts), Alimlər evi, “Buzovnaneft” trestinin evi (memarlar M.Hüseynov,
S.Dadaşov), Azərbaycan
Dövlət Dram Teatrı
(memarlar Q.Əlizadə,
M.Mədətov), M.F.Axundzadə
adına Respublika Kitabxanası (memar M.Hüseynov), Lenin muzeyi (indiki Muzey Mərkəzi, memar Q.Məcidov), “Göyərçin” kafesi
(memarlar V.Şulqin və R.Şərifov) və s. Monumental heykəltəraşlıq
çiçəklənirdi. Şairlər Nizami (heykəltəraş
F.Əbdürəhmanov), Sabir
(heykəltəraş C.Qaryağdı),
Natəvan (heykəltəraş
Ö.Eldarov), Füzuli
(heykəltəraşlar Ö.Eldarov
və T.Məmmədov),
Səməd Vurğun
(heykəltəraş F.Əbdürrəhmanov),
bəstəkar Üzeyir
Hacıbəyli (heykəltəraş
T.Məmmədov) kimi görkəmli şəxsiyyətlərin
heykəlləri Azərbaycan
paytaxtının bəzəyinə
çevrildi. Paytaxtın dəniz
fasadı – Dənizkənarı
bulvar həm uzununa, həm də eninə genişləndirildi, 1960-cı ildə
isə bulvarla Dağüstü parkı
birləşdirən funikulyor
inşa edildi. 1967-ci ildə Bakı
Metropoliteninin ilk xətti
açıldı.
1956-cı ilin 14 fevralında
“Göstərir Bakı!”
sözləri ilə Azərbaycan Televiziyasının
yayımı başlandı. 1957-ci ildə paytaxtdakı təpənin zirvəsində
180 metr hündürlüyündə
televiziya qülləsi
tikildi. 1962-ci ildən respublika televiziyası gündə
7 saat yayımlanırdı.
1970-ci ilin aprelində
Rustavi-Bakı radiorele
xətti ilə Azərbaycanda ilk dəfə
Moskvadan rəngli televiziya verilişləri qəbul edilməyə başlanıldı.
***
1969-cu ildə Heydər
Əliyev respublika rəhbərliyinə gəldi. Yeni liderin
dövründə Azərbaycanın
iqtisadi yüksəlişi
daha çox nəzərə çarpmağa
başladı. AZƏRTAC
yeni avadanlıq, müasir teletayplar aldı; Kirov (indiki Bülbül) prospektindəki
redaksiya binası təmir edildi. Heydər Əliyev jurnalist peşəsini həmişə
yüksək qiymətləndirirdi.
Sonradan bu peşəyə öz münasibətini çox
aydın ifadə edərək deyirdi: “Qanunlar əsasında yaşayan demokratik, hüquqi, dünyəvi dövlətdə jurnalistika
çox mühüm peşə, mətbuat çox mühüm sahədir. Bu mənim
fikrimdir və bu fikir heç
vaxt dəyişməyəcək”.
Ümummilli lider ilə ünsiyyətdə olmuş
agentliyin jurnalistlərinin
çoxu xatırlayır
ki, Heydər Əliyev onlara həmişə həssaslıqla
yanaşır, faydalı
məsləhətlər verir,
onunla söhbətlər
çoxları üçün
bir növ ustad dərslərinə çevrilirdi.
***
1980-ci illərin sonu – 1990-cı illərin əvvəli bütün Azərbaycan xalqı üçün çətin sınaqlar dövrü oldu. 1990-cı ilin Qanlı Yanvarından sonra yaşanan informasiya blokadasında o vaxtkı “Azərinform”un müxbirləri də ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində şəhərdə yapışdırır, sakinlər bu yolla həmin yenilikləri öyrənirdilər. Bu vərəqələr hərbi senzuradan gizli hazırlanır və axşam hava qaralanda paytaxtda yayılırdı. 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının dəfn mərasimində çəkilmiş “Milyon qəlbin göz yaşları” adlı fotoşəkil bütün dünyada məşhurlaşdı.
1992-ci il dekabrın 18-də, respublikanın dövlət müstəqilliyi elan ediləndən bir il sonra ölkəmizin əsas informasiya agentliyi öz tarixi adını qaytardı: Azərbaycan Teleqraf Agentliyi – AZƏRTAC. Sonrakı illər həm bizim gözümüzün qabağında keçib, həm də AZƏRTAC-ın xəbər salnaməsinə həkk olunub.
Mədəniyyət.- 2020.- 22 iyul.-
S.5.