“Kimlərə qaldı dünya”
Ömür vəfa etsəydi, bu günlər Məmmədbağır
Bağırzadə 70 yaşını qeyd
edəcəkdi
Haqq dünyasında olan ustad xanəndələr, görkəmli müğənnilər haqqında danışılanda çox vaxt bu sözlər deyilir: gedən nəfəs, qalan səsdir. Bu sırada Xalq artisti, muğamların, xalq və bəstəkar mahnılarının mahir ifaçısı, məlahətli səsə malik, eyni zamanda unudulmaz, həzin musiqilər müəllifi Məmmədbağır Bağırzadə də var. Ömür vəfa etsəydi, bu günlər 70 yaşını qeyd edəcəkdi.
Məmmədbağır Məmmədəli oğlu Bağırzadə 1950-ci il iyul ayının 21-də Bakının Nardaran kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1975-ci ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin (indiki Asəf Zeynallı adına Musiqi Kolleci) muğam şöbəsinə daxil olub, muğam sənətimizin bilicisi, ustad xanəndə Əlibaba Məmmədovun sinfində ifaçılıq sənətinin sirlərinə yiyələnib.
Musiqi məktəbini bitirdikdən sonra 1980-ci ildə Azərbaycan Dövlət Konsert Birliyinə (“Azkonsert”) dəvət olunub. Burada işlədiyi illərdə çoxsaylı qastrol səfərlərində olub, muğamımızın, xalq mahnılarının təbliğinə töhfələr verib. Həmçinin “Azkonsert” birliyində özünün rəhbərlik etdiyi “Dilkəş” ansamblını yaradıb. 1985-ci ildən müğənni Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin solisti olub.
1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) Mədəni-maarif fakültəsini də bitirən müğənni bir müddət A.Zeynallı adına Musiqi Kollecində xanəndə sinfində müəllim də işləyib.
Müğənninin repertuarında tanınmış bəstəkarlar Oqtay Kazımi, Nəriman Məmmədov, Tahir Əkbər və digərlərinin mahnıları da xüsusi yer alırdı. Müğənninin musiqisini özünün yazdığı mahnılar xüsusilə dillər əzbəri idi.
O, mahnılarında klassik, müasir şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Sənətkarın yaradıcılığında Novruz bayramı günlərində zövq aldığımız bir mahnının ayrıca yeri var. Sözləri Xalq şairi Sabir Rüstəmxanlıya aid olan “Süfrələrə şam düzün” mahnısı ilk dəfə ötən əsrin 80-ci illərinin əvvəlində “Dilkəş” instrumental ansamblının müşayiətində Məmmədbağır Bağırzadənin öz ifasında lentə alınıb. Azərbaycan Televiziyasının “Novruz şənliyi” verilişində səslənən mahnı ilk gündən musiqisevərlərin yaddaşına əbədi həkk olunub. Uzun illər keçsə də, indi də Novruz şənliklərində dönə-dönə səsləndirilir.
Sabir Rüstəmxanlı mahnının yaranma tarixçəsindən söz açarkən deyib: “1980-ci illərin əvvəlləri olardı. Bir gün Məmmədbağır Bağırzadə çalışdığım nəşriyyata gəldi və xahiş etdi ki, ona bir şeir verim. Dodaqaltı melodiyanı zümzümə də etdi. Görüşümüz Novruza təsadüf etdiyindən mən də bu sətirləri yazdım:
Süfrələrə şam düzün,
Qoy arzular çin olsun!
Şölə saçan alovun biri də mənim olsun!
Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir bəzəkli nəlbəkilər...
Beləcə, elə ilk ifadan bəyənilən və bu günə kimi müğənnilərin repertuarından düşməyən bu mahnı yarandı”.
Məmmədbağır Bağırzadə bu mahnını elə bənzərsiz ifa edib ki, digər musiqiçilər dəfələrlə onu səsləndirsələr də, mərhum sənətkarın ifasının yeri hər zaman görünür.
M.Bağırzadənin bəstələdiyi “Bahar gəlir”, “Bayram şamları” (hər ikisinin sözləri – Zivər Ağayeva), “Bayram günü” (sözləri – Ələmdar Mahir) mahnıları da Novruz günlərimizi xoş ovqata kökləyir. Bu mahnılar bu gün də neçə-neçə müğənninin repertuarını rəngarəng edir.
“Musiqisi Məmmədbağır Bağırzadənindir” – bu sözləri eşidən hər kəs istər-istəməz həzin bir əhval içində olar, yeni bir zəngulə, avaz üçün diqqət kəsilərdi. O, ümumilikdə 30-dək mahnı yazmışdı. “Darıxıram”, “Dözə bilmirəm”, “Güman yeri var”, “Qaldı dağlarda”, “Olmaz”, “Axtarır gözüm səni”, “Qəhrəmanlıq nəğməsi”, “Dindir məni”, “Ana dünyası” kimi nümunələr insanların ruhunu oxşayır.
“Kimlərə qaldı dünya” – bu da onun məşhur mahnılarından biridir. Hamı kimi o da bu həqiqətin fərqinə varır, onu da gözləyən sonluğa melodik dildə cavab verirdi. Sanki meydan oxuyurmuş kimi.
Məmmədbağır Bağırzadə bu fani dünyanı ömrünün 55-ci payızında (2005-ci ilin 30 oktyabrında) tərk etdi.
Gözəllik aşiqi olan,
onu layiqincə qiymətləndirməyi bacaran sənətkar sanki bu dünyadan doyub başqa bir dünyanın gözəlliklərinə valeh olmağa tələsirdi...
Mədəniyyət.- 2020.- 22 iyul.-
S.7.