Dünya şöhrətli müğənni soydaşımız Sami Yusufdan Azərbaycana dəstək

 

Böyük Britaniyada yaşayan dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf son günlər Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində cərəyan edən hadisələr, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatla başlanan döyüşlərdə azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olması və yaralanması ilə bağlı sosial şəbəkə hesabından paylaşımlar edərək tarixi Vətəninə dəstəyini ifadə edib.

 

“Mən yaralanmış və həlak olmuş Azərbaycan əsgərləri, hərbçiləri və sadə vətəndaşlarına görə dərin hüzn hissi keçirirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını dayandırmasını istəyirəm və təcili atəşkəs çağırışlarına mən də qoşuluram”, – deyə Sami Yusuf özününİnstagram” səhifəsində yazıb.

 

Müğənni Ermənistan tərəfdən Azərbaycanın Tovuz rayonuna hücumları zorakılıq kimi qiymətləndirib. Sami YusufNyu-York Tayms” qəzetinin saytından (nytimes.com) Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrlə bağlı xəbərdən də paylaşım edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni silahlı qüvvələri tərəfindən zəbt edildiyini və illərdir davam edən bu vəziyyətin insanların həyat işığının söndürülməsinə səbəb olduğunu vurğulayıb.

 

O, həmçinin bildirib ki, COVİD-19-la üz-üzə olduğumuz dövrdə Ermənistan öz simasını daha aydın göstərdi.

 

Qeyd edək ki, müğənni soydaşımız bir neçə gündür özününİnstagram” hesabında üzərində Azərbaycan bayraqları olan #QARABAĞAZƏRBAYCANDIR başlıqlı paylaşımlar edirbu onun çoxsaylı sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanır.

 

Sami Yusufun paylaşımlarına və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının dayandırılması barədə çağırışına müxtəlif ölkələrdən çoxlu sayda insanlar qoşularaq həmrəyliyini ifadə edib.

 

Yeri gəlmişkən, iyulun 21-i  Sami Yusufun doğum günüdür, sənətçinin 40 yaşı tamam olur.

 

Mədəniyyət Nazirliyi Azərbaycan mədəni dəyərlərinin, musiqimizin təbliğinə, eləcə də  Azərbaycanla bağlı həqiqətlərin dünyada yayılmasına töhfələrini əsirgəməyən vətənpərvər soydaşımızı doğum günü münasibətilə təbrik edir, ona həm sənət həyatında, həm də ölkəmizlə bağlı bu nəcib fəaliyyətində uğurlar arzulayır.

 

 

Mədəniyyət.- 2020.- 22 iyul.- S.4.