Sülh mədəniyyətinə dair Biennale

 

Beynəlxalq onlayn konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”ndən də bəhs olunub

 

UNESCO və Afrika İttifaqının birgə təşkilatçılığı ilə “Sülh mədəniyyətinə dair I Biennale” adlı onlayn konfrans keçirilib. Konfrans Beynəlxalq Afrika Gününə (25 may) həsr olunub.

 

Onlayn konfransda UNESCO-nun baş direktoru Odre Azule, qurumun Afrika prioritetixarici əlaqələr üzrə baş direktor müavini Firmin Eduard Matoko, Afrika ölkələrinə humanitar yardım etmiş ölkələrin daimi nümayəndəliklərinin rəhbərləri, o cümlədən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov, eləcə də Afrika ölkələrinin səfirləri iştirak ediblər.

 

Səfir Anar Kərimov Azərbaycanın “Sülh mədəniyyətinə dair I Biennale”yə dəstəyindən, davamlı sülhün dayanıqlı inkişafın əsas şərti olmasından, ölkəmizin Afrika ölkələri ilə tərəfdaşlıq qurmaq və əməkdaşlığı gücləndirmək strategiyalarından söz açıb.

 

A.Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün bəhrəsi olan, ötən müddətdə qlobal platformaya çevrilmiş və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqqında da bəhs edərək deyib: Biennalenin sülh mədəniyyəti mövzusu 12 il əvvəl başlamış “Bakı Prosesi” çərçivəsində müzakirə olunan məsələlərlə üst-üstə düşür. İki ildən bir Bakıda UNESCO-nun da dəstəyi ilə təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumunda eyni problemlər və imkanlar müzakirə olunur”.

 

UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri qurumun katibliyinə “Bakı Prosesini təqdim etmək və Luanda Biennalesi ilə “Bakı Prosesini əlaqələndirmək məqsədilə təşkil olunmuş xüsusi panelə görə təşəkkürünü bildirib və gələcəkdə ölkəmizin bu layihəyə dəstəyinin davam edəcəyini qeyd edib.

 

Onlayn konfransın digər iştirakçıları da fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, 1963-cü il mayın 25-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika ölkələrinin konfransında Afrika Birliyi Təşkilatı təsis olunub. 1972-ci ildə BMT Baş Assambleyasının müvafiq qətnaməsi əsasında Afrikanın müstəmləkədən qurtulmuş ölkələri ilə “Həmrəylik həftəsi” elan olunub. 1999-cu ildən isə 25 may BMT-nin tövsiyəsi ilə Afrika Günü kimi qeyd olunur.

 

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.1;3.