“Şərqin
ilk demokratik respublikası”
mövzusunda videokonfrans
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə mayın 28-də “Şərqin ilk demokratik respublikası” mövzusunda videokonfrans keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunub.
Videokonfransı giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu istiqamətində görülən işlər haqqında məlumat verib. Vurğulayıb ki, bu dövrdə ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirilib.
Sonra söz şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorlarına verilib.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirməsi, Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olması haqqında danışıb.
Gədəbəy Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov Azərbaycan Xalq Cümhuriyyəti zamanı mədəni quruculuq istiqamətində görülmüş işlərdən bəhs edib.
Cümhuriyyətin Gəncə dövrü haqqında Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova məlumat verərək, 1918-ci ildə Gəncənin tarixi adının özünə qaytarılması, ordu quruculuğu istiqamətində görülmüş işlər haqqında danışıb.
Videokonfransda Quba, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Qazax, Salyan, Şabran rayon Heydər Əliyev mərkəzlərinin direktorları da çıxış ediblər. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verməsi, müasir Azərbaycan dövlətinin Cümhuriyyətin varisi kimi hərtərəfli inkişafı barədə bəhs edilib.
Mədəniyyət.- 2020.- 3 iyun.-
S.6.