Əməyin ucaltdığı mətin bir obraz

     

 

Azərbaycan kinematoqrafının tarixi XIX əsrin sonlarında Bakıda baş verən neft bumu ilə başlanır. Bunu təsadüfən yada salmadım. Haqqında danışmaq istədiyim “Fədakar” bədii-sənədli filmi də Azərbaycanın neft tarixi ilə daha çox bağlıdır. Qeyd edim ki, ikihissəli film həlli bir qədər mürəkkəb olan formada ərsəyə gətirilib. Belə tip filmlərin çəkilməsi olduqca çətindir.

 

Reallığı olduğu kimi, bədii təxəyyülün yaradıcılıq elementlərini əlavə etmədən, aktyor ifası ilə canlandırıb təqdim etmək heç də həmişə uğurlu olmur. Lakin “Fədakar”da biz tamamilə ayrı bir real həqiqəti görürük. Burada real hadisələr bədii kinonun elementinə çevrilib tarixi həqiqət kimi yenidən tamaşaçıya qaytarılır və tamaşaçı da bunu böyük maraq hissi ilə qəbul edir və sevir. Filmin süjeti tamamilə real həyatdan gəlir və real qəhrəman filmin ona aid olan obrazlarının beşincisinin ifaçısıdır…

 

“Fədakar” 1930-cu ildə dünyaya göz açmış Azərbaycanın böyük ziyalısı, Azərbaycan neft tarixinin canlı əfsanəsi, Xəzər dənizindəki neft yataqlarının kəşfində böyük əmək sərf edən tanınmış alim, akademik Xoşbəxt Yusifzadənin həyat hekayələri əsasında lentə alınıb. Filmin ədəbi ssenarisi akademikin qələmə aldığı “Ömrümün illəri və izləri” adlı kitabının motivləri əsasında yazılıb.

 

Bir həqiqət var ki, kitabda verilən ümumi həyat hekayətlərindən seçilərək ssenariyə daxil edilən ən maraqlı epizodlar filmin olduqca təsirli alınmasını təmin etməklə yanaşı, tarixi xronologiyaya və hadisələrin ardıcıllığına xələl gətirmir… 1930-cu, 1940-cı illərin, Böyük Vətən müharibəsinin uşaqlarının uşaqlıq həyatını əllərindən alan hadisələrin balaca Xoşbəxtin timsalında təqdim edilməsi ümumən həmin dövrün acı taleli xatirələrini canlandırır. Repressiyalar, “xalq düşməni” tənəsi, müharibənin gətirdiyi bədbəxtliklər… Bir daha qeyd edim ki, bütün bunlar bədii vasitələrlə - aktyor oyunu ilə təqdim edilsə də, bədii təxəyyülün məhsulu deyil, öz zamanının diktə etdiyi real həyat hadisələridir…

 

Bir həqiqət də var ki, Xoşbəxt Yusifzadənin olduqca maraqlı həyat hekayələri sanki elə bədii kino üçün yazılan bir kinossenarini xatırladır… Biz filmdə 30-cu illərin sovet uşaqlarının həyat tərzini, Pirşağı kəndinin timsalında Azərbaycan kəndini, kənd sakinlərinin timsalında isə o dövrün insanlarını tanıyırıq və tarixdən oxuduqlarımızı real təsvirlərdə izləyirik.

 

Filmin qəhrəmanı olan Xoşbəxt obrazını biz beş ayrı-ayrı aktyorun ifasında görürük. Bu həm də beş dövrün ayrı-ayrı obrazıdır. Bu obrazları beş müxtəlif dövrdə yaşayan isə bir nəfərdir: əsərin baş qəhrəmanı. Oğluna Xoşbəxt adı verən ata, o, beş yaşına çatanda həbs olunaraq repressiyaya məruz qalır.  Məktəbli Xoşbəxt isə komsomol sıralarına bir il də tez keçmək üçün xırda bir yanlışa yol verir, yaşını bilərəkdən bir il böyüdür… Bu, onun müharibə dövründə ilk fədakarlığı hesab olunur və məktəb komsomol komitəsi ona həvalə olunur…

 

Onun anasının obrazında fədakar bir ananın, mübariz bir qadının mücadiləsinin şahidi oluruq… Elmə olan qeyri-adi həvəsi Xoşbəxti kilometrlərlə uzaq qonşu kənd məktəbinə aparır və o, hər gün bu uzaq yolu pay-piyada gedib-gəlir… Hər bir kəsin uşaqlıq həvəslərini-şeir yazmaq, musiqi ifa etmək kimi ülvi və kövrək hissləri filmin qəhrəmanı da yaşayır, amma qeyri-adi… Xoşbəxti müharibənin çətinliklərinə baxmayaraq kənd klubunda tamaşalar qoyan rejissor və baş rolların ifaçısı olan aktyor kimi görürük… Və bu tamaşalar müharibənin ağırlığından qəddi əyilən, ovqatı kədərdən açılmayan kənd camaatına bir təskinlik verir… Qəm insanı birləşdirir, deyirlər. Filmdə qəmin, kədərin hakim olduğu müharibə illərində kənd adamlarının necə doğma olduğunu görürük…

 

Və ən nəhayət, qəhrəmanımızın tələbəlik illərinin maraqlı hadisələri tamaşaçını çox da uzaq olmayan bir keçmişə aparır. Xoşbəxtin sevgisi də qeyri-adidir. Ülvi, təmiz və dönməz. İlk və son məhəbbət… Filmin qeyri-adiliyi həm də ondadır ki, obrazları canlandıran aktyorlardan sonra hadisələrin iştirakçıları olan qəhrəmanların əksəriyyətinin özünü də görürük. Film boyu hər an biz halal zəhmətin təntənəsinin şahidi oluruq.  Zəhmətin ucaltdığı zirvələrin fatehləri bizə həqiqətin heç də hamar olmayan yollarını göstərirlər…

 

“Fədakar”ın sonrakı kadrlarında Xoşbəxt Yusifzadənin Azərbaycan neft sənayesində fəaliyyəti nümayiş etdirilir. Burada artıq filmin baş qəhrəmanı öz beşinci obrazını ifa edir. Bu, akademik Xoşbəxt Yusifzadənin özüdür. Burada biz Azərbaycan neft sənayesinin 1950-ci illərin əvvələrindən bu günümüzə qədərki tarixi dövrünü görürük. Dəniz neftçilərinin qarşılaşdıqları çətinlikləri, neftçi fədakarlığını reallıqları ilə əks etdirən film həm də tarixi epopeya təsiri bağışlayır.

 

 Azərbaycan iqtisadiyyatının mənbəyini təşkil edən, inkişafımızı təmin edən neft sənayemizin tarixini bilmək vətəndaş olaraq hər birimizin borcu və haqqıdır. Bu mənada “Fədakar”ın öz üzərinə götürdüyü missiya alqışlara layiqdir. Qəhrəman neftçinin fəaliyyəti boyu üzləşdiyi çətinliklər öz yerində, onun maraqlı insanlarla, rəsmi şəxslərlə görüşləri də neft tarixinin maraqlı hadisələridir. Filmdə keçmiş SSRİ rəhbəri Xruşşovun, o vaxt ölkəyə səfər edən xarici qonaqların Neft Daşlarına gəlişi, dövlət rəsmiləri ilə görüşlər də təqdim olunur. Lakin bu, sıradan olan adi təqdimat deyil. Burada Xoşbəxt Yusifzadənin əsl Azərbaycan kişisinə məxsus cəsarətli hərəkətlərini, Şərq müdriki Molla Nəsrəddinin lətifələrindən məharətlə istifadəsini və öz fikrini yumorla ifadə etməsini görürük.

 

Beləliklə, fədakar qəhrəmanın yurduna, elinə necə möhkəm tellərlə bağlı olduğunun şahidi oluruq. Bu bağlılığı filmin digər bir epizodunda da görmək olar. Moskvada yüksək ali vəzifəyə dəvət alan Xoşbəxt Yusifzadə, o zamankı Azərbaycan rəhbəri Vəli Axundovun təkidinə baxmayaraq, Bakıdan başqa heç yerə gedə bilməyəcəyini deyir və həmin vəzifədən imtina edir.

 

Ümummilli lider Heydər Əliyevin neftçi əməyinə verdiyi qiymət, neft sənayesinin inkişafı üçün gördüyü işlər, eləcə də təcrübəli geoloq Xoşbəxt Yusifzadə haqqında dediyi fikirlər  filmin ən yaddaqalan epizodlarıdır. Qeyd edilən hissələrin filmdə özünəməxsus şəkildə təqdimatı fərqli və maraqlıdır. Ulu öndərin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevlə akademik Xoşbəxt Yusifzadənin görüşləri də filmin yerində verilən, hadisələrin dinamik inkişafını uğurlu kulminasiyaya aparan ən maraqlı məqamlarını təşkil edir. Ölkə başçısının rəhbərliyi ilə yaradılan müasir Azərbaycan neft sənayesinin möhtəşəm mənzərəsi canlanır göz önündə…

 

Film Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi ilə istehsal edilib. Ekran əsərinin uğurlu alınmasında, heç şübhəsiz ki, baş məsləhətçi, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun da böyük əməyi olub. Obrazların ifaçıları, aktyor heyəti çox ustalıqla  seçilib. Filmin yaradıcıları bədii səhnələri real həyatla üzvi surətdə, ustalıqla bağlaya biliblər. Bu xüsusda xalq artistləri Rasim Balayevin, Səidə Quliyevanın, mərhum İlham Əsgərovun, Şamil Süleymanovun, əməkdar artistlər Azad Şükürovun, Fərhad İsrafilovun, Əlican Əzizovun, Əliqulu Səmədovun, Namis Şirməmmədovun, Mirzə Ağazadənin, aktyorlar Hikmət Rəhimovun, Günəş Mehdiyevanın, Könül Şahbazovanın, Rauf Hüseynovun, Elmar Qarayevin və başqalarının peşəkar ifalarını qeyd etməliyik.

 

“Fədakar” filmində biz əməyin ucaltdığı bir mətin obraz görürük. Elə bir obraz  ki, onun həyatı tariximizin bir hissəsini təşkil edir. Elə bir obraz ki, onun həyat fəlsəfəsi zəhmətdən güc-qüvvət alıb. O, “Sən zəhmət çəkməkdən qorxma, zəhmət heç vaxt yerdə qalmaz. Əgər sən zəhmət çəksən, o səni mütləq ucaldacaqdır” deyən böyük bir inamın daşıyıcısı olan obrazdır. O, bunu öz zəhməti ilə həyata keçirmiş obrazın özüdür. Film gələcək nəsillər üçün əsl örnək mənbəyi, həyat məktəbidir. Bu mənada  Fədakar” filmi insanları yaxşı əməllərə səsləmək, doğru istiqamətə yönəltmək məqsədini uğurla yerinə yetirib. Filmin yüksək peşəkarlıqla işlənmiş ədəbi ssenarisini rejissorun uğurlu quruluşu və operatorun peşəkarlığı tamamlayır.

 

Filmin bədii rəhbəri, tanınmış ssenarist Eldar İskəndərzadənin qələmindən çıxan növbəti uğurlu ədəbi ssenarinin əsasında Əməkdar mədəniyyət işçisi, peşəkar kinorejissor Vasif Məmmədzadənin, Əməkdar incəsənət xadimi, Azərbaycan kinosunda peşəkarlığı ilə böyük uğurlara imza atan kinooperator Rafiq Quliyevin uğurlu işbirliyi sayəsində ərsəyə gələn “Fədakar” Azərbaycan kinematoqrafının növbəti sanballı uğurlarından biridir.

 

Məhz bu vəhdətin nəticəsidir ki, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2020-ci ilin Dövlət Mükafatlarına təqdim olunan layiqli bir ekran əsəri yaranıb. “Fədakar” Azərbaycan mədəniyyəti, kinosu üçün ən gözəl töhfələrdən biridir.

 

Aydın  KAZIMZADƏ

Əməkdar incəsənət xadimi, kinoşünas

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.5.