“Xəzərin dalğaları” akvarel əsərlərində
Bakı Beynəlxalq sulu
boya festivalının seçim
turu başa
çatıb
Xəbər verdiyimiz kimi, mart ayında Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalında iştirak üçün müsabiqə elan olunmuşdu.
Müsabiqə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib.
28 May – Respublika Gününə həsr edilən festivala dünyanın 20-dən çox ölkəsindən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq nümünələri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri festivalda sərgilənmək üçün seçilib.
Əl işləri münsiflər
heyətinin üzvləri – Atanur Doğan (Kanada), İlya İbrayev (Rusiya), Nader Mohazabnia (İran), İqor Yurçenko (Ukrayna), Sübhan Məmmədov,
Cəlal Ağayev, Xasay
Mirzəyev, Səbinə İskəndərova (Azərbaycan) tərəfindən
dəyərləndirilib və mükafatçılar müəyyən
olunub.
Mədəniyyət.- 2020.- 3 iyun.-
S.7.