Azərbaycanlı cazmenin ABŞ-dan virtual konserti
ABŞ-da fəaliyyət
göstərən Azərbaycan-Amerika
Musiqi Fondunun (AAMF) təşəbbüsü və
təşkilatçılığı ilə tanınmış pianoçu Emil Əfrasiyab
və müğənni
Leyla Babayeva-Əfrasiyabın
iştirakı ilə
“Emil ilə nahar” adlı virtual caz konsert proqramı keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin
102-ci ildönümü ilə
əlaqədar təşkil
olunan konsertdə Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjimanları
və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycanın görkəmli
bəstəkarlarının əsərləri səsləndirilib.
Virtual konsertdə Leyla
Babayeva-Əfrasiyabın ifasında
İbrahim Topçubaşovun
“Nə bəxtiyardır”,
Tofiq Quliyevin “Yol ayrıcında” və “Tez gəl”
kimi məşhur Azərbaycan mahnıları
səslənib. Emil Əfrasiyab
konsert proqramını
“İki dünya” adlı orijinal kompozisiyası ilə başlayaraq Vaqif Mustafazadənin məşhur
“Əzizə” əsəri
ilə yekunlaşdırıb.
Emil Əfrasiyab hazırda
dünyanın ən məşhur musiqi kolleclərindən birində,
ABŞ-ın Boston şəhərindəki
(Massaçusets ştatı)
Berkli Kollecində təhsilini davam etdirir. İfaçı peşəkarlar arasında
texniki cəhətdən
bacarıqlı və
intuitiv çıxışları
ilə tanınır.
O həm də bəstəkar və aranjimançı kimi fəaliyyət göstərir.
Virtual konsert yayımına Azərbaycanın ABŞ-dakı
səfiri Elin Süleymanov və azərbaycanlı icmasının
üzvləri, həmçinin
Diasporla İş üzrə Dövlət Komitəsinin aparıcı
məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva, Xalq artisti Ənvər
Sadıqov və digər qonaqlar qoşulublar.
Cəmilə Cavadova-Spitsberqin rəhbərlik
etdiyi AAMF Azərbaycan
musiqisini ABŞ-da tanıtmaqla məşğuldur.
Qurumun son
layihələrindən biri 2020-ci ilin aprelində elan olunan görkəmli Azərbaycan bəstəkarı
Asəf Zeynallının “Muğam üslubunda fantaziya”sının ən
yaxşı ifası üçün virtual müsabiqədir. Müsabiqənin
münsifləri Culia
Buşkova (ABŞ) və Zəhra
Quliyevadır (Azərbaycan). Nəticələr avqustda elan ediləcək.
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.3.