“Unudulmayanlar”da növbəti mühazirələr
Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində keçirilən növbəti onlayn mühazirə Xalq artisti, unudulmaz xanəndə Hacıbaba Hüseynova həsr olunub.
Musiqişünas, professor Nailə Rəhimbəyli izləyicilərə sənətkar haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun özünəməxsus yeri var. Hacıbaba Hüseynov 1919-cu il martın 15-də Bakıda anadan olub. Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun qramvalını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayıb.
Qeyd olunub ki, Hacıbaba Hüseynov güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlayıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib.
Səhnə fəaliyyəti ilə yanaşı, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllim kimi çalışan Hacıbaba Hüseynov Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirib. 1993-cü ildə dünyasını dəyişib.
2019-cu ildə xanəndənin 100 illik yubileyi Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilib.
“Unudulmayanlar” layihəsində daha bir onlayn mühazirədə Xalq artisti, muğam operalarında baş rolların mahir ifaçısı Əlövsət Sadıqov haqqında bəhs edilib.
Professor Nailə Rəhimbəyli sənətkar haqqında danışarkən diqqətə çatdırıb ki, öz dəst-xətti olan, ecazkar səsə malik Əlövsət Sadıqov Azərbaycan opera sənətində də xüsusi yer tutur. O, “Koroğlu”da Eyvaz, “Leyli və Məcnun”da Məcnun, eləcə də Aşıq Qərib, Şah İsmayıl obrazlarını böyük ustalıqla oynayıb.
Üzeyir bəyin klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında mühüm yer tutub. Unudulmaz opera ifaçısı, müğənni Əlövsət Sadıqovdan xoş xatirələrlə bərabər, həm də oxuduğu xalq mahnılarının, muğamların radio lent yazıları yadigar qalıb. Ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışan Əlövsət Sadıqov 17 noyabr 1970-ci ildə vəfat edib.
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.5.