“Məndən ötdü, mənə heçolmaz” anlayışı ilə yaşamaq olmaz

 

 

Bu, bir qlobal fəlakətdir, təkcə Azərbaycanla bağlı deyil. Bütün dünya bu xəstəliyin əlində çarpışır. Hazırkı dövrdə hər xalq, hər ölkə özünü öz bildiyi şəkildə müdafiə etməyə çalışır. O ölkələr ki, əvvəl bu məsələlərə saymazyana yanaşdılar, durumları göz qabağındadır, ən çox insan itkisinə, ən çox yoluxmaya məruz qalan da həmin ölkələrdir.

 

Bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı deyib (APA).

 

Xalq artisti vurğulayıb ki, dövlət rəhbərinin, müvafiq strukturların vəziyyəti ələ alıb işi düzgün qurması nəticəsində Azərbaycan ən az itkiyə məruz qalan və ən az yoluxmanın olduğu ölkələrdəndir: “Biz bunu qoruyub saxlamalıyıq. “Məndən ötdü, mənə heçolmaz” anlayışı ilə yanaşmaq özünə də xəyanətdir, ailəsinə də, sevdiklərinə də, millətinə də, dövlətinə də.

 

Bunun başqa adı yoxdur. Böyük şairimiz Məmməd Arazın dediyi söz var: “Məndən ötdü, qardaşıma dəydi”. Qardaş, bu gün xəstəlik səndən ötür, amma qardaşına dəyə bilir. Bəs nə edək? Qayda-qanunlarla yaşamağı öyrənək, nizam-intizamlı olmağa çalışaq. Bu həm də hər xalqın, hər millətin imtahanıdır ki, yaşamaq haqqı var, ya yox. Hər xalq öz yaşamaq haqqını özü qazanır. Ona görə də gəlin, ailəmizə, qonum-qonşumuza, sevdiyimiz insanlara və millətimizin nümayəndələrinə münasibətdə bir az vicdanlı, əxlaqlı olaq ki, bir-birimizi qoruyaq. Evdə qalmaq lazımdırsa, evdə qalmalıyıq. Xəstəlikdən ancaq qorunaraq xilas olunur. Ona görə də bu gün bir-birimizi qoruyaq ki, Azərbaycanımızı qoruyaq, bir-birimizi qoruyaq ki, millətimizi, dövlətimizi qoruyaq. Gəlin, bir-birimizi sevərək yaşatmağı və yaşamağı bacaraq”.

 

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.2.