Azərbaycanda balet dünən
və bu gün
Balet tamaşaçının
duyğularına birbaşa
təsir edə bilən sintetik sənət növüdür. Böyük təkamül
və inkişaf yolu keçən balet sənəti olduqca çətin, incə, zərif hərəkətlər, plastika
tələb edən bir sənətdir. Baletdə hadisələri musiqinin müşayiəti ilə
sözlər deyil, hərəkətlər, jestlər,
rəqs elementləri deyir. İdeya, bədii fikir,
hadisə rəqslə
ifadə edilir.
Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin
“Qız qalası” baletinin səhnələşdirildiyi
tarixdən hesablansa da, əslində onun mədəni mühitimizdə ilk təzahürü
XX əsrin əvvəllərindən
özünü göstərirdi. 1920-ci ildə Üzeyir Hacıbəylinin yaratdığı
“Dağıstan” xoreoqrafik
miniatürü, Müslüm
Maqomayevin yarımçıq
qalan “Dəli Muxtar” baleti buna bariz nümunədir.
Azərbaycan musiqisində köklü dönüş yaratmış
dünya şöhrətli
bəstəkar, müasir
peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin
1937-ci ildə tamaşaya
qoyulan “Koroğlu” operasında müşahidə
olunan rəqs səhnələri milli balet janrının yaranmasını daha da sürətləndirir. Əfrasiyab Bədəlbəylinin
Qəmər Almaszadənin
şərəfinə yazdığı
“Qız qalası” baleti sonralar yeni balet nümunələrinin
yaranmasına yol açır. Bu dövrdə
teatrda klassik rus və Avropa
balet nümunələri
olan “Sonalar gölü” (Pyotr Çaykovski), “Don Kixot” (Lüdviq Minkus), “Baxçasaray fontanı”
(Boris Asafyev), “Esmeralda” (Sezar
Puni), “Qırmızı
lalə” (Reynqold Qliyer) və s. kimi əsərlər tamaşaya qoyulurdu.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının səhnəsində
Ə.Bədəlbəylinin “Qız qala”sından sonra 1950-ci ildə tamaşaya qoyulan ikinci milli əsər
– Soltan Hacıbəyovun
“Gülşən” baleti
olur. Bu əsər
də Azərbaycanda balet incəsənətinin
formalaşmasında mühüm
rol oynayır.
Növbəti illərdə Qara Qarayevin “Yeddi gözəl” baleti ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının
əsası qoyulur. Qara Qarayevin
bu və “İldırımlı yollarla”
balet əsəri Azərbaycan teatr sənətinin dünya şöhrəti qazanmasında
böyük rol oynayır. Görkəmli bəstəkarın Piter Abrahamsın romanının motivləri
əsasında yazdığı
balet tamaşasındakı
hadisələr Afrika xalqlarının azadlıq
uğrunda mübarizəsini
əks etdirir. “İldırımlı yollarla”
əsərinin məzmununun
ana xəttini – ağ irqə
məxsus olan Sari adlı qızın qaradərili Lenni adlı oğlanla qarşılıqlı ülvi
məhəbbəti təşkil
edir. İrqçiliyin toxunulmaz qanunlarını
pozmuş Lenni yerli camaatın və fermerlərin qəzəbinə gəlir.
Yeni il
gecəsi Sari evdən
baş götürüb
qaçmağa məcbur
olur. Qəddarlaşmış təqibçilər hər iki gənci
tutub amansızcasına
qətlə yetirirlər.
Baletdə bəstəkarın Cənubi Afrika musiqi folklorundan böyük məharət
və sənətkarlıqla
istifadə etməsi diqqəti cəlb edir.
Sonralar teatrın repertuarı “Məhəbbət əfsanəsi”
(Arif Məlikov), ”Qaraca qız”
(Əşrəf Abbasov;
uşaqlar üçün
yazılmış ilk böyük
səhnə əsəri),
“Min bir gecə” (Fikrət Əmirov), “Babək” (Aqşin Əlizadə), “Ağ və qara” (Xəyyam Mirzəzadə),
“Eşq və ölüm” (Polad Bülbüloğlu) və
s. baletlərlə daha
da zənginləşir.
Qeyd etmək
lazımdır ki, Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baleti nəinki Azərbaycanın, eləcə
də dünyanın bir çox ölkələrinin opera və
balet teatrlarının
repertuarında bu günə qədər öz aktuallığını
qoruyub saxlamışdır. Baletin librettosu
Nazim Hikmətə məxsusdur. N.Hikmət əsəri
yazarkən məşhur
“Fərhad və Şirin” haqqında rəvayətin ona daha yaxın olan türk variantından istifadə etmişdir. Pyes rus dilində
1952-ci ildə “Novıy
mir” jurnalında dərc olunduqdan sonra çox tezliklə teatr ictimaiyyətinin nəzər-diqqətini
cəlb edir və bir neçə
ildən sonra gənc bəstəkar Arif Məlikov bu pyes əsasında
balet tamaşası yaratmaq qərarına gəlir.
1970-ci illərin ən
uğurlu səhnə
əsəri isə Fikrət Əmirovun yazdığı “Min bir gecə” baletidir.
Azərbaycan səhnəsində yer
almış “Ölümdən
güclü” (A.Məlikov),
“Xəzər balladası”
(T.Bakıxanov), “Şur”
(F.Əmirov), “Leyli və Məcnun” (Q. Qarayev), “Yallı” (R.Hacıyev, xoreoqrafik miniatür), “Yer üzündə iki nəfər” (A.Məlikov),
“Muğam” (N.Əliverdibəyov
– Mirzə Şəfi
Vazehin şeir və qəzəlləri əsasında), “Çitra”
(Niyazi), “Azərbaycan süitası” (R.Hacıyev),
“Əlibaba və qırx quldur” (A.Məlikov), “Nəsimi dastanı” (F.Əmirov), “Kosa-kosa” (R.Həsənova
– balet-pantomima), “Xəzəri
fəth edənlər”
(F.Əmirov – Xəzər
neftçilərinin əməyinə
həsr olunmuş xoreoqrafik poema), “Humay” (N.Məmmədov – Səməd Vurğunun “Komsomol poeması” əsasında), “İki ürək dastanı” (A.Məlikov), “Nizami” (F.Əmirov), “Şərq poeması” (T.Bakıxanov, R.Əhmədov – Sergey Yeseninin
əsəri əsasında),
“Xeyir və Şər” (T.Bakıxanov
– uşaq baleti), “Boş beşik” (F.Əlizadə), “Don Kixot”
(Q.Qarayev), “Yusif və Züleyxa” (A.Məlikov), “Qafqaza səyahət” (A.Əlizadə),
“Rast” (Niyazi – ilk muğam-balet), “Qarabağ harayı” (T.Bakıxanov),
“Ümid valsı” (A.Əlizadə), “Sehrli
alma” (O.Zülfüqarov – uşaq
baleti), “Sayalı” (E.Dadaşova – Novruz bayramında təbiətin
oyanması), “Şeyx Sənan” (N.Məmmədov),
“Cavad xan” (S.Fərəcov – Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr olunub) balet tamaşaları özünəməxsus yer
tutur.
Balet mürəkkəb
janr olduğu kimi, həm də ecazkar qüvvəyə malikdir. Məhz balet
janrında musiqi və hərəkət vasitəsilə emosional təcrübənin ən
mürəkkəb çalarlarını
çatdırmaq mümkündür.
Dövr,
nəsil dəyişikliyinə
baxmayaraq, bu janrda yazılmış əsərlər heç
zaman öz aktuallığını və
təravətini itirmir.
Keçmiş SSRİ-də Azərbaycan
bəstəkarları tərəfindən
yazılmış balet
əsərləri hər
zaman yüksək dəyərləndirilmiş və
balet sahəsində Azərbaycan həmişə
ön sıralarda olmuşdur.
Azərbaycanda xoreoqrafiya təhsil
sisteminin yarandığı
və inkişaf etdirildiyi tarixdən etibarən peşəkar kadrların Bakı Xoreoqrafiya Məktəbinə
cəlb olunması və Rusiyadan bir sıra mütəxəssislərin
pedaqoji kollektivə dəvət edilməsi nəticəsində respublikamızda
xoreoqrafiya tədrisi prosesi daha da
təkmilləşmiş, balet
səhnəsi üçün
kamil mütəxəssislərin
hazırlanması sistemi
formalaşmışdır. Təhsil sahəsində gedən inkişaf prosesi milli kadrların yetişməsinə geniş
zəmin yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin
30 aprel 2014-cü il tarixli sərəncamına əsasən,
Bakı Xoreoqrafiya Məktəbinin bazasında
Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil
kompleksi yaradılmışdır.
Mədəniyyət Nazirliyi
nəzdində fəaliyyət
göstərən Bakı
Xoreoqrafiya Akademiyası
hazırkı gündə
Azərbaycanda xoreoqrafiyanın
müxtəlif sahələri
üzrə peşəkar
mütəxəssislər yetişdirən
yeganə aparıcı
ali təhsil
ocağıdır. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin sərəncamı
ilə Əməkdar
elm xadimi, professor Timuçin
Əfəndiyevin rektor
vəzifəsinə təyin
edilməsi ilə akademiya öz inkişaf yoluna qədəm qoymuşdur.
BXA ümumi (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas (kollec) və ali
təhsil (bakalavriat, magistratura, doktorantura səviyyələri) pillələri
üzrə təhsil proqramlarını həyata
keçirən respublikada
yeganə çoxpilləli
təhsil kompleksidir. Akademiyanın ən böyük uğurlarından
biri xoreoqrafiya sənəti tarixində
ilk dəfə Qəmər
Almaszadə adına
Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqənin təsis edilməsidir. Müxtəlif ölkə nümayəndələrinin
iştirak etdiyi və xalqlar arasında dostluğun daha da möhkəmlənməsinə
xidmət edən bu müsabiqə iki ildən bir keçirilir. Akademiya 2016 və 2018-ci illərdə
dünyanın 12 ölkəsindən
324 nümayəndənin iştirakı
ilə müsabiqəni
müvəffəqiyyətlə keçirməyə nail olmuşdur.
Şərq aləmində və MDB məkanında ilk və yeganə çoxpilləli təhsil ocağı olan Bakı Xoreoqrafiya Akademiyasının hər bir yetirməsi bununla böyük fəxr hissi duyur. Professor Timuçin Əfəndiyevin Azərbaycanda xoreoqrafiya təhsilinin 90 illik tarixi və Bakı Xoreoqrafiya Akademiyasının 5 illik fəaliyyətinə həsr olunmuş “Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başlanan yol” kitabı milli rəqs sənətinin və ümumilikdə respublikamızda xoreoqrafiya təhsilinin formalaşması və inkişaf yolunu əks etdirən, Azərbaycan balet və rəqs ustalarının keçdiyi həyat və yaradıcılıq yolu haqqında zəngin materialları özündə ehtiva edən fundamental elmi əsərdir.
COVİD-19 pandemiyasının ölkə ərazisində geniş vüsət almasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində Bakı Xoreoqrafiya Akademiyası da tədris prosesini distant formada təşkil etmişdir. Bütün təhsil pillələri üzrə nəzəri fənlərin mühazirələri və ixtisas fənlərinə dair videodərslər “Facebook”, “Skype”, “Whatsapp”, “Zoom” proqramları vasitəsilə onlayn şəkildə həyata keçirilir.
Bu günədək BXA-nın 700-dən artıq şagird və tələbəsi heyəti ümumi fənlərlə yanaşı baletmeyster sənəti, xalq çalğı alətləri ifaçılığı, teatrşünaslıq, xoreoqrafiya sənəti, musiqi müəllimliyi, rəqs müəllimliyi, menecment, sənətşünaslıq və s. ixtisaslar üzrə keçirilən fənləri nəzəri və təcrübi baxımdan onlayn şəkildə sərgilənən dərslərin köməyilə mənimsəyiblər. Professor-müəllim heyəti, balet və rəqs ustaları, musiqiçi, rəssam, bəstəkar və baletmeysterlərlə yanaşı doktorant və dissertantlarının elmi-yaradıcılıq fəaliyyətini əks etdirən materiallar aprel ayından start verilən “Biz varıq və biz birlikdəyik” layihəsi çərçivəsində akademiyanın rəsmi “Facebook” səhifəsində işıqlandırılır.
Vəfa GÖVHƏR
Bakı Xoreoqrafiya
Akademiyasının mətbuat katibi
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.6.