Tanınmış muzey
təşkilatçısının fəaliyyəti fotosənədlərdə
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) ilk arxeoloqlarımızdan biri, tanınmış muzey təşkilatçısı, pedaqoq, coğrafiyaşünas Davud bəy Şərifova aid fotoşəkillər qorunur.
Muzeydən bildirilib ki, Davud bəy Şərifov 1920-ci il 28 aprel işğalından sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə başlayır. 1922-ci ildə Azərbaycan Dövlət Muzeyinə (indiki MATM) işə qəbul olunur. 1923-cü ildə D.Şərifov muzeyin direktoru təyin edilir. Onun təşkilatçılığı ilə Tiflis, Moskva və Sankt-Peterburq muzeylərinin fondlarından Azərbaycanın tarix və mədəniyyətinə aid müxtəlif bədii sənət nümunələri, eksponatlar muzeyə gətirilir. O, yeni ekspozisiya zallarının açılması, xüsusilə muzey işi, o cümlədən diyarşünaslıq profilli muzeylərin yaradılması istiqamətində iş aparır. Arxeoloji tədqiqatlarda da yaxından iştirak edən D.Şərifovun apardığı axtarışların nəticəsi olaraq onun “Yaloylutəpədə qazıntılar” monoqrafiyası işıq üzü görür. Alimin başçılıq etdiyi ekspedisiyalarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutur.
D.Şərifovun əhəmiyyətli axtarışları və əldə etdiyi nailiyyətlər antimilli düşüncəli insanların narahatlığına səbəb olur və o, 1928-ci ildə muzeyin direktorluğundan uzaqlaşdırılır, arxeoloji araşdırmalara buraxılmır. D.Şərifov çox sevdiyi işindən uzaq düşsə də, alim və pedaqoq kimi fəaliyyətini davam etdirir, 1950-ci ildə coğrafiya sahəsində namizədlik dissertasiyası müdafiə edir.
D.Şərifov 1952-ci ildə vəfat edib. Onun xatirəsi vaxtilə
direktoru olduğu muzeydə hər zaman ehtiramla yad edilir. 2017-ci ildə muzey
tərəfindən “Davud
bəy Şərifov”
kitab-albomu nəşr
olunub. D.Şərifovun 130 illiyinə həsr
olunmuş kitab-albomda onun həyat və fəaliyyəti haqda fotoşəkillər
də verilib, arxiv sənədlərindən
istifadə edilib.
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.6.